Ümid partiyası fəaliyyətini dayandırır?

0
4

Ümid partiyası fəaliyyətini dayandırır?
İqbal Ağazadə biznesini Türkiyəyə daşıyır.

Ümid partiyasının sədri İqbal Ağazadənin parlament seçkilərində sosial-demokrat Araz Əlizadəyə məğlubiyyətindən sonra təşkilatda durum xeyli gərgin görünür. Partiyasnın fəaliyyəti iflic olmuş kimidir. İ.Ağazadənin sabiq müavini Könül Quliyevanın KİV-lərə açıqlaması Ümid sədrinə şok effekti yaradıb.
Partiya sədrinin Milli Təhlükəsizlik Nazriliyinin bir sıra keçmiş səlahiyyətliləri ilə əlaqəli olması da təsdiqini tapıb. İ.Ağazadə inkar etsə də, məlum olub ki, Ümid sədri MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun hazırda cinayət məsuliyyətinə cəlb edilərək Bakı İstintaq Təcridxanasında saxlanılan müavini İlqar Əliyevlə sıx əlaqədə olduğu müəyyən edilib. Söylənilənlərə inansaq, İ.Ağazadənin MTN-in sabiq naziri Eldar Mahmudovla da işbirliyi olub. Həmin nazirlikdə baş vermiş ciddi dəyişikliklərdən sonra Ümid sədrinin narahat gördündüyü barədə məlumatlar almışıq. Ümidi tərk etmək istəyənlərin sayı da çoxalıb. Əvvəllər partiyanın qərargahında bir neçə yetkilinin daimi fəaliyyət göstərməsi məlum olsa da, indi həmin şəxslərin ara-sıra göründüyü, göründükləri kimi az bir məqamda qərargahı tərk etdikləri söylənilir. İ.Ağazadənin özünü də çox az hallarda qərargahda tapmaq olar.
Yaxın ətrafının verdiyi məlumata görə Ümid sədri indi daha çox biznes işləri ilə məşğuldur. Belə ki, İ.Ağazadə biznesini bütövlükdə qardaş Türkiyə Cümhuriyyətinə köçürməyə çalışır. Əsasən, qardaşının vasitəsi ilə paytaxtın bir sıra ərazilərində tikinti işləri aparan Ümid sədrinin İstanbulda “göydələn”lər ucaltmaq istəyində olduğu məlum olub. Bu işdə ona yaxın dostu-“Yeni Müsavat” qəzetinin baş yazarı Rauf Arifoğlunun yardımçı olduğu da söhbət mövzusudur.
Yaxın keçmişdə İ.Ağazadə “Xalqlar Dostluğu” yarmarkasının sahibi İman adlı iş adamı ilə rəqabətə baş vurması da unudulmayıb. Xətai rayonu ərazisində inşaat işləri aparmaq istəyən sahibkar Ümid sədrinin şantajları qarşısında geri çəkilməli olmuşdu. “Millətim”in araşdırması təsdiq etmişdi ki, “Xalqlar Dostluğu” yarmarkasının iş aparmaq üçün aldığı ərazi, yaxınlıqda yerləşən binaların sakinlərinə heç bir narahatlıq yaratmamışdı. Sadəcə olaraq həmin əraziyə sahib çıxmaq istəyən İ.Ağazadə müxtəlif şirnikləndirici vədlərlə bir sıra insanı aldadıb, torpağı qanuni yolla əldə etmiş sahibkarın işini dayandıra bilmişdi. Əlbəttə, bir sıra imtiyazlardan məhrum olmuş Ümid sədrinin paytaxtda biznes fəaliyyətini davam etdirə bilməsi inandırcı görünmür. Nəzərə alsaq ki, İ.Ağazadə MTN-dəki güclü dayaqlarını itirib, problemin daha da dərinləşməsi gözləniləndir. Ümid sədrinin nəzarətində olan şüşə sexinin də fəaliyyətinin dayandırılması barədə məlumatlar daxil olmaqdadır.
Ümid partiyası həm də təklənmiş kimi görünür. Bütün müttəfiqlərini itirmiş İ.Ağazadənin sabit tərəfdaş olmadığı aşkarlandığından, böyük ehtimalla Ümid hələ uzun müddət yeni müttəfiq axtarışında olacaq. Ümidləri puç olmuş Ümid sədrinin pessimist əhval-ruhiyyəsi də ümidçilərin diqqətindən yayınmayıb. İ.Ağazadənin güvəndiyi yeganə şəxs R.Arifoğludur. Güman edilir ki, dostları birləşdirən əsas amil biznes maraqlarıdır. Digər bir məlumatda isə, İ.Ağazadənin “Yeni Müsavat”ın baş yazarı ilə MTN-in sabiq “şefi” E.Mahmudov arasında vasitəçi rolu oynandığı deyilir.
Ümidin indiki siyasi rəqabətə davam gətirə biləcəyinə şübhə ilə yanaşan bir çox yetkilisinin partiyadan istefa verəcəyi gün uzaqda deyil. O ki qaldı sıravilərə, onların İ.Ağazadənin ətrafında olmadığı çoxdan məlumdur. Ümid də daima “ştat”niklər olub ki, həmin ştatların bundan sonra saxlanılması qeyri-mümkün görünür. Çünki indi nə həmin MTN, nədə ki, Eldar, Elçin, İlqar kimi çirkin siyasi oyunlara para sərf edən çekistlər var.

Turan Türk

LEAVE A REPLY