“Report”un məlumatına görə, bunu bu gün keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, iqlim dəyişmələri problemi qlobal proses olsa da onun təsirləri özünü lokal səviyyədə büruzə verir: “Əhalinin sayının artması, iqtisadiyyatın inkişafı və digər amillər atmosferə atılan istilik effekti yaradan qazların artmasına gətirir ki, bu da öz növbəsində iqlimin istiləşməsini sürətləndirir və bütün ekosistemə mənfi təsirlə nəticələnir. Azərabaycan dövləti bu məsələni diqqət mərkəzində saxlayır”.
Nazir bildirib ki, Azərbaycan qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə istilik effekti yaradan qaz tullantılarının səviyyəsinin 35% azalmasını hədəf kimi götürüb: “Ölkəmizdə iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəliliyi texnologiyalardan istifadənin artırılması, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin azaldılması və s. kimi tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə uğurla həyata keçirilən iri infrastruktur layihələrinin icrasında qabaqcıl texnologiyaların tətbiqi öz töhfəsini verir. Hazırda yeni yaradılan istehsal müəssisələrində təbiətə dost texnologiyalar tətbiq edilir. Sumqayıt şəhərində aparılan istehsalat sahələrinin müasirləşdirilməsi prosesini, Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parklarını buna misal göstərmək olar. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiyanın uğur formuludur”.
M. Babayev deyib ki, səmt qazının atılmasındakı azalmaları da xüsusi qeyd etmək lazımdır: “Son illərdə SOCAR və digər tərəfdaş neft-qaz şirkətlərinin səyi nəticəsində milyardlarla kubmetr səmt qazı tutularaq ölkənin qaz təsərrüfatına verilib. Hazırda ölkəmizdə atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur. Bunun səbəbi nəqliyyat vasitələrinin sayının sürətlə artmasıdır. Nəqliyyatın ətraf mühitə, insan sağlamlığına mənfi təsirinin azaldılması üçün ekoloji cəhətdən təmiz avtomobillərdən istifadə genişləndirilməlidir. Sözsüz ki, nəqliyyat sektorunun atmosfer havasına təsirində yanacağın keyfiyyəti böyük rol oynayır. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işləri nəticəsində burada yüksək standartlara uyğun yanacaq istehsal ediləcəkdir. Bu da təbii ki, avtomaşınlardan atmosferə atılmaları kifayət qədər azaldacaq”.