“Bazarlarda xərçəng yaradan kartof satılır” – Ekspertdən həyəcan siqnalı
Mətbuatda ölkəyə gətirilən texniki və yemlik sort kartofun istehlak bazarına çıxarıldığı barədə məlumatlar yayılıb.
Bildirilir ki, spirt, kraxmal, plastmas istehsalında, heyvandarlıqda şirəli yem kimi istifadəsi nəzərdə tutulan bu məhsullar əhaliyə ərzaq kartofu adı altında təqdim olunur. Bundan əlavə, insan orqanizmi üçün təhlükə mənbəyi olan bu kartoflar əhaliyə həddən artıq baha qiymətə satılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda satışa çıxarılan istənilən məhsulun sertifikatı olmalıdır: “İstənilən satışa çıxarılan məhsulun təhlükəsizlik və gigiyenik sertifikatları olmalıdır. Satıcı isə bunu alıcıya göstərməyə borcludur. Vətəndaşlar bilməlidir ki, sertifikatı olmayan məhsulu almaq olmaz. Əgər doğrudan da heyvanlar üçün istehsal olunan kartofların Azərbaycanda satışı faktı varsa, bu, arzuolunan deyil. Onun standratlarında mütləq fərq var. Belə ki, həmin kartofların tərkibində kimyəvi maddələr çoxluq təşkil edir”.
E.Hüseynovun sözlərinə görə, bu cür məhsulun Azərbaycanda satışı hökumətin istehlak siyasətinin zəif olmasıdır: “Ekspertizalar normal aparılmır. Buna görə də prezident yanvarın 10-da ictimai-nəzarətin olmamasını dilə gətirdi və çağırış etdi ki, bütün məsələlərə ictimai nəzarət olmalıdır.”
E.Hüseynovun fikrincə, bu kartoflar insanlarda ciddi mədə-bağırsaq, xərçəng yaradır və maddələr mübadiləsini pozur.