Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya AÇIQ MƏKTUB

0
7

Millətim.info-nun poçtuna I qrup əlil, ömürlük ehtiyyatda olan gizir Muradov Zaur Bayram oğlu tərəfindən göndərilmiş  məktubu olduğu kimi oxuculara təqdim edirik .

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya I qrup hərbi əlil, vəzifə borcunu yerinə yetirərkən gözlərini itirmiş, psixoloji travma almış, Azərbaycan silahlı qüvvələrinin ömürlük ehtiyyatda olan giziri Muradov Zaur Bayram oğlu tərəfindən

 

Açıq Məktub

Hörmətli, Mehriban xanım!

Bu gün müharibə şəraitində yaşayan ölkəmizdə Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gözünü qırpmadan canından, sağlamlığından keçmiş on minlərlə şəhidimiz, əlilimiz var. Sizdə razılaşarsınız ki, əgər onlar olmasaydı, bu gün nə alverçi bazarda rahat alverini edə, nə müəllim məktəbdə rahat dərs deyə, nə də həkimlərimiz və digər müxtəlif rütbəli məmurlarımız isti kabinetlərində oturub rahatca günlərini gün edə, vəzifə dərəcəsindən asılı olaraq özlərindən tutmuş, yeddi göbək sonralarına qədər belə yetəcək sərvəti toplaya bilməzdilər. Demək ki, bu insanların rahat yaşayışında hər şəhidimizin, hər qazimizin qanının damlaları vardır.  Məhz buna görə də hər şəhidimizin bizə əmanət etdiyi yaxınları, hər qazimiz sadəcə yuxarıda qeyd etdiyim vəzifə sahibləri tərəfindən deyil, bütövlükdə Azrərbaycan vətəndaşlığı daşıyan hər kəs tərəfindən vəfa borcunun layiqincə ödənilməsini gözləməkdə haqlıdırlar. Onların hər birinin sadəcə sayğı deyil, minnət gözləməyə haqları vardır.Bəs, reallıqda necə, belədirmi? Təəssüf ki, xeyir!

Hörmətli, Mehriban xanım!

Bu gün rastlaşdığınız hansısa qoltuq dəyənəkli, kor əsası ilə gəzən, ya da əlil arabasındakı, ya da döyüşlərdə fiziki, psixoloji travma almış qazimizdən, tanıdığınız bir şəhid yaxınından soruşun, onlara qarşı münasibətdən, xüsusən özünü bir şey zənn edən məmurlardan razıdırlarmı? Onlar sizin axıtdığınız qanların, verdiyiniz canların dəyərini bilirlərmi? Xahiş edirəm,  bu haqda mini bir sorğu keçirin, əminəm ki, aldığınız cavablar sizi narahat edəcəkdir. Sadəcə öz başıma gələn hadisələrdən birini danışacağam. Ona görə birindən deyirəm ki, hamısını yazsam sizin üçün başağrısı olar. Təffərrüatlara girmədən başıma gələn ən son hadisəni qısaca anlatacağam.

Hörmətli, Mehriban xanım, yeni doğulmuş qızıma doğum şəhadətnaməsi aldığım zaman Asan xidmətin əməkdaşı lazımi sənədləri toplayaraq qeydiyyatda olduğum Abşeron rayon Sosial Müdafiə Fonduna yaxınlaşarsam süd pulu adlandırdığımız doğum üçün müavinəti ala biləcəyimi söylədi. Başım qarışıq olduğu üçün bir- iki ay maraqlana bilmədim. Öncə işsizlik haqqında arayış almaq üçün Abşeron rayon Məşğulluq idarəsinə müraciət etdim. Vəzifəli şəxs yoldaşımın rayon qeydiyyatında olduğu üçün sənədləri rayonda toplayaraq onun qeydiyyatda olduğu rayon Sosial Müdafiə Fonduna müraciət etməyimi məsləhət gördü. Lakin mən sadəcə 109 manat olan bu müavinətin Naxçıvana yol xərcimi belə ödəməyəcəyini, ayrıca iki il öncə doğulan övladım üçün eyni müavinəti Abşeron rayonundan aldığımı bildirdikdə, zəng edərək Sosial Müdafiə Fondunda çalışan məsul xanımlardan biri ilə əlaqə saxladı. Onun razılığını aldıqdan sonra mənim və yoldaşımın adına işsizlik haqqında arayış yazdı.  Daha sonra yaşadığım Masazır kənd icra nümayəndəliyinə müraciət edərək ailə tərkibi haqqında arayışı da alaraq Abşeron rayon Sosial Müdafiə Fonduna yaxınlaşdım. Orada çalışan  xanım öncə yoldaşımın qeydiyyatda olduğu rayona müraciət etməli olduğumuzu bildirdisə də, daha sonra məsul xanımla telefon əlaqəsi saxlayaraq sənədləri götürəcəyini, sadəcə olaraq qızım üçün şəxsiyyət vəsiqəsi almalı olduğumuzu bildirdi.

On iki gün sonra, 27.05.2019-cu il tarixində artıq  tələb edilən bütün sənədləri toplayaraq Abşeron rayon Sosial Müdafiə Fonduna yaxınlaşdım. Məsul xanım da məzuniyyətdən dönmüş, işinin başında idi. Amma o qəti etiraz edərək sənədləri götürə bilməyəcəyini və yoldaşımın qeydiyyatda olduğu rayon Sosial Müdafiə Fonduna müraciət etməli olduğumuzu bildirdi. Daha sonra, əgər ana burda qeydiyyatda olsaydı sizin qeydiyyatda olduğunuz rayona sorğu göndərərək süd pulunu alıb-almadığınızı öyrənərdik, dedi. Bu cavabı qarşısında, atanın alıb almadığı barədə sorğu göndərəcəkdinizsə bu atanın alma hüququ olduğunun isbatı deyilmi, deyə soruşduqda isə susaraq üzümə baxmaqla kifayətləndi…

Hörmətli, Mehriban xanım, mən Abşeron rayon Sosial Müdafiə Fondunda  çalışan bu məsuliyyətsiz xanımları sizin vicdanınıza həvalə edir, onların barəsində verəcəyiniz qərarı səbrsizliklə gözləyirəm. Sizin bu barədəki qərarınız sadəcə mənim deyil, bu vətən uğrunda canından keçən, qanını axıdan bütün vətəndaşlarımız üçün olduqca əhəmiyyətlidir. Çünki biz axıtdığımız qanın əvəzində sadəcə sayğı gözləyir, buna da haqqımız olduğunu düşünürük…