MTRŞ:”Özəl telekanallar hərbi-vətənpərvərlik verilişlərinin saatını artırmalıdır”

0
4
“Milli Televiziya və Radio Şurası (MTRŞ) olaraq yayımçılara hərbi-vətənpərvərlik mövzularına yer vermələri ilə bağlı mütəmadi tövsiyələr veririk. Bununla belə, bu istiqamətdə işlərin daha da intensivləşdirilməsinə ehtiyac var”.

Bunu  MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, dövlət büdcəsindən maliyyələşən yayımçılarla bərabər, özəl yayımçılar da efirlərində hərbi-vətənpərvərlik mövzularına indikindən daha çox efir vaxtı ayırmalı, hərbi-vətənpərvərlik verilişlərinin saatını artırmalıdır.

Şöbə müdirinin sözlərinə görə, telekanallarda yayımlanan hərbi-vətənpərvərlik verilişlərinin hazırkı vəziyyəti monitorinq edilir, gələcəkdə yayımçılarla da müzakirələr aparıla bilər.

“Azərbaycan dövləti tərəfindən Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinin həllinə xüsusi həssaslıq göstərilir. Buna müvafiq olaraq televiziya və radiolar da ərazilərimizin 20 faizinin işğalda olduğu bir zamanda Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhidlərə həsr olunmuş verilişlərin təşkil edilməsinə, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsinə, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanmasına, ümumilikdə vətənpərvərlik mövzularına aktual bir məsələ kimi yanaşmalıdırlar. Hazırda yayımçıların proqram səbətində sözügedən aspektlərdə verilişlərin yayımlanmadığını söyləmək doğru olmazdı. Yayımçılar mütəmadi olaraq belə mövzulara müraciət edirlər. Bu məsələ yayımçıların diqqət mərkəzində olur”, – T. Dadaşov vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda MTRŞ sədri Nuşirəvan Məhərrəmov Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb. Görüşdə televiziya kanallarında Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkil edilməsi, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsi, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilib. /APA