“Azad məbuatın fəaliyyət göstərə bilməsi üçün ümumiyyətlə işıq yeri baraxmayıblar”

0
5

“Azad məbuatın fəaliyyət göstərə bilməsi üçün ümumiyyətlə işıq yeri baraxmayıblar”

Əhməd Oruc: “Media mənsublarını ələ almaq, şərləmək, həbs eləmək, lazım gələndə öldürmək də indi adi hal kimi qarşılanır”

“Azərbaycana neftin satışından hardasa 200 milyardla 400 milyard arasında pul gəlib. Və bu pulların da çox böyük hissəsi, ən yumşaq formada desək, sadəcə yeyilib, yəni 80-90 faiz civarında məmurlar tərəfindən mənimsənilib”

Seçki sonrası durumun və məmləkəti silkələmiş son olayların mahiyyətini və gerçəkdən nələrin baş verdiyini anlaya bilmək üçün, ”Azadliq” partiyasının sədri Əhməd Orucu həmsöhbət kimi seçməyim sadəcə bir təsadüfün nəticəsi deyil. Bir çox ünlü siyasi liderlərdən və partiya sədrlərindən fərqli olaraq, Əhməd bəy bütün mövzularda olduqca maraqlı müsahib və istənilən söhbətə açıq siyasətçidir. Ritorikasının kifayət qədər rəvanlığı, mülahizə və arqumentlərinin aydınlığı, həm də üslubunun sərtliyi ilə seçilən Əhməd Orucla bu dəfə Kardioloji xəstəxanada görüşdüm və müalicəsinin davam etməsinə rəğmən, müsahibə xahişimizi yerə salmadı və elə ilk sualı da onun xəstəxanaya yatma səbəbi ilə bağlı verdim…
… və bu arada nələrdən danışdığımıza, Əhməd Orucun pəncərəsindən baxanda, bu günkü Azərbaycanın necə göründüyünə siz də şahidlik edin, istəkli oxucular. Əminəm ki, Əhməd bəyin dedikləri ictimai rəyin müzakirəsi üçün xeyli materiallar verəcək və cəmiyyətə, yürüdüyü yolda gərək ola biləcək xeyli fikirlərə bu müsahibədə rastlaya biləcəksiniz …

(Əvvəli ötən saylarımızda)

– Əhməd bəy, seçkilər qurtardı, hakimiyyətdə də belə maraqlı şeylər baş verə-verə gedir. Prezidentin son müşavirələrini yəqin ki, izləyirsiniz?

– Arabir, rast düşəndə.

– Çox maraqlıdır ki, son müşavirələrdə ritorikası xeyli dəyişən və sərtləşən prezident bu nazirlərin, dövlətin yüsək vəzifələrini tutanların, iri çaplı məmurların üzlərinə qarşı, “qudurğan”, “quldur”, “harın”, “reket” və sair kimi ağır ifadələr işlədir. Belə bir vəziyyətdə, bir məsələyə münasibət bildirmənizi istəyirəm. Prezident həm bu şeyləri deyir, həm də açıq şəkildə ictimaiyyətdən dəstək istəyir. Amma elə hakimiyyətin içində yer alan və prezidentə çox yaxın olduğu bilinən adamlar, medianı prezidentin bu çağrışına dəstək verməməyə təhrik edir, bu istiqamətdə mətbuatıda, jurnalistləri də hədələyirlər. Bu arada baş prokurorluqdan və Mətbuat Şurasından da hədə dolu açıqlamalar gəldi. Sizcə bu hərəkətlər prezidentin çağrışlarını “sobotaj” etməyəmi hesablanıb?

– Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin çoxusu qeyri-səmimidilər və bu baxımdan da olduğca qeyri-ciddi bir vəziyyətdədirlər. Açığı bunların hər birinin sıra ilə çıxıb “bizdə seçkilər demokratik şəraitdə keçirilir”, “heç kim bizim daxili işlərimizə qarışa bilməz” və sair kimi bəyanatlarının hamısı boğazdan yuxarı deyilmiş sözlərdir. Seçkilərin anti-demokratik olduğunu artıq dünyada bilməyən yoxdur. Hamı bilir ki, əhalinin heç onca faizi də seçkiyə getmir, amma nəticələr harda 70-80, harda 50-60 faiz göstərilir. Bax bu, kütləvi saxtakarlığın bir göstəricisidir, amma mən hələ, kimin lehinə, kimin əleyhinə yazılan səslərin necə hesablandığını və bu əsnada verilən komandaların hardan gəldiyini heç demirəm. Belə bir vəziyyətdə, hakimiyyətdə təmsil olunan istənilən adamın durub, “bizdə az qalla bütün dünya üçün örnək sayıla biləcək nümunəvi seçki keçirilir” deməsi, əslində qeyri-ciddilik əlamətidir və belə bəyanatları ancaq özünə hörmət eləməyən şəxslər verə bilərlər. Şəxsiyyət olan və özünə hörmət edən adam sözünün çəkisini bilməlidir. Danışdıqlarının yalan olduğunu bilə-bilə, bu boyda yalanları uyduraraq söyləməyə, nə ehtiyac var axı, bu ölkəni niyə bu günə salırsınız? Niyə on minlərlə insan bu saxtakarlıqlarda iştiraka məhkum olmalı və yalan danışmaq zorunda qalmalıdırlar. Nədir bu bəlaların səbəbi, nədir burda dövlətin qazancı, xalqın uduşu? Bu cür eybəcərliklərlə formalaşan, biabırçı parlament nəyə və kimə lazımdır axı, bundansa onu ləğv eləyin getsin. Bu cür parlament nəyi həll edir və ya edə bilər, onun nəyi və harası parlamentdir axı? İctimai dəstəyi təmin etməli olan mətbuatın özü nə gündədir? Mətbuatin üzərinə basqılar o qədər artıb ki, azad məbuatın fəaliyyət göstərə bilməsi üçün ümumiyyətlə işıq yeri baraxmayıblar. Media mənsublarını ələ almaq, şərləmək, həbs eləmək, lazım gələndə öldürmək də indi adi hal kimi qarşılanır.

