Tramp amerikalılara xəbərdarlıq etdi:”Ştatımız güman etdiyimizdən daha güclü zərbəyə məruz qalacaq”

0
7
ABŞ Prezidenti Donald Tramp Corciya, Cənubi və Şimali Karolina ştatlarının sakinlərinə şiddətli “Dorian” qasırğasının mümkün zərbəsi barədə xəbərdarlıq edib.

Azərtac xəbər verir ki, Donald Tramp Twitter səhifəsində əhalini ehtiyatlı olmağa çağıraraq yazıb: “Deyəsən, bizim gözəl Cənubi Karolina ştatımız əvvəlcə güman etdiyimizdən daha güclü zərbəyə məruz qalacaq. Bu, eynilə Corciya, Şimali Karolina ştatlarına da aiddir”.

Prezident qeyd edib ki, irəliləyən qasırğanın istiqamətini qabaqcadan söyləmək çox çətindir. Yalnız onu təsdiqləmək olar ki, “Dorian” son bir necə ildə baş vermiş ən böyük və ciddi qasırğalardan biridir.

Bir müddət əvvəl qasırğanın Florida ştatına tərəf irəlilədiyi bildirilib. Ştatın qubernatoru Ron Desantis əhalini bir həftəlik ərzaq, su və dərman ehtiyatı görməyə çağırıb. O, həmçinin yerli sakinlərin mümkün təxliyəyə hazır olmalarını da xahiş edib.

Son məlumata əsasən, dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürəti saatda 130 milə (209 kilometr) çatır. Təbii fəlakətin sentyabrın 1-də Baham adalarına, növbəti gün isə Florida ştatına yetişəcəyi gözlənilir.