Ordu quruculuğunda yəni mərhələ.

0
4

Zaur Muradxanlı

Ordu quruculuğunda yəni mərhələ.

Ayın 15-də Müdafiə naziri Zakir Həsənov yeni tikilmiş hərbi hissənin açılışında iştirak edib. Qeyd edək ki, bu cari ildə istifadəyə verilən sayca onuncu yeni hərbi hissədir. Tamamilə müasir tələblərə cavab verən bu hərbi hissələr ordumuzun əsgər və zabit kollektivi üçün ən müasir formada yaşayış binaları, yeməkxanalar, hərbi texnika üçün saxlanclar, çamaşırxana, hamam və sair komplekslərlə təmin olunub.
Əlbəttə, bütün bunlar ordumuza dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının gün keçdikcə artmasının ən gözəl təzahürüdür. Gecə gündüz vətənimizin keşiyini çəkən əsgərlərimiz hər şeyin ən yaxşısına layiqdirlər və müdafiə nazirliyinin komandanlığı da bunu etmək üçün əlindən gələni etməkdədir. Özlərinə qarşı göstərilən diqqət və qayğıdan məmnun olan əsgərlərimiz isə torpaqlarımızın hər qarışının keşiyində ayıq-sayıq dayanmaqla onların qayğısına qalan vətənlərini həm erməni işğalçılarından, həm də onların arxasında duran rus və digər ünsürlərdən qorumağa çalışırlar. Vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gəldiklərini, məhz bunun da sayəsində artıq iki ildən çoxdur ki, cəbhənin hər qarışında düşmənə tutarlı zərbələr endirərək psixoloji üstünlüyü ələ aldıqlarını tam əminliklə deyə bilərik. Orduda xidmət görən oxucularımız hər halda qarşı tərəf üzərində qurulan psixoloji üstünlüyün cəbhə xəttində nə qədər önəmli olduğunu bilirlər.
Yaxşı xatırlayıram, bundan 15 il öncə mən cəbhə xəttində əsgər idim. Komanda müşahidə məntəqəsində hərəsi bir tərəfdən azıb gələn köpəklər ətlə bəsləndiyi halda ön xətdəki əsgərlərə, yəni bizlərə gəlib çatan yemək bir qab su və bu suyun içərisində ən çox iki və ya üç əriştədən başqa bir şey olmazdı. O zamanlar qarşı tərəfdə postlarda duran ermənlərin nə cür bəsləndiklərini bizə tərəf atdıqları yenicə açılmış konserv qutuları, ya da çeynənmiş sümüklər sayəsində bilir, içimiz sızlayaraq aramızdakı fərqi müzakirə edərdik. Amma indi elədirmi? Son iki ildə atılan qətiyyətli addımlar sayəsində nəinki əsgərlərimizin gündəlik qidalanma, yataq və digər şəraitləri düzəlib, hətta daha cəsur müdafiə naziri sayəsində cəbhədəki əsgərimiz hərəkət edən bütün düşmən hədəflərini “birdən məni tutarlar” qorxusu daşımadan, hətta bu barədə heç düşünmədən məhv edir. Bütün bunlar əsgərlərimiz üçün əlbəttə önəmli faktorlardır. Bir də əndirilən dəqiq zərbələrlə ermənilərin vaxtaşırı olaraq çoxlu sayda canlı qüvvə və texnika itkilərini nəzərə alarsaq, dediklərim daha yaxşı anlaşılacaqdır.

Məhz həmin o psixoloji üstünlüyün bizdə olması və düşmənin Qarabağa göndərilən əsgərlərində ölüm, ən yaxşı halda yaralanma təhlükəsi daşımaları, habelə 15 il öncə bizim əsgərlərimizin olduğu kimi, indi də onların daha pis qidalanmaları və daha pis şəraitdə yaşamaları vaxtaşırı olaraq elə erməni mətbuatında da müzakirə predmeti olmaqda, müzakirələrlə paralel olaraq xüsusən əsgər analarının etiraz aksiyaları ilə müşahidə olunmaqdadır.
Hərbi hissənin açılışında çıxış edən general-polkovnik Zakir Həsənov cəbhə xəttində ermənilərlə silahlı qüvvələrimizin kiçik bir qisminin mübarizə apardığını və düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edəcəyimizi bildirib. Bununla tam razı olmaqla bərabər hələ Müdafiə Nazirliyimizin elit birləşmələrinin cəbhə xəttində olmadığını, lazım gəldiyi anda onların düşmənə ən ağır şəkildə kəşfiyyat təxribat zərbələri endirəcək qədər mərd, cəsur, yüksək döyüş hazırlığına sahib əsgərlər olduğunu da bildirmək istərdim. Bəli, illər sonra, müdafiə nazirliyi komandanlığındakı dəyişikliklər və kadr islahatlarından sonra bu gün biz nəinki cəbhə xətti boyunca ermənilərdən, həmçinin baş verə biləcək münaqişə zamanı onların köməyinə gələcək Gümrüdəki rus bazalarının belə birləşmiş qüvvələrindən daha üstünük. Rusların birinci Qarabağ savaşındakı kimi köməyi belə erməniləri labüd məğlubiyyətdən qurtarmağa yetməyəcəkdir.
Hər bir azərbaycanlı bu gün Milli Ordumuzla fəxr edə bilər. Hər bir Azərbaycan xanımı bu gün oğlunu tam əminliklə ordumuza, hərbi xidmət keçməyə göndərə bilər, çünki artıq ordu sıralarındakı əsgərlərimiz həm qidalanma, həm gündəlik gigiyena və yataqxana şəraiti baxımından qətiyyən evlərindəkindən pis yaşamırlar. Elə fərarilik hallarının demək olar ki, tamamilə aradan qalxmasının da səbəbi məhz budur. Milli ordumuzda bu ruh yüksəkliyini, yüksək döyüş hazırlığı və nizam-intizamı yaradan hər kəsə ordumuzun ən ağır günlərində xidmət etmiş istefada olan əsgər olaraq təşəkkür etməyi özümə borc bilirəm.

LEAVE A REPLY