“Xankəndidə Rusiyalı generalın yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi”

0
14
Xəbər verdiyimiz kimi, Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib. Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.
Rus general açılışda bunu deyib: “25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”. O da vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir.
Normalda necə olmalı idi?
Bu suala politoloq Elxan Şahinoğlu cavab verib:
“Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməmişdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Dağlıq Qarabağın paytaxtına səfərinin məqsədini bəyan etməli idi. O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Dağlıq Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Dağlıq Qarabağda hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi…”