MTN “balyoz” əməliyyatı hazırlayırmış?

0
4

Ramiz Tağıyev

Məlumat yayılıb ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudası-Beynəlxalq Bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyev həbs edilib və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Məlumatda vurgulanıb ki, quda E.Mahmudovun əleyhinə bülbül kimi ötməyə başladığından, MTN-in sabiq “şefi” ürək “krizi” keçirib. Çətindir…
Əlbəttə, bir zamanlar üzbəüz oturub şəninə ürək oxşayan tostlar söyləyən quda indi sərt açıqlamalarıyla E.Mahmudovun qəlbini qırır, “kriz” keçirməsinə səbəb olur. Dözmək doğrudan doğruya çox çətindir. Ancaq nə etmək olar, olan olub, qudaların əli hədsiz sayda çirkli işlərə, çirkli pullara bulaşıb.
Çirkli pulların yalnız çirkli işlərə, cinayətlərə sərf edilməsi barədə dəfələrlə yazmışdım. E.Mahmudov yazdıqlarımı çox oxuyub, qəzəblənib, həbs edilməyimə göstəriş vermişdi. Təbii ki, çirkli əməllərin şahibi həbs olunmağım üçün bütün çirkin vasitələrdən istifadə etmişdi. Dostumu, qohumumu işgəncələrə məruz qoyub, üzümə durdura bilmişdilər. Haqsızlığa dözmək çətindir, əzablıdır. Tanrı mənə dözüm, iradə verdi. Bəlkə əsil həqiqətlərin aşkar olduğu günə şahidlik etmək üçün. Bağlı qapı arxasında belə dayanmadım, bildiklərimi qələmə alıb, “Millətimə” çatdıra bildim.
E.Mahmudov dövlət içində dövlət yox, sanki imperiya yarada bilmişdi. Sərvəti aşıb-daşan MTN-in cinayətkar dəstəsi çirkli pulları sərf edərək mətbu şəbəkə yaratmış, bununla ölkənin nüfuzlu şəxslərini ləkələməyə baş vurmuşdu. Həbsxanada yazdığım yazılar ciddi faktlara söykəndiyindən bu gün öz təsdiqini tapmaqdadır.
Düşünürəm ki, oxucularımızın həmin yazılara diqqət yetirməsi onların MTN ətrafında baş verən hadisələrə obyektiv yanaşmasına yardımçı olacaq.

MTN “balyoz” əməliyyatı hazırlayırmış?

Təhlükəsizliyimizdən sorumlu olanlar, bunu etmək əvəzinə, əksinə ölkə vətəndaşları üçün ən təhlükəli “fiqur”lara çevriliblər.

Məhkəmə prosesi zamanı bacım oğlu Akiflə, dəmir barmaqlıqlar arxasında yanaşı oluruq. İmkan tapan kimi, MTN-də başına gətirilən dəhşətli işgəncələrdən söhbət açır. Əslində bunu onun xarici görkəmindən də müşahifə etmək çətin deyil. Akifin söylədiklərini dinlədikcə məni dəhşət bürüyür:
“Bütün günü məni MTN-nin bir otağından digərinə çəkirdilər. MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, müavini İlqar Əliyev mənə kinli-kinli baxaraq deyirdilər, Akif əzab çəkirsən, nə edək, dayında yazıları ilə bizə əzab verib, yandırıb. İndi də sən onun əvəzinə yanırsan, dayın cəzalanmayana qədər sənə rahatlıq olmayacaq. Sənin azadlığın yalnız dayını həbs etməyə bizə yardımçı olmaqdan keçəcək. Yoxsa bu cavan yaşında burada çürüyəcəksən”.
Bunlar Akifin rastlaşdığı çoxsaylı epizodlardan biridir. “Dəfələrlə özümə qəsd etmək istədim ki, onların zülmündən birdəfəlik xilas ola bilim. Səhhətim kəskin pisləşmişdi, elə dərmanlar verirdilər ki, 3 sutka gecə-gündüz yuxudan ayıla bilmirdim. Hiss edirdim ki, verilən dərmanlar məni zəiflədir, yaddaşımı toplaya bilmirəm. Özümü ağlımı itirmiş kimi hiss edirdim. Oradan bütün instansiyalara müraciət etmişəm. Hətta dəfələrlə bu barədə müstəntiq İbrahim Ləmbəranskiyə də məlumat vermişəm. Onu cavabı da belə olurdu: “Akif, nə olur-olsun, dayın Ramiz Tağıyev getməlidir”. Onları başqa heç nə maraqlandırmırdı, yalnız “Millətim” qəzetini və dayımı susdurmaq üçün hər gün yeni-yeni metodlarla üstümə hücum çəkir, tələb edirdilər ki, dayımı həbs etmək üçün yalan ifadələr verim. “Əgər bunu etməyəcəksənsə, qardaşlarını həbs edəcəyik, lazım gəlsə anan və bacıların da həbs edilə bilər”-deyirdilər. Çox qəribədir, MTN əməkdaşlarından gördüyüm təzyiq-təhdidi, müstəntiq Ləmbəranskidən də görürdüm. Ona görə tələb edəcəyəm ki, İbrahim Ləmbəranski məhkəmə prosesinə dəvət edilsin, ona deyiləcək kifayət qədər sözüm var”.
İstintaq materialları ilə tanış olduqda, orada həqiqətən də Akifin öz xətti ilə yazdığı “burda mənə təzyiq edirlər, özümü öldürəcəyəm” ifadələrinə rast gəlmişdim. Təsəvvür edirsinizmi, bütün bunlar XXI əsrin ilk onilliyinin sonunda, çox təəssüf ki, bizim Azərbaycanımızda baş verir. Təhlükəsizliyimizdən sorumlu olanlar, bunu etmək əvəzinə, əksinə ölkə vətəndaşları üçün təhlükəli “fiqur”lara çevriliblər. İnanmaq və hətta düşünmək belə istəmirəm ki, onlara bu səlahiyyəti daha mötəbər, səlahiyyətli instansiyalar verib. Axı, bu birbaşa dövlətimizin demokratik imicinə zərbədir, təcavüzdür.

