Üzən məzənnədə nələr “boğulacaq”?!

0
4

Zaur Muradxanlı

“Uçan” dollar…

Üzən məzənnədə nələr “boğulacaq”?!

Dekabrın 21-i axşamdan etibarən Azərbaycan Mərkəzi Bankı ölkə ərazisində manatın üzən məzənnəyə keçdiyini bəyan etdi. Öncə üzən məzənnənin nə olduğuna nəzər salaq:
Üzən məzənnəyə keçilməsi artıq manatın beynəlxalq valyuta qarşısında Mərkəzi Bank tərəfindən dəstəklənməyəcəyi və kursun hərraclarda tələblə təklif arasındakı münasibətlərlə tənzimlənəcəyi deməkdir. Yəni bundan sonra Mərkəzi Bank müəyyən edilmiş məzənnə üzərindən beynəlxalq valyutanı hərraca çıxaracaq və əsl kurs bu hərraclarda müəyyənləşəcək.
Üzən məzənnəyə keçidin elan edilməsindən dərhal sonra, ertəsi gün erkəndən valyuta dəyişmə məntəqələri valyutaların alqı-satqısını dayandırdı. Səbəb isə manat kursunun nə olacağı barədə bilinməzliklərin həddindən artıq çox olması idi. Baxmayaraq ki, Mərkəzi Bank təxminən qırx doqquz faizlik devalvasiya açıqlamış, yəni ayın 22-dən etibarən 1 dolların 1 manat 55 qəpiyə, 1 avronunsa 1 manat 68 qəpiyə dəyişdiriləcəyini, sonrakı günlərdə də qiymətlərin bu kurs üzərindən keçiriləcək hərraclarla müəyyən olunacağını bildirmişdi.
Dekabrın 22-dən etibarən sadəcə ölkədə dollar qıta çıxmadı, yaranmış vəziyyətdən istifadə edərək daha öncə topdansatışlardan köhnə qiymətlərlə aldıqları malları belə yeni; daha yüksək qiymətlərlə əhaliyə sataraq varlanmaq istəyən işbazlar özlərinə məxsus ticarət obyektlərinin qapısına qıfıl vurdular. Bunun da səbəbi əslində bu sahibkarların nəyinsə müqabilində boş buraxılmaları, etdikləri bu qeyri-vicdani və qeyri-etik hərəkətlərin cəzasız qalacağına olan sarsılmaz ümidlərinnən başqa bir şey deyil. Onların bu hərəkətləri ölkə əhalisinin cüzi bir hissəsini təşkil edən zənginlər üçün, əlbəttə, problem yaratmamaqdadır. Həm işbazların yaranmış vəziyyətdən istifadə edərək süni şəkildə qiymət artırmaları, həm də ticarət obyektlərini bağlı saxlamalarından əhalinin aztəminatlı hissəsi əziyyət çəkməkdədir. Çünki aztəminatlı vətəndaşlarımız indiyədək aldıqları məvaciblə ailələrinin keçimini bu aydan o aya güc- bəla ilə, bir çox mədəni istirahət və sair sosial fəaliyyətlərdən imtina etməklə çatdırırdılarsa, onlar bundan sonra bu qənaətcil yaşamın belə daha çətin olacağını başa düşməkdədirlər. ayrıca burada başqa bir probləm də vardır ki, o da xarici valyutalarla və ya beynəlxalq valyutaya indeksləşdirilmiş manatla kredit götürənlərin taleyinin necə olacağı məsələsidir. Doğrudur, mən xarici valyutalarla kredit götürənləri anlamıram, amma, gəlin unutmayaq ki, bəzən banklarımız da vətəndaşlarımızı maarifləndirmək əvəzinə onların savadsızlığından və ya