Mədət Quliyevin gedişi Penitensiar Xidmətdə özbaşınalığa yol açıb…
Məhkumdan məktub var; Ədliyyə giziri İlkin Əliyev və Rasəf Əliyev bizə zülm çəkdirirlər.
Kadrların ölkənin inkişafında, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə böyük rolu olduğunu inkar etmək mümkün deyil. Prezidentin fərmanına əsasən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilmiş, general-leytenant Mədət Quliyevin Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən kənarlaşması cəzaçəkmə müəssisələrində özbaşınalığın baş alıb getməsinə şərait yaradıb. Sözsüz ki, M.Quliyevin yaxşı kadr olması ölkə rəhbərinin diqqətini çəkmişdi.
Penitensiar Xidmətdə aparılmış ciddi islahatlar hətta məhkumların gündəlik yaşam tərzinə təsirsiz ötüşməmişdi. Yeməklərin keyfiyyəti yüksəlmiş, məhkumların yaxınları ilə telefon əlaqəsi yaratmaları üçün əlverişli şərait yaradılmışdı. Cəzaçəkmə müəssisələrində təmir işləri aparılmış, normativə uyğun olaraq ailələri ilə görüşmələri üçün ayrılmış görüş yerləri müasir standartlara uyğunlaşdırılmışdı. Cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin keçirilməsinin qarşısı demək olar ki, kəsilmişdi.
Əfsuslar olsun ki, M.Quliyevin zəhməti nəticəsində yaradılmış qayda-qanun, şərait tez bir zamanda nəzarətsiz buraxıldığından, “Millətim”ə ciddi siqnallar daxil olmağa başlayıb.
Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Ciddi Rejimli Cəzaçəkmə müəssisəsində cəza çəkən Hüseynov Səxavət Ədalət oğlu və onun anası Hüseynova Nazilə Saday qızının məktubları redaksiyamıza daxil olub. Məhkumun anası həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, cənab Fərhad Abdullayevə də müraciət edib. Ana oğlunun hüquqlarının pozulmasından söhbət açıb. O, şəhid anası olduğunu, əslən Ağdam rayonunun Ətyeməzlər kəndindən olduqlarını qeyd edib. Erməni işğalı nəticəsində hazırda Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən “SUM-32” tikinti idarəsinin həyətində məskunlaşıblar.
Nazilə xanım oğlu Səxavətin namus üstündə-bir əsgərin avtomat silahla onlara hücum çəkib, Səxavətin bibisi qızına sataşmaq istədiyi məqamda, onun əskərdən silahı alıb, basqınçını qətlə yetirdiyini vurğulayıb. Ana oğlunun sakit təbiətli, əskəri xidmətini ləyaqətlə başa vuran biri kimi xarakterizə edib. Nazilə xanım məlum qətl hadisəsi barədə söhbət açıb. Hərbi prokuror Xanlar Vəliyevdən razılıb edib. O, qeyd edir ki, Bərdə rayon Prokurorluğu, polis idarəsi, Bakı hərbi prokurorluğunun müstəntiqi Oqtay Ağayev istintaqa başlasalar da, X.Vəliyev 6 ay sonra oğlumu günahsız hesab edib azadlığa buraxmışdı: “Lakin 2005-ci ilin 31 iyulunda övladımın işini yenidən istintaqa qaytardılar. Elə həmin gün oğlumu yenidən həbs etdilər. Bundan üç ay sonra qaynım Hüseynov Nizaməddin Davud oğlunu həbs etdilər. Onun heç bir günahı yox idi. Buna etiraz edən gəlinim Hüseynova Səbinə Tufan qızı Hərbi Prokurorluğun müstəntiqi Ülvi Əhmədov və Cəfər Cəfərov tərəfindən döyülərək bətnindəki korpəsini itirmişdi. Oğlum Səxavətə isə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.1, 228.2.1 maddələri ilə təqsirli bilinərək barəsində 12 il 6 ay həbs cəzası verildi. Penitensiar Xidmətin 7 saylı Ciddi Rejimli Cəzaçəkmə müəssisəsində 10 il 6 aydır ki, cəzasını çəkir. Cəza çəkdiyi müddətdə heç bir rejim qaydasını pozmayıb, əksinə dəfələrlə müəssisə rəhbərliyi tərəfindən təşəkkür almışdır. 2013-cü ildə keçirilmiş prezident seçkilərində aktiv iştirak etdiyinə görə onu yaxşılaşdırılmış rejim şəraitinə keçiriblər. Cəza çəkdiyi müddətdə əməyə, təhsilə münasibəti daima müsbət qiymətləndirilib.”