MTN-in Antiterror Mərkəzi Nazirliyin İstintaq Təcridxanasında 8 ay müddətində saxladıqları girovları, yalnız zorakı üsullarla mənim əleyhimə qondarma ifadələr aldıqdan sonra, onları bir növ sərbəst buraxıb, Bakı İstintaq təcridxanasına köçürülmələrinə maneçilik törətmədi. Akif deyir ki, “bu təcridxanada özümü azadlıqdakı tək hiss edirəm .Təhqir olunmuram, təzyiq görmürəm, yüksək səviyyəli insani münasibətlərlə qarşılaşıram”.
Bakı İstintaq Təcridxanasında saxlanılan məhbusların islah olunması, sağlam yaşamaları üçün bütün lazımı şərait yaradılıb. Həqiqətən də Bakı İstintaq Təcridxanasındakı şəraiti avrostandart adlandırmaq olar. Etiraf etməliyəm ki, buradakı şərait mənim uzun illərdir yaşadığım kirayə mənzillərdən qat-qat üstündür.
Məhkəmə zalında imkan tapıb söhbət etdiyimiz zamanlarda Akif indiki saxlanma şəraitindən xeyli razılıq etdi. O, qeyd etdi ki, MTN-də rast gəldiyi təzyiqlərlə bağlı, dövlət rəsmilərinə artıq müraciət ünvanlayıb. “8 ay ərzində MTN-nin Antiterror Mərkəzinin rəhbərliyi və eləcə də əməkdaşları məndən dövlət rəsmilərinin əleyhinə ifadələr almağa çalışırdılar ki, guya onlar “Millətim” qəzetini maliyyələşdirirmişlər. Xüsusi olaraq Daxili İşlər naziri Ramil Usubovun barəsində ifadə verməyimi tələb edirdilər. Adını ilk dəfə eşitdiyim, sonradan öyrənərək bildiyim Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun da “Millətim”lə əlaqəli olduğunu söyləyir və onun da əleyhinə ifadə verməyimi tələb edirdilər. Hətta ilk həbs edildiyim günlərdə məni Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əleyhinə də danışdırmağa çalışırdılar. Mən onun bir qohumu ilə həbsimdən az öncə dostlaşmışdım. Təsadüfən rastlaşmışdıq, onun avtomobili xarab olmuşdu, əlimdən gələn köməkliyi göstərib yolda qalmamasına yardımçı ola bilmişdim. Ara-sıra zəngləşib bir-birimizin hal-əhvalını soruşurduq. Saxlanıldığım gün, onu xatırladım və MTN-in mənə təqdim etdiyi vəkillə ona sifariş göndərdim ki, məni qanunsuz həbs ediblər, imkan daxilində köməklik göstər. Demə həmin vəkil bu barədə MTN-in Antiterror Mərkəzinin rəhbərliyinə məlumat veribmiş. Bundan sonra mərəkə başladı, hər gün 3-4 dəfə ayrı-ayrı kabinetlərə aparıb, dayım Ramiz Tağıyevin Ramiz Mehdiyevin təlimatı ilə fəaliyyət göstərməsi barədə izahat yazmağımı tələb edirdilər. İstəyirdilər yazam ki, mən təsadüfən tanış olduğum dostumun vasitəsi ilə Prezident Administrasiyasından aldığım informasiyaları “Millətim”ə ötürürmüşəm”.
Daha öncə Eldar Əliyevin MTN-in İstintaq təcridxanasından ölkə rəhbərliyinə ünvanladığı müraciətdə bu mövzuda ətraflı söhbət açılmışdı. Görəsən MTN-in Antiterror Mərkəzi Prezidentin yaxın çevrəsinə və xüsusi olaraq Prezident Administrasiyası rəhbərinin əleyhinə zorakı üsullarla qondarma ifadələr almaqda nə kimi məqsədlər güdürmüşlər. Olmaya qardaş Türkiyə cümhuriyyətindəki “balyoz” əməliyyatının Azərbaycan variantını hazırlayırmışlar?! Hər halda faktı və sualı biz verdik, cavabını qoy dövlət rəsmiləri almağa çalışsınlar. Bu bizim üçün də çox önəmlidir, çünki ATM “Millətim”in fəaliyyətindən nədən belə narahatlıq keçirib, buna da aydınlıq gətirilməsini çox arzulayırıq. Yoxsa onlar çirkin məqsədlərini həyata keçirmək üçün mənim üzərimə hələ neçə-neçə qondarma cinayət işləri də qaldıra bilərlər.
Faktlar bir daha təsdiq edir ki, onlar bu ölkədə kimsəni və eləcə də müqəddəs qanunlarımızı tanımaq belə istəmirlər. Belələrinin Allahı tanımadıqlarına isə şübhə yeri qalmayıb. Yalnız Allahsız insanlar digərlərini iyrənc üsullarla şərləyib, həbsxanalara saldıra bilər və sonunda müxtəlif üsullarla aradan da götürə bilərlər.

“Millətim” N30 (071)
05-11 avqust, 2010-cu il

LEAVE A REPLY