Azərbaycanda havalar daha 4 gün pis keçəcək– Çaylarda daşqın təhlükəsib

0
8

Artıq bir neçə gündür ki, ölkə ərazisində havanın tempraturu aşağı düşüb, kəskin xarakterli yağışlar qeydə alınır. Havanın belə olması kənd təsərrüfatına da təsirsiz ötüşməyib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vüqar Babayev Modern.az-a danışıb.

“Yağıntılar mövsümə uyğundur. Kənd təsərrüfatına heç bir ciddi ziyan dəyməyib. Adətən hər il  aprel ayının ortaları bu cür yağıntılar qeydə alınır. Dəmyə, taxıl əkilən ərazilərdə belə yağıntıların olması məhsula mənfi təsir göstərmir. Yağıntıların düşməsi suvarma ilə bağlı çətinliklərin də aradan qaldırılmasına kömək edir. Səpin prosesinin aparıldığı, əkin işlərinin yekunlaşdığı və taxılın ilkin biçişinin alındığı bir vaxtda bu cür yağışların olması kənd təsərrüfatının ziyanına yox, xeyrinədir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, kəskin hava şəraiti  aprel ayının 24-dək davam edəcək.

“Aprel ayının 19-u  gündüz saatlarından, 20-i səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan Muxtar Respublikasında,  Lənkəran-Astara zonasının bəzi ərazilərində hava şəraiti intensiv olub. Hazırda respublika ərazisində çaylarda gursululuq dövrüdür. Eyni zamanda yağan yağışlar nəticəsində də çaylarda suyun səviyyəsində  daha çox artım qeydə alınıb. Lənkərançay, Viləşçay və Qanıx çayı hansı ki, birbaşa   Mingəçevir su anbarına tökülür,  eyni zamanda Araz su anbarına tökülən Araz çayında da artım müşahidə edilib. Qeyd edim ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti aprel ayının 24-dək davam edəcək. Hava şəraitinin kəskin olması leysan xarakterli yağışların yağması daşqın yaranmasına səbəb olacaq”.