Hansı torpaqlara vergi azadolmaları və güzəştləri tətbiq edilir?- Nazirlik aydınlıq gətirdi

0
11
Vergi azadolmaları və güzəştləri hansı torpaqlara aiddir?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 207-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən torpaqlar istisna olmaqla), habelə Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergidən azad edilmiş torpaqların siyahısına daxildir.

Bundan əlavə, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin Azərbaycana məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da vergidən azad edilib. Xüsusi imtiyazı olan bir çox vətəndaşlara isə torpaq vergisi ilə bağlı güzəştlər nəzərdə tutulub. Belə şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Torpaq vergisi üzrə güzəştlərdən sahibkarlar da yararlana bilir. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiya parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq sənaye və texnologiya parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiya parklarının idarəedici təşkilatının və ya operatorunun sənaye, yaxud texnologiya parklarının ərazisində istifadə etdiyi torpaqlar da bu vergidən azad edilib.

Bunlarla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır. Siyahıda KOB klaster şirkətləri də var. Həmin şirkətlər KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad ediliblər.

Həmçinin qeyd edilib ki, bəzi maliyyə qurumları da bu ildən torpaq vergisinə cəlb edilmir(azərtac).