İran-ABŞ münasibətləri gündən-günə gərginləşir- Vəziyyət hərbi güc nümayiş etdirmək səviyyəsinə çatıb

0
8
İran ilə ABŞ arasında münasibətlər gündən-günə gərginləşir. Vəziyyət artıq hərbi güc nümayiş etdirmək səviyyəsinə çatıb.

Vaşinqton administrasiyası bombardmançı təyyarə daşıyan “Avraam Linkol” hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hərbi gəmi artıq Virciniya ştatının sahilindəki hərbi bazadan çıxaraq Fars körfəzinə istiqamət götürüb. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, rəsmi Vaşinqton istənilən halda müttəfiqlərinin maraqlarını müdafiə edəcək.

Qeyd etmək lazımdır ki, Prezident Donald Tramp İran neftinin dünya bazarına çıxarılmasının qarşısını tamamilə almaq məqsədilə 6 ay müddətinə 7 ölkəyə neft almaq icazəsini aradan qaldırdıqdan sonra vəziyyət daha da gərginləşdi. İran silahlı qüvvələrinin qərargah rəisi general Məhəmməd Baqeri bəyan etdi ki, əgər İran dünya bazarına neft çıxara bilməsə, onda Hörmüz boğazını bağlayaraq Körfəz ölkələrinin də neft satışını dayandıracaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Hörmüz boğazı Fars körfəzindən Hind okeanına çıxışı təmin edir və Körfəz ölkələri dünya bazarına tankerlərlə nefti məhz bu yolla çıxarırlar.

General M.Baqerinin bəyanatından sonra ABŞ hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hər iki tərəfin rəsmiləri hərbi toqquşma arzusunda olmadıqlarını bildirsələr də, görünən odur ki, diplomatik dillə deyilən sözlər reallıqda özünü doğrultmur. Ötən gün ABŞ körfəzə hərbi gəmi göndərmək qərarına gəldi, bu gün isə İran yeni texnologiyalarla hazırlanmış silahlarını nümayiş etdirdi. Tərəflər arasındakı gərginliyin nə vaxta kimi davam edəcəyini və hərbi toqquşmanın baş verib-verməyəcəyini isə zaman göstərəcək(azərtac).