İran XİN:”Suriyada hərbi əməliyyatların əleyhinəyik”

0
10

“İran ABŞ ordusunun Suriyada varlığını qeyri-qanuni hesab edir”.

Bu, İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilib.

Bildirilib ki, ABŞ ordusunun Suriyadan geri çəkilməsi ilə bağlı qərar daha öncədən verilməli idi.

Bəyanatda qeyd olunub ki, İran Suriyada sülh və stabilliyin bərpasına ümid edərək, ABŞ-ın son qərarından sonra Türkiyə ordusunun Suriya ərazisinə daxil olması ilə bağlı xəbərləri diqqətlə izləyir: “Əminik ki, bu cür hərəkətlər nəinki Türkiyənin təhlükəsizliyinə töhfə verməyəcək, həm də maddi ziyana və can itkisinə səbəb olacaq. Bu baxımdan İran istənilən hərbi əməliyyatların əleyhinədir”.

Bildirilib ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən İran mövcud problemlərin sülh yolu ilə həll olunması üçün Suriya və Türkiyə rəsmiləri ilə danışıqlara hazırdır.

Qeyd edək ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. Bundan sonra, ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.  /APA