Rəsul Quliyevin şiddətli “xəstəliyi”

0
6

Rəsul Quliyevin şiddətli “xəstəliyi”

Əsas əlamətləri xəyanət, satqınlıq və qorxaqlıq…

Əvvəllər hörmətim olub Rəsul Quliyevə. Səbəbi yalnız onu yaxından tanımamağım imiş. Belə ki, bu bədbəxt hər dəfə danışdıqca şəxsən məndə ikrah hissi oyadır.
Bəzən qəhrəmanlıqdan dəm vurur, bizim başabəla, mühacirətdə ola-ola, partiyaları bir-bir sıralayıb gəzən “siyasətçi”miz. Özü isə dəfələrlə qayıdıram deyə, şoular düzənləsə də, qorxudan Azərbaycanın həndəvərində dolaşa bilməyib. Əksinə, bu cür şouların nəticəsi olaraq bəzi diletantları qanunsuzluğa dəvət etməsi, onların uzun müddətli həbsxana həyatı yaşamaları ilə sonuclanıb. Odur ki, hər gün Allaha dua edirəm ki, Yaradanımız daha heç kimi Rəsul Quliyevin səviyyəsinə endirməsin, yoxsa millətimiz yenidən acılar yaşamalı olar.
Keçmiş kommunist, əski YAP-çı, çağdaş ADP-çi, fidan ACP-çi, belə getsə üzü neçə-neçə üzlər görəcək fərari Rəsul bu günlərdə utanıb-qızarmadan Ukrayna siyasətçilərinə nəsihət verməyə girişib. Bədbəxtin iştəhası pis deyil. O da Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili kimi Ukraynaya dəvət olunub, ən azı Poroşenkoya müşavir olmağı arzulayırmış. Eşitdiyimə görə Poroşenko Rəsula “özümüzün kifayət qədər alkoqolikimiz var” mesajını göndərib.
Qeyd etdim ki, Rəsul fərari həyatı yaşadığı illər ərzində neçə-neçə Azərbaycan övladının həbsxanalara ezamını təşkil edə bilib. “Ezamiyyət” həyatı yaşayanlar Rəsulun kimliyini, sözün əsil mənasında isə şəxsiyyətsizliyini anlaya biliblər. Hər gün ABŞ-ın bar və restoranlarında əyyaş həyat tərzi keçirən Rəsul bircə dəfə olsun bədbəxt günə saldıqları barədə düşünməyə zaman ayırmaq istəməyib.
Bu yaxınlarda 60 yaşını qeyd edən ADP sədri Sərdar Cəlaloğlunun Rəsul üçün nələr etdiyinin dəfələrlə şahidi olmuşuq. Rəsul ABŞ-da və yaxud Londonda viski içib xumarlananda, Sərdar bəy başına dəyən “dubinka”lardan “məst” olurdu. Nəticə bəllidir, Rəsulun “yolu”nda ölümə belə hazır olduğunu dəfələrlə bəyan etmiş Sərdar bəy elə həmin Rəsul tərəfindən istehzalı atmacalara məruz qaldı.
Çox keçmədi ki, Nyu-Yorkun kazinolar kralına çevrilmiş Rəsul keçmiş Müsavatçı Sülhəddin Əkbəri öz qurbanına çevirə bildi. ABŞ milyoneri Corc Sorosdan bir miqdar para almaq xatirinə növbəti təşkilatının adını Açıq Cəmiyyət Partiyası elan edən Rəsulun xəyalları gerçəkləşmir. Belə ki, “ət yiyən quşu dimdiyindən tanıyan” qocaman milyarder Rəsulu heç həndəvərinə buraxmır. O, özünü ACP lideri elan etmiş fərari siyasətçinin əsil həqiqətdə alkoqolik olduğunu dərhal müəyyən edə bilibmiş. Çirkin yollarla milyonlar əldə etmiş Rəsul öz parasını siyasətə sərf etmək cəsarəti olan birisi deyildi. Beləliklə, uzun illərini Müsavata sərf etmiş və Rəsulun yağlı vədlərinə aldanıb ACP sədri olmağa razılıq vermiş sabiq çekist Sülhəddin Əkbər onun növbəti oyunbazlığının qurbanına çevrilir.
Bəli, bu həmin Rəsuldur ki, daima etibarsızlığı, xəyanəti, riyakarlığı ilə ona inananları çətin duruma salıb. Bu gün başqalarını yaltaqlıqda suçlayan Rəsul karyerasındakı bütün uğurlara məhz yaltaqlığıyla nail olmuşdu.
