“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk etmək barədə qərarı koronavirus pandemiyası ilə mübarizədə səyləri sarsıdır. Beynəlxalq ictimaiyyəti ÜST-ə dəstəyi gücləndirməyə çağırırıq”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjao Litszyan deyib.
“ÜST qlobal ictimai səhiyyənin təhlükəsizliyinin təmin edilməsi sahəsində ən nüfuzlu və etibarlı təşkilatdır. Eyni zamanda ÜST beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə mübarizədə əlaqələndirmə fəaliyyətinin təşkilində açar və əvəzolunmaz rol oynayır”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, bu addım ABŞ-ın öz qərarlarında birtərəfli siyasi fəaliyyətə tərəfdar olduğunun növbəti sübutudur.
“Biz ABŞ-ı məsuliyyətli olmağa və öz beynəlxalq öhdəliklərini icra etməyə çağırırıq”, – deyə Ç. Litszyan qeyd edib.
Xatırladaq ki, ABŞ BMT Baş katibinə ÜST-dən çıxmaq barədə bildiriş göndərib. Qərar 2021-ci il 6 iyulda qüvvəyə minməlidir.