Balakənli fermerin harayını eşidən olacaqmı ?!

0
19

Əkin sahəsini yararsız hala gətirənlər nə üçün cəzasız qalıb?!

Balakən rayonundan aldıgımız xəbərin “şok”unu yaşamaqdayıq. Dərəbəyliyin son həddi yaşanır, ölkəmizin dilbər guşələrindən sayılan ucqar rayonumuzda… Həmin rayonun Qullar kəndində yaşayan fermer İbadov Qəhrəman Rəsul oğlunun söylədiklərini belə həyəcansız dinləmək mümkün deyil. Onun ailəsinə sözün əsil mənasında müsibət yaşadılıb. Şikayətlərini isə eşidən yoxdur. Qəhrəman söyləyir ki, Bakıdan Balakənə ezam olunmuş Prezident Administirasiyası və Kənd Təsərüfatı nazirliyinin məsulları ilə görüşüb, dərdlərini söyləmək cəhdlərinin qarşısı rayon İcra Hakimiyyəti yetkililəri tərəfindən alınıb. Fermer bildirir ki, İcra Hakimiyyəti başçısının da ətrafına elə sədd çəkilib ki, böyük ehtimalla onun baş verən qanunsuzluqlardan məlumatı yoxdur:”Ailəmiz uzun illərdi əkinçiliklə məşguldu. İki ildir ki, tütün əkib becəririk. Ötən il 60 ton əvəzinə 95 ton təhvil vermişik. Təəssüf ki, ərsəyə gətirdiyimiz tütünün 35 tonu başqa adamların adına yazıldı. (Qeyd etməliyik ki , bu cür saxtakarlıqların baş verməsi barədə ötən il də məlumat almışdıq. Balakənli fermer Əhməd Bodurov da anoloji halla üzləşmişdi – N.S) Bu saxtakarlıq İcra Hakimiyyəti aparatının məsulu Turan Dibirov tərəfindən edilib. Bu həmin şəxsdir ki, ailəmizin əkinçiliklə məşgul olmasına əngəl yaradıb. Səbəbi sirr deyil, beləki, T.Dibirov dəfələrlə mənə şərik işləmək təkifi etsə də , razılıq verməmişəm. Ona bildirdim ki, bacım Qarabağ əlili ailəsidir. Həyat yoldaşı dünyasını dəyişdiyindən üç övladını əkinçiliklə saxlayır.”