Nazilə xanım bütün bunları qeyd edərək Konstitusiya Məhkəməsinin sədrindən nicat gözlədiyini gizlətməyib. Səbəb isə odur ki, oğlu cəzasının dörtdə üç hissəsindən artığını çəkdiyindən mövcud qanunvericiliyə uyğun, şərti olaraq azadlığa buraxıla bilər. Ana qaçqın ömrü yaşayaraq, Səxavətin ailəsini, iki övladını təmin etməkdə çətinlik çəkir. Oğlunu görmək üçün Bakıya səfər edə bilmir. Edirsə də, bunu ancaq tanışlarından aldığı borc sayəsində edir. Bütün bu çətinlikləri yaşamağa məcbur qalmış ana sözün əsil mənasında fəryad edir:
“Çox hörmətli cənab Fərhad Abdullayev! Sizdən bir ana kimi fəryad edib, kömək istəməyimin səbəbi budur ki, Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 76.3,3 və A.R-nın cəzaların icrası məsəlləsinin 170.2 və 109.5 maddələrini mənə izah edəsiniz.
Çox hörmətli, Fərhad Abdullayev! Sizdən artıq dərəcədə xahiş edirəm, övladım Hüseynov Səxavət Ədalət oğlunun azadlığa çıxmasına, ailəsinə, övladına sahib çıxa bilməsinə köməklik göstərəsiniz. Xahiş edirəm ki, müvafiq orqanlara tapşırıq verəsiniz ki, öz hüquqi borclarını qanuna uyğun yerinə yetirsinlər.”
Görünən odur ki, ana və cəza çəkən övladı bütün instansiyalara müraciət etdikdən sonra ümidlərini son olaraq Konstitusiya məhkəməsinə bağlayıblar. Bunu məhkum Səxavət Hüseynovun “Millətim”in baş redaktoru Lalə Ramizqızına ünvanladlığı məktubdan açıq-aydın hiss etmək mümkün olur. Məhkum yazır: “Çox hörmətli, Lalə xanım! Son ümid yeri kimi yazıb sizin qəzetinizdən kömək istəyirəm. Və bir daha sizin oxucularınızdan kömək gözləyirəm… Hərbi hissənin (dünyasını dəyişdiyi üçün adını çəkmirik-T.Türk) əskəri öz silahı ilə evimə hücum çəkərək bibimqızı S.Quliyevanın zorakılıqla namusuna sataşmaq istəmişdi. Etiraf edirəm ki, həmin əskərin silahını alıb, onu qətlə yetirdim. 2003-cü ildə istintaq 6 ay dava etsə də, hərbi prokuror işimi xitam etmişdi. Buna baxmayaraq 2005-ci ildə iş yenidən istintaqa qayıtdı. Əmimi günahsız yerə mənə “padelnik” etdilər. Valideyinlərimlə, yaxın qohumlarımla məni düşmən etdilər. (Görünür, Səxavətə işkəncə verildiyindən günahsız əmisinin əleyhinə izahat verməli olub-T.Türk). Məhkəmə də istintaqın yazdıqlarını təsdiq etdi. Çox yazmaq olar, amma yazdıqca həyata nifrətim artır. Heç erməni faşistləri bizim başımıza belə müsibət gətirməmişdi.
