“SƏİDİN DƏSTƏSİ” və ya 14 gəncin 40 qəpiklə DÖVLƏT ÇEVRİLİŞİ hekayəsi

0
4

“SƏİDİN DƏSTƏSİ” və ya 14 gəncin 40 qəpiklə DÖVLƏT ÇEVRİLİŞİ hekayəsi

Keçmiş MTN rəhbərliyinin uydurduğu nağıllar…

Və ya bir- birini tanımayan 14 gəncin 40 qəpiklə dövlət çevrilişi hekayəsi

… Atalarımızın gözəl bir sözü var; “quyunu gen qaz, dərin qaz axırda özün düşəcəksən”. Son zamanlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) və onun ətrafında baş verənlər təkcə dövlətin kriminallaşmasının, cinayətkar ünsürlərin əlində oyuncaq alətinə çevrilməsini göstərmir. Baş verənlər, günahsız insanlara qarşı dövlətin əliylə, adı ilə, gücü ilə terror həyata keçirib onların həyatını məhv edənlərin, qanunlara, insanlığa meydan oxuyanların həm də acı və ibrətamiz sonluğudur. Bu çoxlarına görk olası ilahi bir təcəllədir.
Amma eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, MTN- lə bağlı baş verənlər təkcə adı çəkilən qurumda məsul vəzifə tutub bu qanunsuzluqları, ağır cinayətləri törədənləri bitirmədi. Həm də dövlətin nüfuzunu zədələyib qos- qoca mühüm bir dövlət təşkilatını bitirdi. Hakimiyyət məcburiyyət qarşısında qalıb reabiltasiyası mümkün olmayan Milli Təhlükəsizlik Nazirliyini ləğv etdi və onun əsasında 2 yeni qurum yaratdı. Biz yalnız onu arzulaya və ümid edə bilərik ki, yeni yaradılan hər iki qurum sələfinə oxşamasın, onun taleyini və aqibətini yaşamasın. Millətimiz, dövlətimiz üçün ugurlu olsun.
İnsanlığa qənim kəsilənlərin ədalətsiz qərarları…
Lakin keçmiş MTN- lə bağlı baş verən bəzi məsələlər var ki, onlar hələ açıqdır, öz yerini və layiqli qiymətini almayıb. Son baş verənlər açıq- aydın göstərdi və subut etdi ki, dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan qurumun və onu idarə edənlərin özləri bir başa təhlükə mənbəyi imiş. Bu quruma rəhbərlik edən bir qrup mütəşəkkil cinayətkar şəbəkə öz çirkin məqsədləri üçün qanundan kənar şəkildə reketçiliklə məşğul olub, insanları oğurlamaq, girov saxlamaq, əmlakını əlindən almaq, onlara ən ağır işgəncə vermək, şantaj etmək, öldürmək və s. kimi ağır cinayətləri həyata keçiriblər. Mən sual etmək istəyirəm; dövlətin adı və gücüylə ən ağır cinayətləri həyata keçirən, manyaklıq səviyyəsində insanlara və insanlığa qənim kəsilənlər ədalətli hökm verib ədalətli qərar çıxara bilərdilərmi? Təbii ki, yox. Əgər elədirsə niyə bu gün baş verənlər ancaq keçmiş MTN strukturunun rəhbərliyi və onların yaxın ətrafında, eləcə də həmin şəxslərə malik qurumlarda və onlara məxsus mükiyyət ətrafında cərəyan edir? Nədən bu şəxslərin son 10 ildə törətdiyi cinayətlərlə bağlı geniş istintaq qrupu yaradılıb araşdırmalar aparılmır? Niyə həmin şəxslərin qurbanı olmuş dinc, günahsız insanları təmizə çıxarıb onlara bəraət verilmir? Əgər hökümətin MTN- də apardığı son əməliyyatlar və təmizləmə işləri doğurdan da ədalətin və qanunçuluğun bərpa olunmasına xidmət edirsə bəs niyə bu addımlar atılmır? Axı bu gün məhz həmin şəxslər tərəfindən fiziki və mənəvi terrora məruz qalmış çoxlu sayda günahsız insan dünyasını dəyişib, həyatını, sağlamlığını, normal yaşayışını, hüzürünü, azadlığını, əmlakını və s. itirib.
İşdən qovulub, qolları qandallanan, ömürlük həbs cəzası ilə üz- üzə qalan sözü gedən mütəşəkkil cinayətkar şəbəkə üzvləri tərəfindən son 10 ildə çoxlu sayda iş adamları, ictimai- siyasi fəallar və onların yaxınları azadlıqlarını, sağlamlıqlarını və bəziləri isə həyatlarını itirib. Bəziləri ölkədən didərgin salınıb. Xeyli sayda insan həbs həyatı yaşayır. Həbs olunanların bir çoxu siyasi məhbus kimi tanınıb. Həmin məhbuslardan Səid Dadaşbəyli dəstəsi, Elnur Seyidov, NİDA- çı gənclər, jurnalist Pərviz Həşimli, Rauf Mirqədirov və digərlərini misal kimi göstərmək olar. Qeyd olunan bu həbslər başdan- ayağa qanunsuzluq və qisasçlıq zəminində baş verməklə yanaşı MTN- nin cəmiyyətdə nüfuzunun süni şəkildə gücləndirilməsinə, hakimiyyətdə daha çox imtiyaza və paya sahib olmağa xidmət edib. Bu həbslər içində maştabına, amansızlığına və yaratdığı ajiotaja görə “Səid Dadaşbəyli dəstəsi”- nin üzləşdiyi repressiyalar xüsusi qeyd olunmalıdır.

