Neftin qiyməti bu tarixdən UCUZLAŞACAQ -İqtisadçıdan ŞOK PROQNOZ

0
15

Bu ilin sonu və gələn ilin əvvəlindən neft qiymətlərinin 50-55 dollara qədər enməsinin şahidi olacağıq.

 
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a ABŞ-ın İran neftinin idxalı ilə bağlı indiyə qədər verdiyi imtiyazları ləğv etməsi məsələsinə münasibət bildirib. İqtisadçı hesab edir ki, sanksiyalar İran iqtisadiyyatını zəiflədəcək:
“ABŞ-ın İrandan neft idxal edən 8 ölkəyə tətbiq etdiyi güzəştləri ləğv edəcəyini açıqlaması neft qiymətlərində təqribən 6%-ə qədər artıma səbəb olmuşdu. Bu, İran neftinin bazardan tamamilə çıxacağı ilə bağlı ehtimalın olmasına görə baş verdi. Ancaq İrandan neft alan ölkələrin ən azı 2-si – Türkiyə və Çin İrandan neft almağa davam edəcəkləri ilə bağlı bəyanatlar verdi”.
N.Cəfərli qeyd edib ki, sanksiyalar nəticəsində İranda neftin hasilatı kifayət qədər aşağı düşüb:
“İranın potensial neft hasilatı gündəlik 4 milyon barelə yaxındır. Ancaq indi 2 milyon barelə yaxın neft hasil edə bilir. Bu sanksiyaların İrana kifayət qədər təsir etdiyinin göstəricisidir. Neftin ixracatının və hasilatının azalması, ümumilikdə sanksiya rejiminin tətbiqi İran iqtisadiyyatı üçün ciddi təhlükələr yaradır. İranda inflyasiya prosesləri yüksəlib, milli valyutanın qiyməti 2 dəfə aşağı düşüb, son zamanlar işsizliklə bağlı ciddi problemlər yaşanmaqdadır. Amma neftin ixracatı tamamilə dayandırılsa, yəni Türkiyə və Çin də neft ixracatından tamamilə imtina etsə, bu, İran iqtisadiyyatına daha böyük zərbə olacaq və valyuta gəlirlərinin kəskin azalmasına gətirib çıxaracaq. Çünki İran gündəlik 1 milyon 200 min barel neft satır ki, bu da valyuta gəlirlərinin əsas hissəsini təşkil edir. Düşünürəm ki, İrandan neft almaması üçün ABŞ Türkiyə və Çinlə ciddi danışıqlar aparır. Hər iki ölkə öz maraqlarını önə çəkərək bu məsələ ilə bağlı ABŞ-dan güzəştlər qoparmağa çalışır. Türkiyə və Çin ABŞ-la aralarında olan problemləri həll etmək şərti ilə İrandan neft almaqdan imtina edə bilər. Bu zaman İran iqtisadiyyatında daha ciddi təlatümlərin şahidi olacağıq”.
İqtisadçı sanksiyaların neft qiymətlərinə də təsirinə münasibət bildirib:
“Neft qiymətləri hazırda stabildir. Bunun da iki səbəbi var. Birincisi, ABŞ neft hasilatını kəskin artırıb. ABŞ Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatında keçib və dünyada ən çox neft hasil edən ölkədir. İkincisi isə, ABŞ Prezidenti Donald Tramp Səudiyyə və digər OPEK ölkələri ilə hasilatın artırılmasıyla bağlı razılığa gəldiyini açıqladı. İran neftini əvəz edə biləcək həcmdə həm Səudiyyə, həm də digər bəzi OPEK ölkələri hasilatı artıracaqlar. Bu da neft qiymətlərində sabitliyin yaranmasına və qiymətlərin aşağı düşməsinə səbəb olan faktora çevrildi. Amma İran, Venesuela, Liviya ətrafında gərginlik qaldıqca neft qiymətlərində qeyri-stabil vəziyyət davam edəcək. Hər üç problemlə bağlı məsələlər həll olunsa, bu zaman neft qiymətlərində ciddi enişin olduğu dövrə qədəm qoyacağıq. Bu münaqişələrin bir müddət sonra həll olunacağını düşünürəm. Çünki bu cür münaqişələr uzun illər davam etmir”.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaları bu gündən tam qüvvəyə minir.