Əbu Bəkr əl-Bağdadi kimdir?
Bir amerikan proyekti, yoxsa islam fədaisi?
İkinci körfəz savaşı və İraqın Amerika və müttəfiqləri tərəfindən işğalından sonra Səddam Hüseyn mühakimə olunaraq edam olundu və onun lideri olduğu BƏƏZ partiyası ləğv edildi. Ayrıca bu partiyanın yüksək çinli məmurları, habelə İraq ordusunun zabitlərinin bir çoxu həbsə atılaraq Əbu Qureyd həbsxanasında vəhşicəsinə işgəncələrə məruz qaldılar.
Həmin vaxtlarda Əbu Qureyd həbsxanasında tutulan bir məhkum var idi ki, ona məhkumdan çox müsafir desək, daha çox yerinə düşər. Belə ki, həbsxana nəzarətçiləri onunla yumşaq davranır, hətta digər həbsxanalarda olan yoldaşları ilə vaxtaşırı görüşməyinə belə icazə verirdilər. Bu seçkin məhbus Bağdad universitetində elmi iş müdafiə edərək ilahiyyat üzrə elmlər doktoru elmi dərəcəsi almış Əbu Bəkr əl-Bağdadidən başqası deyildi.
Əbu Bəkr əl-Bağdadinin həbs olunma tarixinə baxdığımızda o İraqın işğalından qısa müddət sonra-2004-cü ilin aprelində həbs edilib. Seçkin məhkumluq dönəmi də qısa sürən əl Bağdadi elə həmin ilin sonlarına doğru sərbəst buraxılıb. Nə qəribədir ki, 2005-ci ilin əvvəllərində biz artıq İraq Şam İslam Dövlətinin yaradıldığını bilirik. Bu xilafət dövləti və ya dünyanın ən qanlı terror təşkilatı Əl Kaidə və BƏƏZ-in bazasında, bu təşkilatların geniş şəbəkəsindən istifadə etməklə yaradılıb. Doğrudur, ilkin mərhələdə İŞİD-in özünə sürətlə tərəfdar toplamasında bu ölkədə hakimiyyətə gətirilən şiə məzhəbindən olan baş nazir Nuri Əl Malikinin apardığı təriqətçi siyasət, bütün İraq ərazisində sünnilərin sıxışdırılması, habelə Amerikan işğalçılarına qarşı duyulan nifrət və bütün bu amillərdən İŞİD-in psixoloji hərb üçün olduqca ustalıqla istifadə etməsi səbəb olduğunu deyə bilərik.
Bütün terror təşkilatlarının hədəflərinə gedən yolda ən önəmli silahları onların əllərində olan psixoloji hərb vasitələri və bu vasitələrdən istifadə etmə metodlarıdır ki, İŞİD-ın də bu metodlardan necə ustalıqla istifadə etdiyi ortadadır. Xüsusən də tərəflərinə çəkdikləri mollalar vasitəsi ilə məcsidlərdə anti-qərb və anti-xristian təbliğatı aparmaqla özünə xeyli tərəfdar toplayan İŞİD-in çoxmillətli döyüşçülərinin hərəsinin bir tərəfdən gəlmə səbəblərindən biri də məhz budur.
Elə İŞİD-in sıralarında döyüşən otuz mindən artıq terrorçunun iyirmi mindən artığının məhz xarici ölkələrin vətəndaşları olması da yuxarıda qeyd etdiyimiz faktları sübut etmək üçün yetərlidir. Burada qeyd etmək yerinə düşərdi ki, İŞİD-ə qoşulan terrorçuların vətənləri arasında ilk yeri Tunis, ikinci yeri İordaniya, üçüncü yeri Səudiyyə Ərəbistanı, dördüncü yeri Fransa, beşinci yeri Rusiya tutmaqdadır.
2013-cü ilə gəldiyimizdə bu terror təşkilatının daha da böyüyərək İraqla yanaşı Suriyanın da böyük bir qisminə nəzarət etməyə başladığını görərik. İŞİD-in sürətlə böyüyərək geniş bir əraziyə yayılma tarixinə nəzər salsaq, bu tarixin “Ərəb baharı”ndan həmən sonrakı dövrə təsadüf etdiyini asanlıqla görə bilərik. Demək ki, İslam dünyasında baş verən hər təlatüm və bu təlatümlərdə imperialist Qərb dairələrinin barmağının olması İŞİD-in işinə yaramış, bu terror təşkilatının təbliğat-təşviqat işlərini asanlaşdırmışdır.
