“Əli Kərimlinin bir fərd və siyasətçi olaraq özü ilə bir işimiz yoxdusa belə, onun siyasətini silmək niyyətimiz var”
Razi Nurullayev:“Mən AXCP yaratmırdım, bu yöndəki istəklər və Əli Kərimlinin siyasətinə təpkilər ordan gəldi. Əslində o insanlar iddia ortaya qoydular və bildirdilər ki, biz cəbhəçiyik və cəbhədən də kənarda fəaliyyət göstərmək istəmirik, bizim yolumuz Elçibəy yoludur”
“Əli Kərimlinin özü bəlkə də yaxşı oğlan, yaxşı insan, hətta yaxşı vətəndaş ola bilər, amma bir siyasətçi kimi onun siyasəti iyrəncdir, yolverilməzdir, yalnız intriqalardan ibarətdir və təbii ki, bu cür siyasətin aqibəti də həmişə uğursuzluqlara məhkumdur”
Indi Razi Nurullayevin özünə də, onun rəhbərliyində fəaliyyət göstərən AXCP-yə də, istər cəmiyyətin, istərsə də ölkənin siyasi qurumlarının münasibəti birmənalı deyil. Bununla belə, adamın özü də var və təşkilatı da fəaliyyıtini davam etdirməkdədi ki, məsələnin bu tərəfi əlahəzrət fakt olaraq ortadadır. Azərbaycanda siyasi partiyaların nə parçalanması, nə bölünməsi, nə də bu partiyalardan qopmalar yenilikdi. Amma, nədənsə AXCP-dəki parçalannmalar da, bölünmələr də, burdan qopmalar da həmişə xeyli mübahisə və müzakirələrə səbəb olub, bir az da uzun sürən ağrılı prosesə çevrilib. AXCP-dən bu dəfəki qopmalar və bölünmə də istisna olmadı və belə görünür ki, növbəti ağrılı bir proses hələ uzun müddət ictimai rəyi məşğul edəcək. Amma burda kimin haqlı və ya haqsız olduğuna qərar vermək bizim problemimiz deyil və bir çoxlarının düşündüyü kimi, ya Razi Nurullayevi təşkilatı ilə bir yerdə görməzlikdən gəlmək, ya da ortada olan faktı inkar etmək fikrimiz də yoxdu. Ümumiyyətlə, bu tip məsələlər qanunlar və mövcud hüquqi prosedurlar vasitəsi ilə həllini tapmalıdır ki, bu da yaranmış gərginliyin ortadan qaldırıla bilməsi üçün ən doğru yoldur.
Bu arada Razi Nurullayevlə müsahibə aldıq və yaranmış vəziyyətin onun pəncərəsindən necə görsəndiyini, eləcə də işlərin haralara vara biləcəyini fərqli rakursdan cəmiyyətin diqqətinə, ictimai rəyin müzakirəsinə təqdim etməyə çalışdıq.
Sərdar Əlibəyli
– Razi bəy, necəsiniz, nə var, nə yox?
– Hər şey gözəldir, təşəkkür edirəm.
– AXCP ilə bağlı növbəti bölünmə ağrılarının bir növü səbəbkarı sizsiniz və bu proses əslində çoxdan başlayıb. Amma indi vəziyyət kritik həddə çatıb və qarşıda məhkəmənin olacağı bildirilir. Maraqlıdır, məhkəmədən sonraya neçə versiya ilə hazırlaşırsınız. Tutaq ki, qərar lehinizə olsa neyləyəcəksiniz, əleyhinizə olsa nə olacaq, ya da ümumiyyətlə qeyri-müəyyənliyin davamına qərar verilsə yapacağınız iş nə olacaq? Yoxsa hər şeyi məhkəmənin verəcəyi qərardan sonrayamı saxlayıbsınız ?
– Əlbəttə, məhkəmənin hansı qərarı verməsindən asılı olmayan planlarımız var, təşkilatın işi öz ahəngi ilə davam edir və edəcək. Amma sizin dediyiniz amillərin hamısının zirvəsində dayanan bir amalımız var, nə olursa olsun, bizim fəaliyyətimiz səngiməyəcək. Yəni biz “peçat” üçün, qeydiyyat üçün, məhkəməni udmaq üçün, Əli Kərimlini siyasi səhnədən silmək üçün yaranmış bir qurum deyilik. Bizim hədəflərimiz daha müqəddəsdir və bu hədəflər 2018-ci ilə və ondan sonrakı dönəmlərə hesablanıb. Azərbaycanda çox güclü siyasi iradəsi, geniş sosial bazası olan, fərqli siyasət izləyən bir proses aparmaq fikrindəyik və artıq başlanmış bu prosesi də müsbət sonluğa çatdırmaq iddiasındayıq. Buna görə də, o qərarlar, sadəcə olaraq bizim fəaliyyətimizin gedişində, müəyyən mənada katalizator da ola, prosesləri daha da sürətləndirə bilər. Bəlkə əleyhimizə çıxacaq bir qərar müəyyən səbəblərdən bu fəaliyyəti ləngidə də bilər, amma əslində mən bunları gözləmirəm. İstənilən halda müsbət bir qərarın olacağına ümid edirəm.