Çox hörmətli, Lalə xanım Ramizqızı! Siz yaxşı bilirsiniz ki, dustaq həyatı nədir. Sizin atanız, böyük şəxsiyyət Ramiz Tağıyev də haqsızlıqlarnan üzləşib. 10 il 6 aydır ki, 7 saylı Ciddi Rejimli Cəzaçəkmə müəssisəsində cəza çəkirəm. Cəza çəkdiyim müddətdə heç bir rejim qaydasını pozmamışam. Rəis tərəfindən yaxşılaşdırılmış rejimə keçirilmişəm. Ailəmizlə görüş və telefon vasitəsiylə əlaqə saxlaya bilirik. Amma imkansızlığa görə yoldaşım və övladlarım 5 aydır ki, yanıma gələ bilmirlər. Onlarla telefonla danışmaq istəsəm də, burda mobil telefona zəng vurmaq üçün dəqiqəsinə 1 manat istəyirlər. Çox vaxt bu səbəbdən onların mobil telefonlarına “vızov” atırıq ki, onlar bizə zəng etsinlər. Ailəmizdən bizə zəng gələndə 5-6 dəqiqə, ən çoxu 10 dəqiqə danışdıqda bizdən 1 manat alırlar. Əgər, həmin pulu verməsək, növbəti dəfə telefon danışığından məhrum edirlər. Mənim ailəm cəbhə bölgəsində yaşadığından narahatlığım hədsizdir. Bu səbəbdən də qanuna uyğun olaraq həftədə iki dəfə telefon rabitəsi yaratmaq istəsəm də, buna imkan yaratmırlar. Telefon qovşağının nəzarətçisi Ədliyyə giziri İlkin Əliyev və Rasəf Əliyev, birdə onların rüşvətxor havadarları bizə zülm çəkdirirlər.
Yemək məsələsi daha bərbad vəziyyətdədir. Elə iyrənc formada yemək verirlər ki, üzünə belə baxmaq çətindir. Halbuki gündəlik norma olaraq 80 qram ət, 100 qram balıq, 700 qram çörək, 125 qram makaron verilməlidir. Amma bunların heç biri bizə verilmir. Bizdə naəlac qalaraq ailəmizdən yardım istəyirik. Tibb məntəqəsinin həkimləri ölsən də pulsuz bir iynə vurmazlar.
Çox hörmətli, Lalə xanım! Xahiş edirəm mənim haqq səsimi, dövlət qurumlarının internet saytlarına, qəzetlərə çatdırasınız. Əgər Azərbaycan Respublikasının qanunları işləyirsə, icra olunursa mənə və ailəmə köməklik etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.3 maddəsinə əsasən, xüsusilə ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzanın azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra məhkum şərti olaraq azadlığa buraxıla bilər. Cəzaların icra məcəlləsinin 170.2 (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) və həmin məcəllənin 109.5 maddəsini mənə şamil etmək olar. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş Prokuror Zakir Qaralova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, Xətai rayon Məhkəməsinin sədri Nazim Tağıyevə müraciət edib, köməklik gözləyirəm. Anam-Hüseynova Nazilə Saday qızı da ərizəylə həmin instansiyalara müraciət edib.
Bir daha sizin nəzərinizə çatdırıram ki, burada vəziyyət çox ağırlaşıb, baxımsızlıq, ədalətsizlik baş alıb gedir. Xahiş edirəm, yalvarıram, qanunların aliliyi ilə məni burdan xilas edin. İki azyaşlı övladım, ailəm azadlıqda, özüm isə cəzaçəkmə müəssisəsində aclıqdan əzab çəkirik. Ailəmin mənə ciddi ehtiyacları var. Əgər qanunlar mənim burdan çıxmağıma imkan verirsə, onda mənim burdan çıxmağıma niyə imkan vermirlər?”