– Bəs onda bu çağrışın məhz prezidentin dilindən səsləndirilməsi nəyə hesablanıb? Tutaq ki, PA rəhbərinin özü, artıq ənənəvi hal alan media toplantısı keçirib bu çağrışı edə bilməzdimi? Lap elə Əli Həsənovun da bunu etməsində heç bir problem yox idi.

– Yox axı, burda problem başqa şeydədi. Bayaq da dedim ki, bunlar hakimiyyətin içərisindən müəyyən hissəni Rusiyanın sifarişi ilə hakimiyyətdən kənarlaşdırıblar. Amma bu biri yandan da hakimiyyət büyünlüklə klanlaşıb və burda təmsil olunanların tam əksəriyyəti, əslində elə hamısı bir-biri ilə qohum olublar. Bir komanda kimi hərəkət ediblər, hamısının da övladları, uşaqları, qayınları, qudaları və sair artıq vəzifələrə gətiriliblər. Ona görə də də istənilən bir şəxsi yerindən tərpədən kimi, onun yaxın ətrafından yüzlərlə çox boyük vəzifəli insanları da tərpətmək lazım gəlir. Buna görə də hakimiyyətin içərisində indi çox ciddi problem yaranıb. Əgər istənilən bir hakimiyyət mənsubunu işdən çıxarırsansa, onun yaxın ətrafını da bütünlüklə tutduqları vəzifələrdən kənarlaşdırmalısan ki, onların dolanışığı olmasın, heç bir fəaliyyət göstərə bilməsinlər, qorxub-çəkinsinlər va sair. Onda da, demək, az qala bütün hakimiyyəti dəyişmək lazım gəlir. Bütün hakimiyyətin dəyişməsi də bunlarda ciddi tərəddüd doğurur.

– Nəyə ki, fərmanı verdin getdi, tərəddüd nədən doğa bilər ki?

– Ona görə ki, hakimittətdə təmsil olunanların özlərinin və yaxın ətraflarının əllərində çox ciddi kapitallar toplanıb. Azərbaycanın bu günkü hakimiyyətində yüzlərlə insanlar var ki, onlardan tək bircəciyi müxalifətin tərəfinə keçib, müxalifəti maliyyələşdirərsə, ölkədə çox ciddi proseslər baş verə bilər. Bu səbəbdən də, ya bunların bütün maliyyələrini əllərindən almalıdılar ki, ondan sonra həmin adamları sərbəst buraxmaq mümkün olsun, ya da meydana çıxa biləcək sürprizlər göz önünə alınmalıdır. Hər iki variantla hərəkət eləməyin özü də çox çətin məsələdir.

– Deyəsən MTN məsələsində də proseləri o istiqamətə aparırlar?

– Yox, apara bilmirlər, ala bilmirlər.

– Necə ala bilmirlər, bəs bankalarla qızılı, brilliantları, qutularla daş-qaşı, yeşiklərlə dollarları kim götürür?

– O deyilənlərin xeyli hissəsi xalq yaradıcılığıdır. Ancaq bu pullar hamısında da var. Məsələn baxın, indiyə kimi hansı nazir tutulubsa, onların ən azı milyonlarla pullarının olduğundan söhbət gedib və bu da heç kimə sirr deyil. Bildiyiniz kimi, 15 ilə yaxın müddətdə Azərbaycana böyük neft pulları gəlib. Dövlət neft fonduna hər il on milyardlarla ölçülən transferlər olurdu. Üst-üstə götürəndə, bu illər ərzində Azərbaycana neftin satışından hardasa 200 milyardla 400 milyard arasında pul gəlib. Və bu pulların da çox böyük hissəsi, ən yumşaq formada desək, sadəcə yeyilib, yəni 80-90 faiz civarında məmurlar tərəfindən mənimsənilib. Yol, körpü, olimpiya kompleksləri, heykəllər, sosial layihələr adı altında çox böyük məbləğlər silinərək mənimsənilib. Təbii ki, həmin o pullar ortalıqda deyil, bunların özlərindədir. Amma o da var ki, mənimsənilən həmin pullar, bayaq dediyim qohumlar arasında bölünərək şaxələnib. Demək ki, komandada köklü islahatlara gedilməlidir, rüsvət və korrupsiyaya son qoyulmalıdır. Çıxış yolu yalnız bundadır.

– Amma bu mümkündürmü, Əhməd bəy?

– Bu mümkünsüzdür.

– Çox bədbin notlarda danışırsınız, çızdığınız panorama da vahimdi, bunun sunu nə olacaq?

Davamı var

Söhbətləşdi: Fəxrəddin Qardaşlı

LEAVE A REPLY