Eldar Sabiroğlu çətin durumda.

0
4

Eldar Sabiroğlu çətin durumda.
Oğul hansı partiyanı seçəcək?

Son günlərin əsas müzakirə mövzularından biri də Yeni Azərbaycan Partiyasının (YAP) yetkililərindən sayılan, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun Zərdab rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışan oğlu Rüfət Səfərovun vəzifəsindən istefa verib, müxalifətə keçməsini bəyan etməsidir. Söyləmək olar ki, Rüfətin bu addımı “aydın səmada şimşək” effekti yaradıb. Nə olub, nələr baş verib..?
Məlumdur ki, E.Sabiroğlu bir müddət öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı hərəkətə keçmiş, onun barəsində mənfi rəy yaratmağa çalışmışdı.

Əlbəttə, YAP nümayəndəsinin bu addımı iqtidar düşərgəsində birmənalı qarşılanmayıb. R.Mehdiyevin tərəfdarları E.Sabiroğlunu cavabsız qoymayıb, gizli rəqiblər isə susmağa üstünlük verib. Xaraktercə qorxaq olan E.Sabiroğlu cəzalandırılacağını anlayaraq, yeni-yeni bəyanatlar verib, PA-nın rəhbərini ifşa edəcəyi ilə hədələməklə, əslində özünü təhlükədən sığortalamaq istəyirdi. Məlumatlı mənbələr isə üsyankar YAP-çının sabiq Müdafiə naziri Səfər Əbiyev və Respublika Prokurorunun sabiq müavini, hazırda Konstitutsiya Məhkəməsinin hakimi vəzifəsini tutan İsa Nəcəfov tərəfindən təlimatlandırıldığı barədə xəbərlər ötürürdü. Bu xəbərin nə qədər həqiqətə uyğun gəldiyini müəyyən etmək mümkün olmasa da, E.Sabiroğlunun arxalı biri kimi danışdığı diqqət çəkib.
Böyük ehtimalla E.Sabiroğlu YAP tərəfindən cəzalandırılacaqdı. Çünki yaxın keçmişdə YAP-ın yaradıcılarından biri olmuş, mərhum Sirus Təbrizli də analoji addım atmış, nəticədə partiyanı tərk etmək məcburiyyətində qalmışdı. Nəzərə alınsa ki, E.Sabiroğlu S.Təbrizli qədər güclü, cəsarətli biri deyil, onda aqibətinin xoşagəlim olmayacağını proqnozlaşdırmaq çətin deyil.
Üsyankar YAP-çı ən ağır zərbəni hələlik öz oğlundan almış kimi görünür. Doğrudanmı, müstəntiq oğlu atasından xəbərsiz istefa ərizəsinə imza atıb? Bu sual ətrafında müəyyən mülahizələr dolaşmaqdadır. Söylənilənə görə, Rüfət atdığı addımı atası ilə müzakirə edib. Ata-oğul sonradan KİV-lər vasitəsiylə əlaqə yaratmaları da belə şübhələrə yol açır. Məgər, E.Sabiroğlu Rüfətin mobil telefonunun nömrəsini bilmir? Və yaxud əksinə…
Doğrusu, bu daha çox bayağı şounu xatırladır. Ata və oğulun səmimi olmadıqlarına şərait yaradır. E.Sabiroğlu kifayət qədər açıqlar buraxıb ki, bu da onun davasının əsil mahiyyətini üzə çıxarıb. O, oğlunun Zərdabda müstəntiq işləməsinə dodaq büzür, guya onun oğlu cəbhə bölgələrində xidmət göstərən əskər və zabitlərdən üstün imtiyazlara malik imiş. Zərdab rayonu ilə paytaxtın arasındakı məsafənin 2-3 saatlıq yol olduğunu nəzərə alsaq, etirazın təkəbbürdən, iddiadan doğduğuna şübhə qalmaz. Özünü Heydər Əliyev siyasi kursuna sədaqətli kimi təqdim edən E.Sabiroğlu unudur ki, sədaqət vəzifələrlə, xüsusi imtiyazlarla ölçülmür.