Məlum olur ki, Səxavət Hüseynov cəza çəkdiyi müddətdə heç bir qanun pozuntusuna yol verməyib. Nümunəvi dustaqlardan sayılıb. Həmin göstəricilərə görə, mövcud qanunlara müvafiq olaraq vaxtından əvvəl şərti azadlığa çıxmağı haqq edən say-seçmə məhkumlardan sayılır. Üstəlik də, aldığı cəza hamı üçün müqəddəs, qeyrət, kişilik rəmzi sayılan namus üstündə olub.
Həmin müəssisədə cəza çəkmiş “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyev Səxavət Hüseynovu yaxından tanıdığını söylədi: “Orada görüşməsəydik, onun cinayət törətdiyinə belə inanmazdım. Hədsiz tərbiyəli, yüksək əxlaqa malik şəxsdir. Həmin cəzaçəkmə müəssisəsinin qayda-qanuna ən çox riayət edən məhkumlarından biridir. Bilirəm ki, özü içəridə, ailəsi azadlıqda hədsiz ehtiyac içində çabalayırlar. Məlumdur ki, nə qədər nümunəvi məhkum olsan belə, pulun olmasa kimsə səni vaxtından əvvəl azadlığa buraxmaz. Cənab Mədət Quliyev Penitensiar Xidmətdə ciddi islahatlar aparsa da, görünür bir sıra qanunların işləməsi üçün yetərli olmayıb. Yəqin ki, Mətbuatda keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının açıqlamalarıyla rastlaşmısınız. Əvəz bəyin açıqlamalarından görünür ki, həbsxanalarda, cəzaçəkmə müəssisələrində rüşvət, korrupsiya tüğyan edir. Nəfisliyi açıq qoymaq ayda 150-200 manat, kameranın qapısını açıq saxlamaq 800-1000 manat, kameraya “plitka” qoymaq 700-800 manat, mobil telefon saxlamaq 3000-3500 manat imiş. Əvəz bəy onu da qeyd edib ki, ümumiyyətlə pullu və imkanlı adamlar üçün indiki Penitensiar Xidmətdə hər şey etmək mümkündür. Ən xırda şeylərdən ən çətininə -qanunun imkan tanımadığı şeylərə qədər: “Buna Ədliyyə işçilərinin imkansızlıqları, maaşlarının az olması da təkan verir. Ayda 450-600 manat alan “nadzor” hər zaman milyonlarla pulu olan dustaqdan asılı olur. Ona görə də onun dediklərini edir. Sadəcə, hər şeyin qiyməti var.”
Ə.Zeynallı deyib ki, danışdıqları təcridxana üçün səciyyəvidir: “Zon”larda durum daha fərqlidir; “Zon” təcridxanaya nisbətən bataqlıqdır və orada daha dəhşətli şeylər baş verir.”
“Millətim”in baş məsləhətçisi Ramiz Tağıyev Əvəz Zeynallı ilə razılaşdığını bildirdi: “Budur, Səxavət Hüseynov ayrıca mənə də məktub ünvanlayıb. Ədliyyə Nazirliyi yanında İctimai Şura fəaliyyət göstərsə də, onların fəaliyyəti yalnız cəzaçəkmə müəssisələrinin rəisləri və digər rəhbər işçiləriylə görüşüb, ayrılmaqdan o yana keçmir. Desinlər görək, indiyə qədər hansı məhkumun şikayətini dinləyib, köməklik göstəriblər? Son dəfə 3 il 2 ay məhkumluq həyatı yaşadım. Yalnız 3 ildən sonra bircə dəfə Eynulla Fətullayevlə 12 saylı cəzaçəkmə müəssisəsində görüşdük. O, yanıma hüquq müdafiəçisi kimi yox, sanki bir müstəntiq kimi gəlmişdi. Cəzaçəkmə müəssisələrində əh təhlükəli məqam narkotik vasitələrin tüğyan etməsidir. İnanmırlar, onda zəhmət çəkib bir çox cəzaçəkmə müəssisələrində -xüsusilə 7 və 12 saylı müəssisələrdə məhkumları testdən keçirsinlər. Dəfələrlə məhkumlar “peredozirovka”dan dünyalarını dəyişsələr də, bunu gizlədirlər. Məhkumun islah olunmayıb, azadlığa çıxmasının hansı fəsadlar törətməsinin acı nəticələrindən xəbərsiz deyilik.”