Hakim Ənvər Seyidovdan Eldar Mahmudova şanlı məktub…

… 2007-ci ildə hakimiyyət mətbuatı və telekanalları belə bir məlumat yaydı ki, Azərbaycanda bir qrup gənc dövlət çevrilişi hazırlayırmış. General Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu çevrilişin qarşısını alıb… Həmin vaxt MTN- nin öncədən planlaşdıraraq həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən 15 gənc, 1974-83-cü illərdə doğulan Said Dadaşbəyli, Mikayıl İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbaliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218- ci maddəsi (cinayətkar birlik yaratma), 274- ci maddəsi (dövlətə xəyanət), 28.2- ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəl-miş hazırlıq), 180.3.1- ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278- ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228- ci maddəsi (qanunsuz odlu silah saxlama), 204- ci maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234- ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) və s.- lə ittiham olunaraq, 12-14 il arası azadlıqdan məhrum edildilər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı. 10 ay MTN-də işgəncələr altında saxlandıqdan sonra məhkəmə prosesi 2 ay bağlı qapı arxasında keçirilib. Hakim Ənvər Seyidov 13 gəncin hər birinə ağır cəza verib. Apellyasiya Məhkəməsi 2 saat ərzində şahidsiz, sübutsuz, bağlı qapı arxasında birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Ənvər Seyidov bir tərəfli, qərəzli və ədalət prinsiplərini kobudcasına pozaraq, araşdırma aparmamış ittihamı təsdiq edib. Hətta məhkəmədən sonra Eldar Mahmudovun adına hüquqi çərçivəyə sığışmayan təbrik məktubu göndərir və xahiş edir ki, dəstə üzvlərinin həbsi ilə bağlı əməliyyat həyata keçirən və bu işin istintaqını aparan MTN- nin və xüsusən qurumun Anti Terror Mərkəzinin əməkdaşları mükafatlandırılsınlar. İş materiallarına əlavə edilmiş bu məktub həmin işin sifarişli və saxta olduğunun açıq sübutudur (həmin məktubu əlavə edirik).
Tirə getmək- dövlət çevrilişinə cəhd…
Dinə etiqad edən, içki içməyən, siqaret çəkməyən şəxslər narkotiklə ittiham edilib. Əlinə bir dəfə də olsun gerçək silah almayan şəxslər qanunsuz hərbi birləşmələr yaradıb dövlət çevrilişi cəhdində ittiham olunub. Fakt kimi onların Daxili İşlər Nazirliyinin nəzdində olan tirə güllə atmağa getmələri əsas götürülüb (!?). İttiham aktında qeyd olunur ki, onlar dünyada yayılmış bir-birinə zidd olan “Hizbullah”, “Hizbutəhrir”, “Həmas” təşkilatlarının ideyalarını, Islama dəxli olmayan “masonluğu” təbliğ edirmiş. Maraqlıdır, bir-birinə zidd olan təriqətlərin ideyalarını bir yerdə necə təbliğ etmək olar? Iş materiallarına, təqsirləndirilən şəxslərin özlərinin, şahidlərin və valideynlərin bildirdiyinə görə Said Dadaşbəyli başda olmaqla “dəstə”- nin bəzi üzvlərinin Iran yönümlü islamçılara qarşı fikri müsbət olmayıb.