İŞİD-in maddi qaynaqlarına gəldikdə isə, bu terror qruplaşmasına maddi cəhətdən yardım edən zəngin dövlətlərlə yanaşı qırxdan artıq ölkədən onlarla iş adamının da könüllü surətdə İŞİD üçün ianələr verdiyini, böyük maddi yardımlar göstərdiklərini görə bilərik. Ayrıca neft qaçaqçılığı, narkotik vasitələrin qanunsuz dövriyyəsi, tarixi əsər qaçaqçılığı, insan alveri, silah qaçaqçılığı və sair qeyri-leqal yollardan da bu təşkilat külli miqdarda pul qazanmaqdadır.
Bir də İŞİD-in silahlarını haradan aldığına və zirehli texnika, eyni zamanda ağır artilleriya qurğularını kimlərin vasitəsi ilə istifadə etdiyinə nəzər salaq.
İŞİD-in də silahları ilk öncə digər terrorçu qruplaşmalar kimi yüngül silahlardan ibarət idi. Lakin sonrakı dövrlərdə Şimali İraq ərazisindəki İraq ordularına aid qarnizonlara basqınlarla külli miqdarda tank, ağır artilleriya qurğuları və sair döyüş vasitələri ələ keçirməyə müvəffəq oldular. Hətta bir-iki il öncə Suriya ordusuna aid hərbi hava bazalarına hücum edərək hərbi təyyarələri də ələ keçirdikləri barədə məlumatlar yayılmışdı.
İŞİD-in lider heyəti əsasən yolu Əbu Qureyd həbsxanasından düşmüş BƏƏZ zabitləri və bu partiyanın keçmiş öncüllərindən ibarətdir. Bu da öz növbəsində Əbu Bəkr əl- Bağdadiyə həm Qərb dünyasına qarşı, əslində isə İslam aləminə hesablanmış psixoloji hərəkatları, həm də döyüş meydanında hərbi əməliyyatları həyata keçirən zaman peşəkarların məsləhətlərindən istifadə etmə imkanı verməkdədir.
Yuxarıdakı analizlərimizdən, xüsusilə əl-Bağdadiyə Əbu Qurəyddə ikən göstərilən xüsusi nəvazişdən, ondan bəlkə də Amerikanın bölgədəki maraqlarının təmini üçün bu super dövlətin yararlandığını düşünməmizə rəvac verir. Ən azından onunla niyə və hansı səbəblərdən seçkin məhbus olaraq davranılmasının açıqlanmaması əl-Bağdadiyə bu imici qazandırmaqdadır. Nəzərə alsaq ki, əl Qaidə lideri Üsəma Bin Ladenin öldürülməsi də elə İŞİD-in sadəcə bir terror təşkilatı kimi deyil, özünü islam xilafəti olaraq elan etməsi ilə təxminən eyni vaxta təsadüf edir, onda ABŞ-ın bir vaxtlar Əfqanıstanda Sovetlərə qarşı mübarizə məqsədi ilə yaradaraq dəstəklədiyi Əl Qaidədən onun öz missiyasını artıq çoxdan tamamladığı üçün vaz keçərək əvəzində İŞİD-i yaratmaqda hansısa hələ bizə məlum olmayan məqsədlər güddüyünü düşünə bilərik.
İŞİD-dən danışarkən Mosul məsələsinə toxunmadan keçərsək düşünürəm ki, xəta etmiş olarıq. Belə ki, Mosul bu terror təşkilatının indiyədək işğal etdiyi ən böyük şəhərdir və iki ildən artıqdır ki, nəzarət altında saxlamaqdadır. Öncə Mosulun işğalına nəzər salaq. Bu şəhər demək olar ki, müqavimətsiz olaraq İŞİD terrorçularına təslim oldu. Əvəzində mosul qarnizonuna məxsus minlərcə texnika, İraq Mərkəzi bankının bu şəhərdəki filialındakı 420 milyon dollar dəyərində nəğd pul və zəngin neft yataqları İŞİD-in əlinə keçdi. Mosulun azad olunması üçün bir neçə dəfə əməliyyat planı hazırlansa da, bəzi səbəblərdən hələ ki, bu plan baş tutmayıb. Bəs, Mosulun terrorçulardan təmizlənməsinə nə mane olur? Burada baş verənləri doğru anlamaq üçün Şimali İraq Kürd muxtariyyəti ilə İraq mərkəzi hökuməti arasında gedən güc mübarizəsi, həmçinin kürdlərin müstəqillik istəklərinə nəzər salmaq lazımdır.
