Naxçıvan Mərkəzi Bankından dollar kreditləriylə bağlı rəsmi açıqlama: “Yaranmış zərər “Naxçıvanbank” ASC tərəfindən qarşılanacaq”

0
4

Naxçıvan Mərkəzi Bankından dollar kreditləriylə bağlı rəsmi açıqlama: “Yaranmış zərər “Naxçıvanbank” ASC tərəfindən qarşılanacaq”

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi ilə bağlı müzakirə keçirilib. Müzakirələrdə görülməsi vacib kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi, ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb.

Bu məsələnin müzakirəsi zamanı Ali Məclis sədri tövsiyə edib ki, “Naxçıvanbank” ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etsin.

Qeyd edək ki, bu məlumatın dəqiqləşdirilməsi ilə bağlı Strateq.az saytı Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədova sorğu ünvanlayıb.

Strateq.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası bankın səhmdarları ilə razılaşdırılmış 25 dekabr 2015-ci il tarixli qərarına əsasən, “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan hüquqi və fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN məzənnəsinə uyğun olaraq aparılacaq:

“Bankın xarici valyutada kredit portfeli 1 milyon ABŞ dollarına qədərdir və 370 nəfəri əhatə edir. Yaranmış zərər “Naxçıvanbank” ASC tərəfindən qarşılanacaqdır”.

Səbuhi Məmmədov bu addımın atılmasında əsas məqsədlərinin bankın öz müştərilərinə, Muxtar Respublika sakinlərinə diqqət və qayğı göstərmək olduğunu da vurğulayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə maliyyə xidmətinin göstərilməsi məqsədi ilə yaradılmış, 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ikinci regional bankıdır.

“Naxçıvanbank” ASC 29 aprel 2008-ci il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən fiziki və hüquqi şəxslərə universal bank xidmətləri göstərmək hüququna malikdir.

“Naxçıvanbank” ASC 10 Oktyabr 2008-ci il tarixində bağlanmış müqavilə ilə Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulan ilk regional bank olmuşdur.

“Naxçıvanbank” ASC eyni zamanda 29 avqust 2008-ci il tarixli şəhadətnamə ilə Əmanətlərin sığortalanması fonduna üzv qəbul edilmişdir. Bu səbəbdən müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur və Fondun qaydalarına uyğun olaraq sığortalanır.

LEAVE A REPLY