Baş Prokurorluq və Təhsil Nazirliyi Elinanın intiharı ilə bağlı birgə açıqlama yaydı –KİV-ə müraciət olundu

0
6
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Baş Prokurorluğunun Mətbuat xidmətləri 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı birgə məlumat yayıb.

Birgə məlumatda deyilir:

“Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunda yaradılmış istintaq qrupuna tapşırılıb, E.Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilib, müxtəlif növ ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

Ekspertizanın keçirilməsində yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan ekspertlərin iştirakının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislər cəlb olunub.

Cinayət işi üzrə istintaqın obyektivliyinin təmin olunması, şahid dairəsinə qanunsuz təsir göstərilməsi ehtimalının aradan qaldırılması və hadisənin təfərrüatlarının araşdırılması məqsədilə təhsil nazirinin tapşırığına əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən xidməti yoxlama aparılaraq məktəbin direktoru Sevinc Abbasova xidməti araşdırma müddətinə işdən kənarlaşdırılıb.

Göstərilənlərlə yanaşı, Bakı şəhər prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 6 aprel 2019-cu il tarixli məlumatında kütləvi informasiya vasitələrində insanların heysiyyatına toxunan əsassız məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq bəzi internet saytlarında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə, tədris prosesinin normal həyata keçirilməsinə mənfi təsir göstərən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilən informasiyaların daxil edilərək ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olmaqla konkret faktlara əsaslanmayan, eləcə də yayılması qanunla qadağan edilən informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.

Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə və sadalanan pozuntulara yol verən şəxslərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə mövcud qanunların tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunur ki, E.Hacıyevanın özü, ailəsi və yaxın ətrafı ilə bağlı qeyri-dəqiq, düzgünlüyü yoxlanılmadan paylaşılmış, cinayət işi üzrə həqiqətə uyğun olmayan, istintaq sirri təşkil etməklə, konfidensial informasiya hesab olunan məlumatların yayılmasının və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün monitorinq həyata keçirilərək bu cür hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək.

Hazırda cinayət işi üzrə bütün xüsusatların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.