“Mənim övladım Eldar Mahmudovun qurbanıdır”

“Dəstə”- nin rəhbəri kimi təqdim olunan, vətənə xəyanətdə və dövlət çevrilişinə cəhddə təqsirləndirilərək 14 il həbs cəzası almış Səid Dadaşbəylinin anası Qətibə Qarayeva oğlu ilə bağlı deyir; “Səid Dadaşbəyli Irana necə işləyə bilərdi? Hansı ki, onun istəyi Azərbaycanı Avropa qaydasında, sivil görmək idi və ifrat radikal islamçıları sevmirdi. Səid Dadaşbəyli ziyalı mühitdə böyüyüb və tərbiyə alıb. O, ali təhsilli iqtisadçıdır. 5 dili mükəmməl bilir”.
Səidin həbsindən sonra güclü əsəb və sarsıntı keçirən Qətibə Qarayeva səhhətində ciddi problemlər yarandığını, onkoloji xəstəliyə tutulduğunu deyir: “Səid həbs olunanda uşaqları körpə idi. İndi qızının 15, oğlunun 12 yaşı var. O günə kimi biz çox xoşbəxt idik. Balamın dərdi məni bu günə saldı. Bu illər ərzində oğlumun günahsızlığını sübut etmək üçün döymədiyim qapı, etmədiyim müraciət qalmadı, amma nəticəsi olmadı. Gör neçə ildir oğlum türmədədir. Mən onun bu günlər üçünmü oxutmuşdum? Mənim övladım Eldar Mahmudovun qurbanıdır.

“Eminin ölümündə Akif Çovdarovun əli var”

Qətibə Qarayeva istintaq zamanı işgəncələrə dözməyib vəfat edən Emin Məmmədovdan da danışır: “Emin Məmmədov ona qarşı irəli sürülən əsassız ittihamları qəbul etmədiyindən ağır şəkildə döyülüb, aldığı işgəncələrə dözməyərək ölüb. Bu uşağın toyuna cəmisi bir ay qalmışdı. MTN-də istintaq zamanı Eminin döyülməsini, ona işgəncə verilməsini kamera ilə çəkiblər. Sonra həmin kaseti Səidə göstərərək ona da təzyiqlər ediblər. Deyiblər ki, əgər boynuna almasan, səni də bu günə salarıq. O gün Səid evə zəng vuranda televizorda həbs olunan general-mayor Akif Çovdarovu gördüyünü söylədi. Səid “onu görəndə dəhşətə gəldim, Eminə işgəncə verənlərin başında şəxsən Çovdarov özü dayanırdı, görən kimi tanıdım, Eminin ölümündə birbaşa Akif Çovdarovun əli var” dedi”.

“MTN əməkdaşları öz əməllərini bizim balalarımızın boynuna qoyublar”

“Səidin dəstəsi”ndə olan, 13 il həbs cəzası alan Rasim Kərimovun anası İradə Kərimova deyir ki, MTN əməkdaşları öz törətdikləri əməlləri onların balalarının boynuna qoyublar: “Zülmlə böyütdüyümüz uşaqları günahsız yerə həbs ediblər, onlara cəza veriblər, özləri törətdikləri əməlləri bizim balalarımızın üstünə atırlarmış. Rasim həmişə deyirdi ki, narahat olma, bizim işimizi Allah özü açacaq. Oğlumun dediyi kimi də oldu. Zəng vuranda dedi ki, ana, burdan çıxmağıma görə demirəm, amma zalım öz haqqını aldı, indi cəzasını çəkəcək. Bu işi quranlar, övladlarımızı törətmədikləri cinayətdə ittiham edərək həbsə atanlar özləri ifşa ediliblər, qanunsuz əməllərinə görə həbs olunublar. Amma bizim uşaqlarımızı hələ də həbsdə saxlayırlar. Onun gəncliyini məhv etdilər”.