Q.İbadov iki ildir ki , tütün becərməklərini Ölkə Prezidentinin bu sahəyə xüsusi diqqət göstərməsiylə əlaqələndirir. Ancaq görünən odur ki, rayonlarda tütünçülüyün inkişafına nəinki şərait yaradılıb, əksinə, tütün becərməklə ailələrinin illik ruzisini qazanmaq istəyilə minbir əzaba qatlaşanlara süni maneələr yaradılır. Q.İbadovun başına gətirilən müsibət bununla yekunlaşmır. Onun söylədiklərinə inansaq, T.Dibirov Qəhrəmanın minbir əziyyətlə becərdiyi qarğıdalı sahəsini bütövlükdə, tütün sahəsinin isə bir hissəsini traktorla şumlatdırıb:”Kəndimizdə tam yararsız bir örüş sahəsi var idi. Təxminən 6 hektarlıq ərazidi. Biz, ailəlikcə həmin sahəni əkinə yararlı etmək üçün düz 10 il əziyyət çəkdik. Anamın, bacımın və mənim adıma kredit götürdük. Ərazini əkinə yararlı etməkdən ötrü 10 min manatdan artıq xərc çəkdik. Ötən il həmin sahədən artıqlamasıyla tütün ərsəyə gətirə bildik. Qeyd edim ki, həmin sahəyə görə hər il bələdiyyənin hesabına 200 manat pul köçürmüşük. Əvvəl bələdiyyə sədri bizə dedi ki, sahənin təyinatını dəyişib , fındıqçılıq üçün nəzərdə tutmuşuq. Razılaşdıq , fındıq bağı salmağa başladıq. Səhv etmirəmsə fındıq bağının salınması üçün adımıza əməkhaqqı da yazıblar. Ancaq biz, həmin pulun bir qəpiyini də görməmişik. Ötən il isə dedilər ki, rayon rəhbərliyi tütün əkilməsini məsləhət bilib. Əkdik və qeyd etdiyim kimi yüksək məhsuldarlığa nail olduq. Bu ildə tütün əkəcəkdik həmin sahədə. Təəssüf ki , yaxından keçən çay hövzəsindən çıxıb, sahəni tamamilə yararsız hala saldı. Tütün şitillərinin torpağa salınması zamanı yetişdiyindən , şitilləri bacımın əmlak payı olan sahəyə salmalı olduq. Əvəzində, su basmış ərazini yararlı hala salıb, bacımın ailəsi üçün qarğıdalı əkməyə söz verdim. Əziyyətli olsa da, sel basmış ərazini təmizləyib qarğıdalı əkdik. Əla məhsul götürəcəyimizə çox ümidliydik. Çox keçmədi ki , həmin T.Dibirov yenidən qapımızı döyüb “sahənizi şumlatdıracağam” dedi. Nə qədər xahiş edib, əziyyətimizə heyifiniz gəlsin desəm də, xeyri olmadı. Əvvəlcə, traktoru tütün sahəsinə saldırdı. Bir hissəsini yararsız hala saldıqdan sonra qarşısını ala bildik. Sonra qarğıdalı sahəsinə keçib, cücərmiş qarğıdalılığı yerlə -yeksan etdilər. Etiraz etdikcə T.Dibirov İcra Hakimiyyəti başçısının tapşırığını yerinə yetirdiyini söyləyirdi. Dedim dayanın, imkan verin sahənin şəklini çəkib başçıya çatdıraq. İnanmıram ki, başçı bu cür becərilmiş sahənin “şumlanma”sına razı olsun. Qəzəblənib, “başçı mənəm” dedi. Dedim ki, Ölkə Prezidentinə şikayət edəcəyəm, cavabı oxşar oldu;”Prezidentdə mənəm”. Baş verənləri telefonumla çəkmək istədim. Üstümə hücum çəkib, telefonu əlimdən almağa çalışdı. Telefonu həyat yoldaşıma verib, hadisə yerindən kənarlaşmasını tapşırdım. Beləki, T.Dibirov təhqirli ifadələr işlətdiyindən onun eşitməsini istəmədim. Bir neçə polis əməkdaşı da baş verənləri müşahidə etsələr də, T.Dibirovun qoçuluğuna qarşı heç nə edə bilmirdilər. Sahə müvəkkili və polis idarəsinin təhqiqatçısı T.Dibirova etdiklərinin qanunsuz olduğunu xatırlatdıqda, o, nəinki sakitləşdi, əksinə, onlara da qəzəbini gizlətmədi. Kənd Bələdiyyəsinin sədri, İcra nümayəndəsi işə qarışsalar da belə, bir nəticə hasil olmadı. T.Dibirov daha da qəzəblənib , həyat yoldaşıma qarşı zor tətbiq edərək, telefonumu onun əlindən aldı. Çox xahiş etdim ondan, bildirdim ki, becərdiyimiz sahədən 3 Qarabag əlili ailəsi və bir neçə imkansız kəndçimiz yaşayışları üçün gazanc əldə edirlər, lakin, T.Dibirov onunla şəriklik etmədiyimə görə məni bağışlaya bilmədi. O, çox sonra şumlatdırdığı qarğıdalı sahəsində az miqdarda tütün şitili əkdirib, öz qanunsuz əməlini ört-basdır etməyə çalışsa da, gec əkilmiş şitillərin heç biri əmələ gəlmədi “.

1

Q.İbadov edilən saxtakarlıqlardan da söhbət açıb. O, bildirir ki, ərazidə onnan savayı kimsənin tütün əkmədiyini müşahidə etsə də, sənəd üzərində çoxlarının tütün əkdiyi göstərilir. Yararlı əkin sahəsi rəhbər işçilərin qohum -əqrəbalarının adına sənədləşdirilib, nə istəsələr əkirlər, deyir.

Q.İbadov Kənd Təsərüfatı Nazirliyinə müraciət etməyi də unutmayıb. Görünən odur ki , nazirlik tabeliyində olan yerli idarəyə problemin həll edilməsi göstərişini verib. Məhz bundan sonra onu Kənd Bələdiyyəsinə dəvət edib , şirnikləndirici təkliflər veriblər. Təbii ki, Q.İbadov razı olmayıb və ona qarşı zor tətbiq etmiş şəxsin qanunauyğun cəzalandırılmasını tələb edib.

Nicat Sadiq

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq