Bu barədə APA-nın Moskva müxbirinə Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.
O, Fuad Abbasovun indiyədək Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqsində saxlanmasının qanunsuz olduğunu söyləyib: “Fuadın indiyə kimi Korolyovdakı xüsusi məntəqədə saxlanılması tam qanunsuzdur. Məhkəmə qərarı çoxdan qüvvəyə minib. Onu ölkədən deport etməlidirlər. Lakin gördüyünüz kimi etmirlər. Niyə etmədikləri ilə bağlı da müraciətlərimizə cavab vermirlər”.
Vəkil bununla bağlı Rusiya ombudsmanı Tatyana Moskalkovaya, Moskva vilayətinin prokuroruna və Rusiyanın Məhkəmə İcraçıları federal Xidmətinin rəhbərinə müarciət etdiyini söyləyib: “Müraciətimdə Fuadın barəsində hansı səbəbdən deport qərarı çıxarılmasının izah edilməsi, Korolyovdakı məntəqədə qanunsuz saxlanıldığını, əgər barəsində cinayət işi açılıbsa, bu barədə məlumat vermələrini və tez bir zamanda Fuadın Azərbaycana deportasiyasının həyata keçirilməsinin vacibliyini bildirimişəm”.
Vəkil Teyyub Şərifov bu gün Fuad Abbasovun səhhətində problemlər yarandığını da söyləyib. Onun sözlərinə görə, bu gün Fuadın səhhəti pisləşib: “Onun üçün təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər Fuadı müayinə ediblər, müalicəsini davam etdirmək üçün xəstəxanaya yerləşdirilməsinin və aclıq aksiyasını dayandırmasının vacibliyini bildiriblər. Lakin Fuad aclıq aksiyasını dayandırmayacağını söyləyib. Artıq bir həftəyə yaxındır ki, Fuad baş verənlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir”.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.