Əlbəttə, inkar olunmaz faktdır ki, Rəsulun əlinin çörəyə çatmasında Böyük dövlət xadimi Heydər Əliyevin rolu kifayət qədər olub. Sonradan Azərbaycana rəhbərlik etmiş Kamran Bağırovla münasibət qurmağı bacaran R.Quliyev maymaq Əbdürrəhman Vəzirovun, sonradan isə Ayaz Mütəllibovun sevimlisinə çevrilə bilib. Onun ən böyük “istedadı” isə AXC-Müsavat cütlüyünün bir illik iqtidarı zamanı üzə çıxır. Həmin iqtidarın maymaq, səriştəsiz nümayəndələrindən istifadə edən Rəsul kommunist zamanında saxtakarlıqla əldə etdiyi yüz minlərin üstünə korrupsiya yoluyla milyonlar əlavə edə bilib. Onun yaltaqlıq, qorxaqlıq keyfiyyətləri AXC-Müsavat iqtidarı zamanında özünü daha aşkar büruzə verir. Kiçik zaman kəsiyində Əbülfəz Elçibəyin ən yaxın dostlarından birinə çevrilmiş R.Quliyev Dövlət Neft Şirkətinin müavini vəzifəsinə irəli çəkilməklə, Neftayırma zavodunu da öz nəzarətində saxlaya bilir. “Cəbhəçi”lər aralarında Rəsulu “Məşədi İbad” adlandırırmışlar. Belə ki, yüngülvari “xox” gəlməklə çoxları “Məşədi İbad”dan istədikləri qədər pul qopara bilirmişlər.
Rəsulun AXC-Müsavat iqtidarının Daxili İşlər Naziri İsgəndər Həmidovdan xüsusilə ehtiyat etdiyini o zamanı xatırlayan hər kəs bilir. Onu hava limanında milyonlarla ABŞ dolları ilə yaxalamış İ.Həmidovun qarşısında hönkür-hönkür ağladığından söhbət açanlar az qala indi də qəhərlənirlər. Rəsul İsgəndərin əlindən qurtarmaq üçün AMİP lideri Etibar Məmmədovun qarşısında diz çöküb, uşaq kimi ağlamaqdan utanmayıbmış.
Korrupsiya “elmi”ni mükəmməl mənimsəmiş Rəsul AXC-Müsavat iqtidarında təmsil olunmuş maymaqlara rüşvət paylamaqla özü yüz milyonları əldə edə bilmişdi. Bu gün Milli Məclisdə təmsil olunan sabiq AXC yetkililərindən birinə, vəzifə karyerasında irəliləyiş etmək naminə 500 min ABŞ dolları rüşvət verdiyini Rəsul özü şəxsən mənə etiraf etmişdi.
Bir müddət öncə Rəsul Quliyev Prezident Administrasiyası İcra Aparatı rəhbərinin müavini Novruz Məmmədova hücum etmək cəsarətində bulunub. Əlbəttə, ABŞ-da əyləşib, viski qəbul edəndən sonra “para” qalxan pısırıq “qəhrəman”ın sərsəmləmələrinin çox şahidi olmuşuq. Ancaq bu dəfə Rəsul açıq-aşkar öz tərbiyəsizliyini də ortaya qoyub. Məhz həmin səbəbdən də ona layiq olduğu səviyyədə cavab ünvanlamağı lazım bildim.
R.Quliyev guya 1993-cü illdə H.Əliyevin hakimiyyətə gəlməsində ürəkdən çalışdığını, 1994-95-ci illərdə onun hakimiyyətinin möhkəmlənməsində əsas fiqurlardan biri olduğunu N.Məmmədova verdiyi cavabda xüsusi olaraq vurğulayıb. Təəssüf ki, bədbəxt Rəsul unudub ki, 1993-cü ildə bütün Azərbaycan xalqı ayağa qalxıb Ümummilli liderinin hakimiyyətə qayıtması tələbini edirdi. Yəni, R.Quliyev H.Əliyevin ətrafında görünməklə yalnız özünü reklam etməkdən savayı məqsəd güdməyib.
