Orta məktəbdə “2” alanlar buraxılış imtahanına buraxılmayacaq – RƏSMİ

0
7

Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən, hər hansı tədris ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti “2” olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

 
Milletim.info AzEdu.az-a istinadən xəbər verir ki, bu bənd Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda əks olunub.
Eyni zamanda ümumi orta təhsil səviyyəsi üzrə də müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı tədris ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.
Buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi aparılmır. Onlara ümumi təhsil müəssisələrində təhsil almalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.
Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində verilir.
Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır.
Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.