R.Səfərovun bəyanatları da onu xarakterizə etməyə kifayətdir. Onun psixoloji durumunda müəyyən problemin olduğu qənaətindəyəm. O, elə danışır ki, sanki ölkəyə yeni gəlib. Guya baş verənlərdən təzə xəbər tutub. Yəqin ki, sabiq müstəntiq bir çox istintaq işlərini aparıb… Nə qədər ədalətli birisi olduğu da çox keçməz aşkarlanar. Kimin asi və yaxud qəhrəman olduğu da məhz həmin an müəyyənləşəcək. Hələlik isə ata və oğul hissiyata qapılıb, kimlərinsə sifarişini yerinə yetirmişlər.
Rüfətin müxalifətlə daha öncədən əlaqəli olması barədə dəqiq məlumat yoxdur. Ancaq, onun Əli Kərimli ilə münasibət qurmaq istəyində olduğu təxmin edilir. AXCP sədrinin tələm-tələsik R.Səfərovun müdafiəsinə qalxması, onu az qala qəhrəman kimi təqdim etməsi söyləməyə əsas verir ki, sabiq müstəntiq istefa verməzdən daha əvvəl Ə.Kərimli ilə rabitə yaradıb. Müstəntiqin evində axtarış aparılması, telefonlarının və kompyuterinin müsadirə olunmasını təsadüf hesab etmək yanlış olardı.
Digər bir məlumatda isə deyilir ki, sabiq müstəntiqin işində ciddi qüsurlar olub və o, tezliklə bunun aşkarlanacağından ehtiyat edərək, istefa verməklə, fəaliyyətindəki nöqsanları diqqətdən yayındırmaq istəyib.
Vəziyyətin gərginləşdiyini görən E.Sabiroğlu KİV-lər vasitəsilə ölkə prezidentinə müraciət edib. O, oğlunun yanlış addım atdığını etiraf etməklə yanaşı, Rüfətin həbs edilmə ehtimalına da işarə vurub. Görünən odur ki, əslində oğul atasının yersiz ambissiyasının, daha doğrusu deputatlıq mandatı davasının qurbanına çevrilib. Təbii ki, E.Sabiroğlunun iqtidarın ən nüfuzlu simasına hücum çəkməsi Rüfəti də qıcıqlandırıb. YAP-ın tanınmışlarından sayılan E.Sabiroğlu partiya daxili narazılığı mətbuata çıxarmaqla səhv seçim etdiyini anlamalı idi. Problem YAP-ın daxilində çözülməli, ictimailəşdirməyə qədər uzanmamalıydı. Bunu uzun illərini siyasətə həsr etmiş birisinin bilməməsi inandırıcı görünmür. Deməli, qalmaqalda üsyankar YAP-çıyla bərabər bir çoxlarının da maraqlı olması barədə söylənilənlər daha çox həqiqətə uyğundur.
E.Sabiroğlu özündən yaşca xeyli böyük olan R.Mehdiyevə ilişməkdə də etik normaları pozub və qarşılığını ilk olaraq oğlundan alıb. Əgər, həqiqət atanın söylədiyi kimidir, oğlu onu eşitmirsə, bunu E.Sabiroğluna Tanrının cəzası hesab etmək mümkündür. Və yaxud ata-oğulun etik baxışları bir-birindən fərqli deyil.
E.Sabiroğlunun siyasi karyerasının uğursuz yekunlaşdığını artıq söyləmək mümkündür. Qurulmuş oyun, onun acı məğlubiyyəti ilə yekunlaşdı desək, yanılmarıq. Hələlik uğur qazanan yalnız AXCP sədri Əli Kərimlidir.

Nicat Sadiq

LEAVE A REPLY