Ramiz bəy S.Hüseynovun ona ünvanladığı məktubu da göstərdi: “Məni tanıdıqlarından, xarakterimə bələd olduqlarından ümid yeri kimi baxırlar. Bizim əlimizdən yazmaqdan, müxtəlif instansiyaları xəbərdarlıq etməkdən savayı nə gəlir ki. Eşitmişəm ki, artıq cəzaçəkmə müəssisələrindən mənimlə telefon əlaqəsi yaratmağa qadağa qoyulub. Bu səbəbdən də, onlar yaxınları vasitəsiylə məktublar göndərirlər. Açıq söyləyim, Səxavət kimi nümunəvi məhkumun pulu olsaydı, çoxdan azadlıqdaydı. Bilirsiniz, intizamlı məhkumların qanunauyğun olaraq, vaxtından əvvəl şərti azadlığa buraxılmaları digər məhkumların islah olunmasına nə qədər müsbət təsir göstərə bilər?”
Məhkum S.Hüseynovun 7 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitələrin tüğyan etdiyindən də söhbət açıb: “7 saylı cəzaçəkmə müəssisəsi deyəndə Kolumbiya yada düşür. Burda narkotik baş alıb gedir. Yataq yerlərini pulnan satırlar.”
7 saylı Cəzaçəkmə Müəssisəsinin keçmiş rəisi Tahir Rzayevin oliqarxlar səviyyəsində yaşadığından məlumatlı idik. Onun əvəzinə Xaləddin Əsədov rəis təyin edildikdə məhkumların sevinc yaşadıqlarından da xəbər tutmuşduq. Təəssüf ki, bu sevinc hissi ani yaşandı. İndi məhkumlar keçmiş rəisin həsrətini çəkməkdədirlər.
R.Tağıyev onu da qeyd etdi ki, təcridxana və cəzaçəkmə müəssisələri rəislərinin siyasi məhbuslara fərqli yanaşmaları var: “Bakı İstintaq Təcridxanasında bir ildən artıq müddətdə saxlanıldığımda müəyyən etdim ki, tək mənim saxlanıldığım kameranın taxta döşəməsi yoxdur. Pul ala bilmədiklərindən, yəqin, belə münasibət bəsləyirdilər. Yatdığım çarpayının divarı başdan-başa nəm çəkmişdi, su damcılıyırdı.”
Ə.Zeynallı da açıqlamasında türmədəki digər xərclərdən danışıb. Onun söylədiyinə görə, məhkumun hansı mərtəbədə olması, kimlərlə bir otaqda qalmasının xüsusi xərci var: “Bakı İstintaq Təcridxanasında “rəisin korpusu” deyilən yer var ki, orada qalmağın qiyməti ayrıdır. Baxır dustağına. 500 manatdan 2500 manata qədər dəyişir. Dustağı cəzalandırmaq üçün bəzən onu 1-ci mərtəbədən 2-ci, ya da 3-cü mərtəbəyə atırlar. Hamısı pulun başındadır. Bütün bunları tanınmış siyasi məhbuslar bilmədən edirlər. Çalışırlar ki, siyasilər xəbər tutmasın, amma orada xəbər axışı bayırdan yaxşı işləyir. Xəbəri saxlamaq və gizlətmək mümkün deyil. Görüşün ayrı qiyməti, qanuni telefonla danışmağın ayrı qiyməti, hər gün telefonla danışmağın ayrı qiyməti, evə məktub göndərməyin ayrı qiyməti, hətta narkotik maddə istəyirsənsə onun ayrı qiyməti var.”