səhlənkarlığından istifadə edərək kreditlərin valyuta ilə verilməsində, yaxud da beynəlxalq valyutaya indeksləşdirilməsində maraqlı olurlar. Bunlar bir tərəfə, gəlin düşünək ki, ayda bir aklad dərs deyən və 280 manat maaş alan bir müəllimin maksimum limitdə, yəni məvacibinin on misli qədr kredit borcu var. Eyni zamanda, onu da fərz edək ki, bu müəllimin krediti beynəlxalq valyuta ilə və ya valyutaya indeksləndirilmiş manatladır. Sadəcə bir gecədə kredit borcu əlli faiz artan o bədbəxt müəllim, hərbçi, və ya digər hər hansı peşə sahibi nə edəcək? Məgər dövlətimiz bu insanları bankların qucağınamı tərk edəcək? Məncə hökumət dairələri və Mərkəzi Bank rəhbərliyinin üzərində işləməli olduğu ən önəmli işlərdən bir də məhz budur.
Manatın alıcılıq qabiliyyətinin təxminən əlli faiz azalması gəlir səviyyəsi eyni qalan bəhs etdiyimiz yoxsul kəsimin fəlakətinə çevrilə bilər. Bəs onlar nə etməlidirlər?
Burada hərəkət etməli olan qüvvə vəzifəsi, sadə vətəndaşlar deyil, sosial dövlət olma gərəyinin funksiyalarını yerinə yetirərək əhalisini yoxluq dalğasına qarşı qorumalı olan dövlətimizin üzərinə düşməkdədir.
Mərkəzi Bank üzən məzənnə siyasətinə kefindən keçmədi, belə ki, 2014-cü ilin əvvəllərindən başlayaraq neft qiymətlərindəki kəskin düşüş büdcə daxilolmalarını azaltmış və bu səbəbdən də manatın kursunun sabit saxlanması üçün hər il çəkilən xərcləri dövlətimiz ödəyə bilməyəcək duruma gəlmişdi. Hətta fevraldakı 33 faizlik devalvasiyadan sonra da Mərkəzi Bank manatı beynəlxalq valyuta qarşısında əzilməkdən qurtarmaq, habelə dollarla başa-baş saxlamaq istəmişdisə də, bu milli valyuta rezervlərində ciddi miqdarda əriməyə səbəb olmuş, dövlətimiz on ayda milyarlarca dollar həcmində maaliyyə itkisi ilə üzləşmişdi. Və nəhayət həm neftin ucuzlaşması, həm də Amerika Federal rezerv təşkilatının dekabrın 16-dakı faiz artırımından sonra Mərkəzi Bank yaranmış təzyiqlərə daha artıq davam gətirə bilməyərək, manatın məzənnəsini sərbəst buraxma qərarına gəldi. İndi, gəlin, manatın gələcək taleyi və üzən məzənnə siyasətinin bizə vəd etdiklərinə baxaq:
Düşünürəm ki, manat sürətlə ucuzlaşmaqda davam edəcəkdir. Bu ucuzlaşma xüsusən yeni ilə qədər daha yüksək tempdə olacaq, lakin bayramdan sonra nisbətən yavaşlayacaqdır. Çünki üzən məzənnəyə keçidin yaratdığı şok təsiri, habelə bayramqabağı alış-veriş həyacanı burada təsirli olaraq xarici valyutaların qarşısında manatın dəyər itirməsində katalizator rolu oynayacaqdır. Yeni ilin ilk günlərində isə hər zaman olduğu kimi bayram sonrası passivlik qiymətləri aşağı çəkməsə də, ən azından sürətlə qalxmasında əyləc rolu oynayaraq bunun qarşısını müəyyən qədər alacaq.

