Dünyanın ən yaşamalı şəhəri hansıdır –Reytinq

0
36
Avstriyanın paytaxtı Vyana dünyanın ən yaşamalı şəhəri reytinqini saxlayıb.

“The Economist” dərgisi – “Economist Intelligence Unit” (EIU) illik hesabatını açıqlayıb.

İlk beşlikdə daha sonra Sidney, Osaka və Kalqari yer alıb.

EIU hər il 140 şəhəri 100 ballıq reytinqlə dəyərləndirir. Dəyərləndirmə həyat standartı, cinayətkarlığın səviyyəsi, nəqliyyat infrastrukturu, təhsil və səhiyyəyə çıxış, eləcə də siyasi və iqtisadi sabitlik üzrə aparılır.

Vyana ötənilki kimi, rahat ictimai nəqliyyatı, kranlardan axan təmiz Alp suyu və fərqli mədəni həyatına görə 100 baldan 99,1 yığıb.

“Qərbi Avropa və Şimali Amerika dünyanın ən yaşamalı regionları olaraq qalır”, – EIU mətbuat üçün açıqlamasında bildirir.

İlk 20-likdə Avropanın səkkiz şəhəri yer alıb. Qalan yerləri isə Yaponiya, Avstraliya, Yeni Zelandiya və Kanada şəhərləri paylaşıb.

İşıqlar Şəhəri sayılan Paris altı pillə geriləyərək 25-ci yerə düşüb. Bu, hökumətə qarşı “sarı jiletlilər”in etirazları ilə bağlıdır.

İlk dəfə olaraq indeksdə iqlim dəyişikliyinin yaşayışa təsiri öyrənilib. Nyu Dehli və Qahirə uyğun olaraq 118 və 125-ci yerlərə yuvarlanıblar. Bu “havanın keyfiyyətsizliyi, arzuolunmaz orta temperatur, qeyri-adekvat su təminatı”yla izah olunub.

EIU-dan Aqate Demarais deyib ki, son illər yeni yaranan bazarlarda həyat şəraitində yaxşılaşma “getdikcə pisləşən iqlim şəraitindən dolayı ciddi təhlükə altındadır”.

London və Nyu York uyğun olaraq 48 və 58-ci yerdədir. Bu şəhərlər cinayətkarlıq və terrorçuluq riskləri, həddən artıq yüklənmiş infrastruktur problemləri ilə mübarizə aparır.

Reytinqdə son beş yeri Karaçi, Tripoli, Daka, Laqos və Dəməşq tutub.

Vyana bu il artıq 10-cu il ardıcıl olaraq dünyanın ən keyfiyyətli yaşam standartı indeksində də birinci yeri tutub. Bu reytinqi “Mercer” konsaltinq şirkəti hazırlayıb. (azadliq.org)