Ramazan ayında necə qidalanmaq lazımdır?- Qida Təhlükəsizliyi Agentliyindən tövsiyələr

0
15
Qarşıdan bütün dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı gəlir. Oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəkindən tam fərqlənir. Buna görə də oruc tutmağı asanlaşdırmaq üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır. Gün ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, oruc tutanların əksəriyyəti imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar.

İmsakdan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir. İmsakda daha çox enerjili qidalara üstünlük vermək vacibdir. Lifli qidaların qəbulu qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə yemək isə məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, şit pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə təzə və ya qoz, badam kimi quru meyvələrin qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər. Ümumiyyətlə, bədəndə su saxlayan qidalara daha çox üstünlük vermək lazımdır.

Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içmək tövsiyə olunmur. Əvəzində bitki çaylarına, az şəkərli kompotlara üstünlük vermək məsləhət görülür. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq.

İftar zamanı orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.

Qidalanmağa ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Menyuda ət, ətli tərəvəz yeməklərinə yer verilməlidir. Ətli-tərəvəzli yeməkləri bişirərkən yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin. Ümumiyyətlə, bu ayda çox yağlı və duzlu yeməklərin qəbul edilməsi məsləhət görülmür. İftar süfrənizdə tərəvəz salatlarına yer verin. Onların üzərinə zeytun yağı əlavə edə bilərsiniz. Yeməkdən 1-2 saat sonra meyvələrdən, xüsusilə mövsümi meyvələrdən hazırlanan qidaların qəbulu daha düzgün seçim olar.

İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələri yaxşıca çeynəmək şərtilə yavaş-yavaş və uzun müddətə yeyin.

İftardan 1,5-2 saat sonra piyada gəzməyiniz həzmə köməklik göstərəcək, zəifləyən metabolizminizi sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir.

Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.