– Əgər bu işin içində, sizin təbirinizcə desək, Əli Kərimlini siyasi səhnədən silmək yoxdursa və məqsəd sadəcə dövlətin naminə, millətin adına böyük hədəflərdə fəaliyyət göstərməkdirsə, o zaman nə ehtiyac var ki, təşkilatın adı mütləq AXCP olsun?
– Əli Kərimlinin bir fərd və siyasətçi olaraq özü ilə bir işimiz yoxdusa belə, onun siyasətini silmək niyyətimiz var. Bəzən fikirləri qarışdırmaq üçün deyirlər ki, biz Əli Kərimliyə qarşı mübarizə aparırıq. Əli Kərimlinin özü bəlkə də yaxşı oğlan, yaxşı insan, hətta yaxşı vətəndaş ola bilər, amma bir siyasətçi kimi onun siyasəti iyrəncdir, yolverilməzdir, yalnız intriqalardan ibarətdir və təbii ki, bu cür siyasətin aqibəti də həmişə uğursuzluqlara məhkumdur. Biz bu gün də, hətta 5 il, 10 il bundan sonra da onun özünün və siyasətinin müsbət nəticələr əldə edəcəyinə inanmırıq. Elə bu səbəbdən də onun ancaq uğursuzluqlar gətirən iyrənc və intriqabaz siyasətinə son vermək qərarına gəldik və bu siyasətə mütləq son veriləcək. Amma bu haqda dəfələrlə dediyim kimi, mən bir hərəkat da planlaşdırmışdım və çox çalışdım ki, ora insanları cəlb eləyim. Amma Azərbaycada illərlə davam edən ənənəvi siyasətdən bezən, doyan insanlar ora gəlmək istəmədilər və nəticə əldə edə bilmədim. Məsələ burasındadır ki, Azərbaycanda geniş kütlələrin, ümumiyyətlə vətəndaşların siyasətə marağı sıfırın altındadır. Bu insanlar daima aldadılıblar, nəticə görməyiblər, seçkilərin həmişə saxtalaşdırıldığını, deputatların təyinatla seçildiyini, ölkənin siyasi sistemində yaltaqlığın dominant olduğunu, rüşvətsiz heç bir işin aşmadığını, hətta məhkəmələrdə belə haqqın tanınması üçün rüşvətin alındığını görüblər. Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycan məhkəmələri qanunsuz qərar çıxarmırlar və formal da olsa məhkəmə araşdırmalarının nəticələrində haqlı görünən tərəfdən rüşvət alaraq onların haqqını tanıyırlar.
– Amma işin içində siyasi sifariş yoxdursa…
– Təbii ki, siyasi sifarişli məhkəmələr bu mənada istisna təşkil edirlər. Dediyim kimi, hərəkat məsələsi alınmadığını görəndə, düşündüm ki, artıq bu prosesi apara bilmək üçün siyasi səhnədə bişmiş, müəyyən qədər təcrübəli insanlara ehtiyac var. Bunun da fövqündə, artıq Əli Kərimli yanında olan insanları qılınclamağa başlamışdı, obrazlı şəkildə desək, gündə bir neçə baş kəsirdi, illərini, hətta çox gənc yaşlarından bəri bütün şüurlu ömrünü partiyaya həsr eləmiş ihsanları təşkilatdan uzaqlaşdırırdı, istənilən tənqidə qarşı amansız bir dözümsüzlük göstərirdi. Arada o insanlar mənim yanıma gəlirdilər, onlarla görüşürdük. Nəticədə də məhz onların tələb və istəkləri üzərinə biz AXCP yaratdıq. Yəni mən AXCP yaratmırdım, bu yöndəki istəklər və Əli Kərimlinin siyasətinə təpkilər ordan gəldi. Əslində o insanlar iddia ortaya qoydular və bildirdilər ki, biz cəbhəçiyik və cəbhədən də kənarda fəaliyyət göstərmək istəmirik, bizim yolumuz Elçibəy yoludur. Onlar bildirdilər ki, bu partiya Elçibəyin partiyasıdır və AXCP Əli Kərimlinin deyil. Biz də bununla razılaşdıq, çünki başqa yollarla o insanları bir araya toplamaq mümkün dedyildi.
– Yəni “xalq istədi” demək istiyirsiniz eləmi?
– Bəli xalq istədi.
– Bu bir az da Heydər Əliyevin “ mən istəmirdim, xalq istədi”sinə oxşadı. Sizə də belə gəlmir ki və bu ifadənin məhz o cür deyilməsini qəbul edirsinizmi, bəlkə uğur gətirər deyə ?
Davamı var