Bax belə… Böyük ehtimalla “Millətim”ə məktub ünvanladığı üçün 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi məhkum S.Hüseynov barədə cəza tədbirinə əl atacaq. Düşünürəm ki, əksinə, müəssisə rəhbərliyi düşünüb-daşınmalı, məhkumların normal yaşaması, yaxınları ilə qanunun imkan yaratdığı formada görüşlərinə, telefon əlaqəsinə süni maneələr yaratmamalıdır. İntizamlı məhkumların vaxtından əvvəl azadlığa qovuşa bilməmələrin də günahı müəssisə rəhbərliyinin üzərinə düşür. Axı, 10 il ərzidə çəza çəkən məhkumun islah olunub, olunmadığını prosesdə iştirak edən hakim və ya dövlət ittihamçısı hardan bilə bilər? R.Tağıyev həmin məsələyə də münasibət bildirdi: “Bir çox hallarda məhkum şərti olaraq vaxtından əvvəl azadlığa qovuşsa da, bir neçə aydan sonra prokurorluğun verdiyi etiraza əsasən yenidən cəzaçəkmə müəssisəsinə qaytarılır. Məsələn, 7 saylı cəzaçəkmə müəssisəsində əslən İmişlidən olan Bilovhər adlı bir məhkum var, hərbçi olub. Hərbçi dostu ilə arasında yaranmış mübahisə zəminində ona bir yumruq vurub. Yəni, öldürmək qəsdi olmayıb. Dostu dünyasını dəyişdiyindən ona 15 il həbs cəzası verilib. 13 il nümunəvi məhkum olduğundan və ziyalı olan atasının İmişlidə Ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşüb, xahişindən sonra Bilovhər vaxtından iki il əvvəl azadlığa qovuşmuşdu. Bir neçə ay azadlıqda oldu, evləndi, ailə qurdu. Sevincləri çox çəkmədi. Prokurorluğun etirazına əsasən onu yenidən cəzaçəkmə müəssisəsinə qaytardılar. İndi övladı dünyaya gəlib ki, ata onun üzünü görməyib. Belə görünür ki, prokurorluq Ədliyyə nazirinə məhəl qoymur. Sirr deyil ki, bu kimi hallar yüzlərlədir. Hələ günahsız, şərlə-böhtanla ağır cəzalandırılıb, məşəqqətli məhkum həyatı yaşayanlardan söhbət açmıram. Təəssüf ki, onlar da hər gün savadsız, qaba “nadzor”ların təhqirləriylə, hədələriylə aşağılanırlar. İnanın ki, bu kimi halların kompleks araşdırılmasına zəruri ehtiyac var. Axı bütün məhkumlar gec-tez azadlığa qovuşub, cəmiyyətimizin bir üzvü olacaqlar. Onlara indidən Dövlətə, Millətə sevgi hissi aşılamalı, qanunların hər zaman işlək olduğunu nümayiş etdirə bilməliyik. O ki qaldı Səxavət Hüseynovun məsələsinə, söyləməliyəm ki, o, həqiqətən azadlığı haqq edən məhkumdur. İnanıram ki, müraciət etdikləri instansiyalar araşdırma aparıb, Səxavətin azadlığa qovuşmasına yardım edəcəklər.
Onu da xatırlatmaq istərdim ki, bir zamanlar biz həbsxanalarda saxlanma şəraitindən şikayət edəndə, indi məhkumluq həyatı yaşayan MTN generalı Akif Çovdarov və digər əməkdaş İlqar Əliyev sevinclərini gizlətmirdilər. Görürsünüz, həbsxanadan kimsə sığortalanmayıb. Məhz həmin səbəbdən də hər kəs məhkum fəryadını eşitməli, onlara yardım əli uzatmağa çalışmalıdır.”
Turan Türk