Bəs, üzən məzənnə necə, sanıldığı qədər pis bir şeymidir? Qətiyyən xeyir… Təbii ki, normal iqtisadiyyatı olan, yəni bizim kimi sadəcə neftdən asılı olmayan, sənayə və kənd təsərüfatı məhsulları ixracatında müsbət saldonu tapan ölkələr üçün əlbəttə yaxşıdır. Buna görə də bu gün dünyanın bütün önəmli dövlətləri məhz üzən məzənnə siyasətinə keçmişlər. Bu ölkələrdə milli valyutaların dəyəri mərkəzi banklar tərəfindən deyil, onların birjalarında keçirilən hərraclarda müəyyən olunur. Üzən məzənnə sisteminin digər üstünlüyü də ixracatla məşğul olan iş adamları üçün daha geniş üfüqlər açmasındadır. Bəs, gəlin görək, bizdə vəziyyət necədir? Doğrudur, bizim ölkəmizdə karbohidrogen ehtiyatları sayəsində bu məhsulların ixracatı və ölkəyə gətirilən məhsulların bəzi hallarda gömrük rüsumundan yayınmaq üçün qara yollardan istifadə edilməsi sayəsində idxalat- ixracatdakı saldo ikincinin xeyrinə görünə bilər. Amma, gəlin unutmayaq ki, karbohidrogen ehtiyatlarından asılı olmadan və emal olunmuş aqrar-sənayə məhsullarının idxal-ixrac əməliyyatları zamanı ortaya çıxan saldo burada daha önəmlidir ki, burada da əqrəbin idxalata tərəf döndüyünü təəssüf hissi ilə müşahidə etməli olacağıq.
Daha öncəki yazılarımızda da neft xülyasının bir gün bitəcəyinə toxunmuş, həm dövlət, həm də xalq olaraq buna indidən hazırlıqlı olmamız lazım olduğundan bəhs etmişdik. Doğrudur, hələ də o xülyanın bitdiyini deyə bilmərik, lakin artıq bir şeyə əminəm ki, artıq nəhəng neft gəlirləri xülyası can üstədir.
Buna sadəcə təəssüflənərsək, onda əlimiz-qolumuz bağlanar və bir iş görmədən oturub qalarıq. Bəs, nə etməli? Mərkəzi Bankın sədri Elman Rüstəmovun da qeyd etdiyi kimi hökumətimiz vergi siyasəti vasitəsi ilə vəziyyətdən müəyyən qədər çıxa, büdcə daxilolmalarını artıra bilər. Məsələn, lüks istehlak malları və sairələrə qoyulan vergi dərəcələrini artırmaqla. Amma, dünya təcrübəsində isbat olunub ki, təkbaşına vergi artırımına getmək heç bir zaman çıxış yolu olmamışdır. Sərmayə qoyulluşlarının stimullaşdırılması üçün təcili tədbirlər planı işlənib hazırlanmalı, qeyri- neft sektorunda istənilən sərmayə qoyuluşu nəinki müəyyən müddətə, sərmayədarlar qoyduqları vəsaitin bir qismini çıxaranadək, məsələn, mənfəət vergiiləri ləğv edilməli, eyni zamanda, həmin sərmayədarların biznes mühiti yaradılmalı və onların qoyduqları vəsaitlər dövlət tərəfindən təminat altına alınmalıdır. Belə olarsa, əlbəttə, xarici sərmayədarlar Azərbaycana daha da artıq maraq göstərəcəklərdir ki, bu da öz növbəsində ən azından açılacaq yeni iş yerlərində insanların çalışması üçün şərait yaradacaqdır.
Neft tükənməz sərvət deyil və bir gün, hətta yaxın gələcəkdə bitəcəkdir. Əgər bu tədbirlər görülməsə, o zaman ölkə əhalisi də, paralel olaraq dövlət büdcəsi də kasıblaşmaqda davam edəcəkdir. Neft pullarının sel kimi gəldiyi zamanlarda ağır sənayeyə və modern texnoliogiyalara sərmayə yatırmadıq, əvəzində mərmər üzləməli körpülər, yollar tikdik. Heç olmasa indi sənayemizi inkişaf etdirmək haqqında düşünməliyik.

LEAVE A REPLY