1994-95-ci illərdə hakimiyyətin möhkəmləndirilməsinə gəlincə, həmin işlərin öhdəsindən dövlətçilik uzmanı olan Heydər Əliyevin dövləti necə möhkəmləndirməsinə hamımız şahidlik etmişik. Rəsulun isə zaman-zaman araqarışdıranlarla birgə hərəkət etdiyi tez bir zamanda aşkarlanmışdı.Belə ki, 1994-cü ilin sentyabr ayının sonlarında qiyama qalxmış o zamankı baş nazir Surət Hüseynova, sonradan, yəni 1995-ci ilin martında qiyamçı polkovnik Rövşən Cavadova Rəsulun gizli dəstək verməsi məlum olmuşdu. Rəsul hətta Surətin qiyamı zamanı ABŞ-da səfərdə olan Ümummilli liderimiz H.Əliyevə telefon açaraq, ölkədə vəziyyətin ağır olduğunu və prezidentin həmin səbəbdən ölkəyə qayıtmasının mümkün olmayacağını bildirib. Təbii ki, Vətəni naminə şəhid olmağa hazır olduğunu dəfələrlə bəyan etmiş Ümummilli lideri Rəsul kimilər yolundan saxlaya bilməzdi.
Surət və Rövşənin qiyamlarından bəhrələnə bilməyən Rəsul 1995-ci ilin ortalarından başlayaraq öz tərəfdarlarına “Heydər Əliyev artıq qocalıb, Rəsulu hakimiyyətə gətirməyin zamanıdır” təbliğatını aparmağı tövsiyyə etmişdi ki, onun tərəfdarları tərəfindən belə çağırışların edildiyinə dəfələrlə həmin illərdə şahid olmuşduq. İndi isə Rəsul xəcalət çəkmədən o zaman hakimiyyətin möhkəmləndirilməsinə xidmət göstərdiyindən söhbət açıb.
Rəsulu hiddətləndirən N.Məmmədovun onu Azərbaycanda korrupsiya ənənəsinin banisi adlandırması olub. Burada hiddətlənməli nə varmış ki? Guya Azərbaycan xalqı Rəsulun və yaxınlarının uzun illər ölkəni necə taladıqlarından məlumatsızdır?
1991-95-ci illərdə R.Quliyevin doğulduğu Culfa rayonuna rəhbərlik etdiyindən, Rəsulun və qohumlarının ölkəni necə talamaları barədə kifayət qədər məlumatlıyam. Korrupsiya yolu ilə milyonları qazanan Rəsul bəzi yaltaqların qarşısına qəpik-quruş atmaqla, onlar vasitəsilə rəy yaratmağa çalışırdı ki, guya ən xeyirxah, əliaçıq insandır. Baxmayaraq ki, əslən Culfa rayonundan idi, ancaq 1991-95-ci illərdə tam blokada şəraitində yaşayan, işıq üzünə həsrət qalmış insanarın lampalarına tökmək üçün neft göndərməyi lazım bilmədi. Çünki Rəsul həmin zaman nefti müxtəlif yollarla xaricə satıb, bu gün Nyu-York kazinolarında, barlarında əylənmək, kefy etmək üçün sərvət toplayırdı.
Bəli, N.Məmmədov haqlı olaraq Rəsulu korrupsiyanın banisi adlandırıb. Olmaya, cənab R.Quliyev az qala 20 ildir ABŞ-da halallıqla qazandıqlarını sağa-sola xərcləyir?
R.Quliyevin özündən savayı hər kəsi aşağılamağa girişməsi açıq-aşkar xəstəlik əlamətidir. O, “mənim haqqımda böhtan fikirlər irəli sürən şəxsin ağıldan kəm olduğunu bilirdim…üzərimə nə vaxtsa belə cılız adamların hucuma keçəcəyi heç vaxt ağlıma gəlməzdi”, deyib.
Belə sərsəm münasibətini R.Quliyev Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq Əlaqələq şöbəsinin müdiri Novruz Məmmədova yönəldib.
Nə deyək, beləsinə!
İndi Rəsulun bəyənmədiyi, hətta təhqir etdiyi Novruz Məmmədovun kimliyinə nəzər salaq və tərəfləri azacıq da olsa müqayisə etməyə çalışaq.
N.Məmmədov 1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda müəllim vəzifəsində işləməyə saxlanmışdır.
Görün, R.Quliyev onun barəsində nə yazır: “Fransız dili tərcumanının xarici siyasət idarəsinin başçısı olması tarixdə görünməmiş hadisədir”.
Görəsən, Rəsul necə məsləhət bilir, xarici siyasətlə də mütləq benzinə müxtəlif məhsullar qatıb, əhaliyə avtomobil yanacağı kimi sırımağı bacaran məşqul olmalıdır?
Bəli, gənc yaşlarında N.Məmmədov xarici ölkələrdə, o cümlədən Rəsulun özünəməxsus istehzayla qeyd etdiyi Əlcəzairdə 1967-68-ci illərdə, 1971-73-cü illərdə isə Qveniyada tərcüməçi kimi fəaliyyət göstərmişdir. İndi nadan Rəsula necə başa salaq ki, həmin vəzifələrdə çalışanda Novruz müəllimin cəmi 20-25 yaşı olub. Bildiyimə görə isə, həmin yaşda Rəsul Bakı dəmiryol vağzalında peraşki və qutab satmaqla başını girələyirmiş.