“40 qəpiklə dövlət çevrilişi edəcəkdi?”

“Həbs olunanlardan biri- Bəybəla Quliyev şizofreniya xəstəsidir. O vaxt ata-anasını qorxutmuşdular ki, onun xəstə olması ilə bağlı kağızı ortalığa çıxarmasınlar. Bəybəlanı martda tutmuşdular. Çünki pul alıb buraxdıqlarının yerinə onu içəri salmışdılar. Bəybəla dindar olub, bizim uşaqları da məsciddə ibadət edən zaman tanıyıb. Onu da gətirib bu dəstəyə bağladılar. Neçə dəfə bu adamın xəstə olduğunu dedik, xəstəxanadan sənəd gətirib təqdim etdik, xeyri olmadı.
Digər təqsirləndirilən Fərid Ağayev də ağır vərəm xəstəsidir. Həbs olunanda cibində 40 qəpik olub. 40 qəpiklə dövlət çevrilişi edəcəkdi?”

Keçmiş MTN rəhbərliyinin uydurduğu nağıl
Və ya biri- birini tanımayanların birgə dövlət çevrilişi…

Səidin atası gənclərlə bağlı ittihamları “MTN-in uydurduğu nağıl” adlanıdırır: “Bunlar hamısı Eldar Mahmudovun əli ilə olub. Allahın işidir, biz ibadət əhliyik, namaz qılırıq, dua edirik, Allah da bizi eşitdi. Bu qədər adamın bir yerdə ifşa olunması ağıla gələn şey deyildi”.
Həbs olunan gənclərin bəziləri bir- birini tanımır. Bir- birini tanımayan insanlar necə mütəşəkkil dəstə yaradıb dövlət çevrilişi edə bilərdi?
MTN-in həbs etdiyi gənclərin çoxu bir-birini tanımırdı. Məsələn, dəstənən rəhbəri kimi təqdim edilən Səid Dadaşbəyli Rəşad və Faiq İsmayılov qardaşlarını, Mübariz Süleymanovu tanımırdı. Ümumiyyətlə, bu işdə elə gənclərin adına rast gəlinir ki, təəccüblənməyə bilmirsən. Məsələn, tanınmış iş adamı İsgəndər Xəlilovun bacısı oğlu Samir Aslanov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin 3 işçisi və digərləri… Adları qeyd olunan sonunuclar da S.Dadaşbəylini tanımırdılar.

Surətə, OMON-a yüngül, gənclərə ağır maddə…

Valideynlər deyir ki, dövlətçiliyimizə real qəsd edən keçmiş nazir Sürət Hüseynov yüngülləşdirici “CM-nin 28.278- ci maddəsi- dövlət çevrilişinə hazırlıq” ilə məhkum olunubdur, Cavadov qardaşları, üsyan edən OMON-çular yüngülləşdirici CM-nin 29.278- ci maddəsi- “dövlət çevrilişinə cəhd” ilə məhkum olunublar, bizim oğullarımız isə nə niyyət, nə qəsd, nə imkan, nə qüdrəti, nə də vəzifəsi olmayan halda ən ağır maddə, CM-nin 278- ci maddəsi ilə- “baş vermiş dövlət çevrilişi” ilə məhkum olunublar.
Axı niyə bütün xalq və dünya həmin vaxt Azərbaycanda dövlət çevrilişi olmadığını bildiyi halda milyonları olmayan, ordusu olmayan sıravi vətəndaşlar məhz ən ağır maddə ilə ittiham olunub?!
Maraqlı bir fakt: Baxış zamanı həmin iş üzrə təqsirləndirilən şəxslərin evlərindən çıxan alim Sistani və Lənkəraninin risalə kitabları qadağan olunmuş dini dözümsüzlüyü təbliğ edən kitablar kimi qələmə verilir və bu ekspert nəticəsinin üstündə ittiham qurulur (hökm, səh.110). İttihama səbəb olan ekspert Ceyhun Məmmədovun bu iki kitaba və digər açıq satışda olan kitablara dair rəyi 2007-ci ildə istintaq zamanı verilib. Dörd ildən sonra isə AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin eksperti Ceyhun Məmmədov başqa şəxsin rəsmi sorğusuna cavab verərək bildirir ki, Sistaninin və Lənkəraninin həmin şəriət risalələri icazəlidir və qanuna zidd deyil.
Necə ola bilər ki, eyni qurumun eyni eksperti, eyni kitablar barəsində tamamilə fərqli ekspert rəyləri versin?! Görsənir ki, əvvəlki ekspert rəyi sifarişli xarakter daşıyır. İş üzrə buna bənzər digər faktlar da mövcuddur…

