“Fuad Qəhrəmanlının həbs edilməsini qətiyyətlə pisləyirəm”

0
4

“Fuad Qəhrəmanlının həbs edilməsini qətiyyətlə pisləyirəm”

Ramiz Tağıyev:“Nüfuzlu bir siyasətçini hər kiçik epizodlara görə həbs etməzlər”

Məlumdur ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlını Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə çağırışlar) və 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirli bilib, barəsində Nəsimi rayon məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. F.Qəhrəmanlının həbs edilməsi siyasi dairələrdə birmənalı qarşılanmayıb.
Canımız Azərbaycan Naminə Partiyasının sədri Ramiz Tağıyev Fuad Qəhrəmanlının həbs edilməsini qətiyyətlə pislədiyini bəyan edib: “Bu cür həbslərlə nəyəsə nail olmaq mümkün deyil. Ola bilsin ki, Fuad bəy harda nəsə yazıb və yaxud söyləyib, bu heç də onun bir anda həbs edilməsinə əsas vermir. Dəvət edilmişdi, söhbət aparılardı, mövqeyi öyrənilərdi, xəbərdarlıq edilərdi…
F.Qəhrəmanlı tanınmış, uzun mübarizə yolu keçmiş, artıq 25 ildir ki, siyasi fəaliyyətlə məşğul olan siyasi xadimdir. Yeniyetmə yaşlarından Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulub, fədakarlıq nümayiş etdirənlərdəndir. Mən onu yüksək əxlaqa malik, savadlı, millətsevər bir ziyalı kimi tanımışam. Belə vəziyyətlərin yaranmasında iqtidarla müxalifət arasında mütəmadi görüş və dialoqların keçirilməməsi də səbəb olur. Harada olmağımızdan asılı olmayaraq biz bir dövlətin vətəndaşı, bir millətin övladlarıyıq. Məhz həmin səbəbdən də qarşılıqlı kin, amansızlıq, nifrət aradan qaldırılmalı, sivil siyasi mübarizə metodlarından istifadə edilməlidir. Tam əminəm ki, Fuad bəy dövlətini, millətini kimsədən az sevməyən siyasətçidir. Onu bir anda cinayətkara çevirmək, heç kimə başucalığı gətirməyəcək. Digər tərəfdən, onun ailəsi, övladları var. İndi ailəmizin yanında ola-ola gündəlik yaşayış ehtiyaclarımızı təmin etmək gücündə deyilik. İnanın ki, Fuad bəyin həbs edilməsi həm də onun ailəsini çörəklə imtahana çəkmək deməkdir.
Bir sözlə, mən, Fuad Qəhrəmanlının həbs edilməsini qəbul etmirəm və bəyan edirəm ki, onun hüquqlarının müdafiəsində fəal iştirak edəcəyəm. Əgər, Fuad bəyi həbs edənlər düşünürlər ki, belə tədbirlərlə mübarizə adamlarını qorxutmaq, sındırmaq mümkündür, tam yanılırlar. Ölkə içində barışı, sülhü bərqərar etməyin zamanıdır, nəinki həbslərin sayını çoxaltmağın”.

Nicat Sadiq

LEAVE A REPLY