Novruz müəllimin 1992-97-ci illərdə öz ixtisasının alimi kimi ADPİ-nun fransız dili fakultəsinin dekanı vəzifəsində çalışmışdır ki, indi hətta onun yetirmələri diplomatik korpuslarda çalışmaqdadırlar.
N.Məmmədov 1995-97-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olmuşdur. Nəzərə alsaq ki, həmin illərdə ölkə prezidenti olmuş Heydər Əliyevi N.Məmmədov dəfələrə xarici və hətta Avropa Şurasına səfərlərdə müşayiət etmişdi, onda Rəsul kimi birinin Novruz müəllimin təcrübəsinə dodaq büzməsinə ağılsızlıqdan savayı bir ad tapmaq çətin olardı.
N.Məmmədov 1998-ci ildə Fransa prezidenti Jak Şirak tərəfindən Fransanın fəxri legion ordeni ilə təltif olunmuşdur ki, belə təltifi Rəsul özü üçün yalnız xəyallarında canlandıra bilər.
N.Məmmədov 2007-ci ilin mart ayında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2009-cu ildə isə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə Polşanın fəxri legion ordeninə layiq görülüb.
R.Quliyevin xəstəliyi N.Məmmədovu rəhmətlik çoban Xanışla müqayisə etməsində bir daha özünü büruzə verir. Əvvəla, onu qeyd etməliyəm ki, rəhmətlik çoban Xanış Rəsuldan çox-çox dəyərli insan olub. Çünki halal zəhmət adamı idi. Xanış kişi Rəsuldan fərqli olaraq öz sahəsinin əsil mütəxəssisi olub. Çoban olmaq o demək deyil ki, Rəsul kimilər hər an onları aşağılaya bilsin.
Əlbəttə, Rəsul mənə bir sualla müraciət edə bilər ki, nə üçün N.Məmmədovu müdafiə edirəm? Bu onun haqqıdır, cavab vermək isə mənim haqqım olduğundan, bəri başdan həmin haqqımdan istifadə etməyə çalışacağam.
N.Məmmədovu yalnız uzaqdan-uzağa tanımışam. 1988-ci illərdən onu müşahidə edə bilmişəm. Səmimi, Vətənpərvər, Millətsevər və ən başlıcası təmiz vicdanlı insan olduğunu birmənalı söyləyə bilərəm. Çünki Novruz müəllim barəsində kifayət qədər inkar edilməz faktlar var. Rəsul kimi şər-böhtandan heç bir zaman istifadə etməmişəm.
N.Məmmədov Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olub. R.Quliyev həmin hərəkatın təlatümlü, qarışıq zamanlarından istifadə edərək, neft satmaqla milyonları qazanmağı üstün tutduğu zaman N.Məmmədov öz tələbələri ilə birgə təmənnasız olaraq Azadlıq meydanında gecələyirdi.
İndi isə son olaraq Rəsulun və bəlkə də Novruz müəllimin ən yaxınlarının bimədiyi bir faktı açıqlamaq istəyirəm. 1989-cu ilin 9 aprelində Gürcüstanın paytaxtı Tbilisidə SSRİ imeriyası qoşunlarının dinc mitinqçilərə qanlı divan tutmasına öz etirazını Azərbaycan Dövlət Xarici Dillər İnstitunun alimi Novruz Məmmədov Bakıdan Tbilisiyə qədər 5 günlük piyada yürüşlə bütün dünyaya bəyan etmişdi.
Bu gün Novruz müəllim öz ölkəsinin haqqını, hüququnu müdafiə etməkdədir. O, kimsədən qorxmadan, çəkinmədən dünyanın supergüc dövləti olan ABŞ rəsmilərinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə etirazını bəyan edir.
R.Quliyev isə əksinə, cinayət məsuliyyətindən qaçıb sığındığı ABŞ-ın müdafiəçisi kimi Azərbaycana böhtan atmaqdan, onun böyük uğurlarına kölgə salmaqdan utanıb, çəkinmir.
Bu, onun növbəti xəstəliyidir. Həmin xəstəliyin əsas əlamətləri xəyanət, satqınlıq və qorxaqlıqdır ki, bu da Rəsulun sərsəmləmələrində açıqa-aşkar özünü büruzə verir.

Ramiz Tağıyev

LEAVE A REPLY