Uşaqpulunun bərpası üçün hökumətə təkliflər verildi –Hər uşağa nə qədər pul vermək olar?

0
8
“2019-cu ildə ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox verilən sual daha hansı addımların atılmasına ehtiyacın olması ilə bağlıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hər zaman sosial islahatlar ilə bağlı təkliflərini hökumətə təqdim edir və onların reallaşmasına çalışır. Problemli kreditlərə kompensasiyanın verilməsi ilə bağlı təkliflərimiz dəfələrlə hökumət qurumlarında müzakirə olunmuşdu və nəhayət reallaşdı”.

Bu haqda Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflə hökumətə təqdim edilib.

Nə təklif edilir və mexanizm necədir?

Ekspert qeyd edib ki, hazırda ölkədə 17 yaşınadək olan uşqların sayı 2 milyon 614 min nəfərdir: “Uşaqpulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaqpulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaqpulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. Hazırda 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaqpulunun məbləği 50 milyon 752 min manat edir”.

V.Bayramovun sözlərinə görə, digər differensial uşaqpulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir:

“Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.

Digər uşaqpulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaqpulu məbləği 58 milyon 512 min manat edir”.

Ekspert qeyd edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir: “Bu, illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqlara müavinət verildiyini nəzərə alsaq, məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görünə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaqpulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları və xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib, bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yoluyla onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaqpullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”.