Bu ilin iyul ayında Şimali İraq Kürd muxtariyyətinin lideri Məsud Bərzani bəyanat verərək Mosulun azad edilməsindən sonra Şimali İraqın müstəqilliyi üçün referendum keçirəcəklərini bildirdi. Əlbəttə, Mosul İraqın Bağdaddan sonra ikinci böyük şəhəri, eyni zamanda, zəngin karbohidrogen yataqlarına sahib olması səbəbi ilə Məsud Bərzaninin iştahasını qabartmaqdadır. Lakin unutmaq lazım deyil ki, İraq mərkəzi hökuməti də bu şəhərdən asanlıqla vaz keçməyəcəkdir. Ayrıca bu şəhərdə kürdlərin çoxluqda olmaması da İraq mərkəzi hökumətinin əlini qüvvətləndirdiyi kimi, Şimali İraq Kürd muxtariyyəti üçün problem çıxara bilər. Bu şəhərin üzərində gedən siyasi mübarizə Mosulun azad olunması əməliyyatını gecikdirməkdədir ki, bu da İŞİD-in işinə yaramaqdadır.
İndi İraq mərkəzi hökuməti İŞİD-lə birbaşa Mosul uğrunda döyüşlərə girməyə hazır olmadığından Kürd muxtariyyətinin də bu əməliyyatı yerinə yetirmək üçün hazırlıq görməsini əngəlləməyə çalışmaqdadır.
Buradan Əbu Bəkr əl-Bağdadi və İŞİD-lə bağlı bu nəticəyə gələ bilərik; bəli, İŞİD bəlkə Amerika, bəlkə də hər hansı üçüncü dövlətin maraqları çərçivəsində, yəni xaos yarat və idarə et düşüncəsi ilə bölgəni nəzarət altında saxlamaq, eyni zamanda, dünyaya vəhşi müsəlman obrazı verə bilmək, bütün bunlar baş verərkən də bölgənin təbii sərvətlərini sudan ucuz qiymətə talayıb apara bilmək üçün həyata keçirilən bir proyektdir. Bu sözlərimi beynəlxalq təşkilatlarda İŞİD-lə bağlı keçirilən müzakirələrdə, bu təşkilatın maaliyyə qaynaqlarının qurudulmasına dair heç cür razılaşma əldə oluna bilinməməsi də göstərməkdədir. Ayrıca Suriyaya İŞİD-lə mübarizə üçün gedərək oradakı digər terror təşkilatları, məsələn elə PYD ilə ortaq qərargah quraraq Əsədin loyal müxalifətlə danışıqlara başlayacağı bir yanvar tarixinədək bu ölkənin əsasən türkmənlər yaşayan sahil xətti, Cərablus və Fıratın qərbinədək olan ərazini ələ keçirməyi hədəfləyən rusların hərəkətləri də antiterror məsələsində nə qədər ciddi olduqlarını göstərməkdədir. Türkmən yaşayış mənrtəqələrində yerləşən su təmizləmə məntəqələrini vuraraq dünyaya İŞİD-in neft bazalarını yerlə bir etdik, deyə car çəkən Rusiya bu ölkədə daha hansı məqsədləri güdür görəsən?
Sadəcə Rusiya deyil,Yaxın Şərq və Aralıq dənizinin Şərq sahillərindəki nüfuz mübarizəsindən geri qalmaq istəməyən digər güclər də əraziyə gəlmiş və burada bir-birilərinə əzələ nümayiş etdirməkdə, diş qıcamaqdadırlar. Elə Vladimir Putinin illik mətbuat toplantısında Türkiyə ilə sözün əsil mənasında lağ edərək indiyədək Suriya hava sahəsini istədikləri vaxt pozurdular, amma artıq biz bu ölkənin hava hücumundan müdafiə potensialını gücləndirdik, buyursunlar yenə də uçsunlar deyə hərbə kəsməsi və ya NATO-nun Şərqi Aralıq dənizində nəzərdə tutulan irimiqyaslı hərbi dəniz təlimləri bu əzələ nümayişinə ən gözəl sübut deyilmi?
Bu gün sadə müsəlmanların ölümlərindən, milyonlarca insanın öz ev-eşiyindən, yurd-yuvasından didərgin düşməsindən, milyonlarca təhsil çağındakı uşağın tədrisdən kənar qalmasından və sair onlarca bəladan məhz Əbu Bəkr əl- Bağdadi və onun İŞİD adlı terror təşkilatı sorumlu deyilmi? Əgər İŞİD bu gün Yaxın Şərqdə, Afrikada və dünyanın digər yerlərində böyük bir əraziyə nəzarət edirsə, ayrıca nəzarət etdiyi hər yerdə yaşayan insanlara sadəcə ölüm və bəla gətirirsə, belə bir təşkilatın islamla hansı əlaqəsindən söhbət gedə bilər? Təbii ki, əgər dünya ictimaiyyətinin gözündə vəhşi müsəlman obrazı yaratmaq istəyirsəniz sizin üçün İŞİD-dan daha yaxşı vasitə ola bilməz. Bu gün islama xəyanət edən, islamı insanların gözündən salmağa çalışan kim olursa olsun, istər Əbu Bəkr əl- Bağdadi, istərsə də tamamilə bir başqası, tarix onu mütləq xatırlayacaqdır…
Murad