«Ümid» rəhbərliyinin Sərdar Cəlaloğluna görə pərən-pərən düşdüyü deyilir
iqbal agazade serdar celaloglu(03.06.2014)Ümid Partiyasında ciddi «yarpaq tökümü» başlayıb. Özü də bu proses bir neçə ay əvvəl Aynur İmranova ilə startını götürən istefa dalğasından daha təlatümlüdür. Hər şey iki gün əvvəl başladı. Ümid Partiyasının sədri İqbal Ağazadənin müavini Könül Quliyeva partiyadan istefa verdiyini bəyan etdi. O bu barədə «Facebook» sosial şəbəkəsində belə bir məlumat paylaşdı:
«Dostlar! Mən bu gündən Ümid Partiyası sədrinin müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verirəm».
K.Quliyeva bu barədə ətraflı danışmaq istəmədiyini söyləyib, həmçinin, «125-lər» klubunda qalıb-qalmayacağı barədə hələlik bir qərar vermədiyini bildirib.
Bunun sabahı isə belə bir məlumat yayıldı ki, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 4-də yeni sərəncam imzalayıb. Partiyanın mətbuat xidmətindən bildirilib ki, sərəncama əsasən, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, xaricdə yaşayan həmvətənlər və diasporla iş üzrə müavini Rüfət Muradlı, humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad edilib.
Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək.
Əslində bu, İqbal Ağazadə tərəfindən atılan qabaqlayıcı bir addım idi. Çünki onun sərəncamla azad etdiyini bəyan etdiyi şəxslərin Könül xanımla birgə istefa verdiyi bildirilir. Sadəcə, bu barədə mətbuata açıqlamanın dünən veriləcəyi gözlənilirmiş. Bu prosesdə deyilənə görə, İqbal Ağazadə onları qabaqlamış olub. Özəl mənbələrdən bizə «Ümid»dəki proseslərin bütün səbəbləri barədə xəbərlər gəlib. İstefaların məhz İqbal Ağazadənin özünə müttəfiq seçdiyi Sərdar Cəlaloğlunun 60 illik yubileyini qeyd etdiyi günə təsadüf etməsi də çox mətləblərdən xəbər verir. ADP sədrinin ad gününün qeyd olunduğu tarixdə sosial şəbəkələrdə «Qarabağ» blokunun yubilyarı birgə təbrik etmələrini əks etdirən fotolar paylaşılıb. Ancaq maraqlıdır ki, istefa verən «Ümid» rəhbərliyi həmin şəkillərdə görünmür. Partiyadan kütləvi istefanın səbəbi kimi Ümid Partiyasının yenidən Sərdar Cəlaloğlu ilə bələdiyyə seçkilərində birgə iştirakla bağlı gəldiyi razılaşma göstərilir. İstefaya imza atanların əksəriyyəti hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilənlərdir. Son vaxtlar isə Sərdar Cəlaloğlunun radikal müxalif xətdən sapınması onlara belə müttəfiqliyi həzm etdirə bilməyib.
Maraqlıdır ki, İqbal Ağazadənin istefaya göndərdiyi adıçəkilən şəxslərin hamısının telefonları söndürüldüyündən, onların məsələyə münasibətini öyrənə bilmədik. İstefa verənlər isə mətbuata hələlik əsl səbəbləri açmaq istəmirlər…
Məhəmmədəli QƏRİBLİ