MTN- nin həyata keçiriyi həbslər yenidən araşdırılsın…

“Səid Dadaşbəyli və digərlərinin işi” üzrə ittiham aktında və məhkəmə hökmündə bitib tükənməyən qanunsuzluqlar və əssassız ittihamlar yer alıb. Çünki MTN tərəfindən xüsusi maraq və sifariş əsasında həyata keçirilən bu səs- küylü həbsin özü qanunsuz olub. Qanunsuz həbsə nə qədər hüquqi don geyindirilib bəzədilsə də onun mahiyyətində olan saxkarlığı və yalanı ört- basdır etmək mümkün olmayacaq. Bir gün yalan pərdəsi həqiqətin üzərindən götürüləndə hər şey çılpaqlığı ilə görünəcək. Necə ki, Eldar Mahmudovun və digərlərinin ifşa olunması ilə MTN- də baş verən dəhşətlər hamıya aydın oldu…
… 9 il bundan öncə həyata keçirilmiş həbslər həbs olunan gənclərin həyatında dərin izlər buraxdı. Bu izlər təkcə onların şəxsi həyatını qaraltmadı, həm də ailələrinin, yaxınlarının həyatı bahasına başa gəldi. Gənclərin valideynlərinin bəziləri övladlarının günahsız həbsinə dözməyib dünyasını dəyişdi. 14 il azadlıqdan məhrum edilən Cahangir Kərimovun atası Ramiz Kərimov, Rəşad Əliyevin anası Səmayə Əliyeva, Emil Mehbalıyevin atası Nurəddin Mehbalıyev (yeri gəlmişkən qeyd edək ki, Nurəddin Mehbalıyev Azərbaycan Həmkarlar Konfedrasiyasının sədri Səttar Mehbalıyevin qardaşıdır- red.), Səid Dadaşbəylinin nənələri artıq həyatda yoxdurlar.
Gənclərin həbsi zamanı onların öz evlərində və qohumlarının evlərində məhkəmənin qərarı olmadan axtarış aparıblar. Qanunsuz müsadirələr həyata keçirib qızıl, ziynət əşyaları, pul, kompyüter, noutbuk, hətta bəzilərinin evlərindən maşın aparıblar və sonra geri qaytarmayıblar.
… Bütün deyilənləri ümumiləşdirib bu qənaətə gəlmək olar ki, keçmiş MTN- nin xətti ilə son 10 ildə həyata keçirilən bütün qanunsuzluqlar, saxta əməliyyatlar, sifarişli həbslər, qondarma “dövlət çevrilişi” cəhdləri yenidən hər tərəfli araşdırılıb hüquqi qiymətini almalıdır. Əsassız olaraq təqiblərə, təzyiqlərə məruz qalanlar, əmlakı əlindən alınanlar, azadlığını itirib həbsə atılanlar, öldürüüb qanı batırılanlar, ölkədən didərgin salınıb vətən üzünə həsrət qalanlar tam bəraət almalı, öz layiqli haqlarına qovuşmalıdırlar. Səid Dadşbəyli və digərləri ilə bağlı işlərə də qanun çərçivəsində yenidən baxılmalıdır. Bu gün vəzifəsindən alınıb qolları qandallanan MTN generalları, idarə rəisləri həm də son 10 ildə dövlət adına həyata keçirdikləri bu cinayətlərinə görə də cavab verməlidirilər…

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

LEAVE A REPLY