Azərbaycanda dünyaca məşhur brendlərin mallarını satırlar, amma sertifikatlarını təqdim edə bilmirlər, çünki…
Azərbaycanda tekstil sahəsindəki durum son günlərin əsas müzakirə mövzusuna çevrilib. Bu da səbəbsiz deyil. Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi ölkədə məşhur olan “Lady Sharm” mağazalar şəbəkəsində xüsusi əməliyyat keçirib. Məlum olub ki, mağazalarda satışa çıxarılan Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məşhur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.
***
Azərbaycanda illərdir ki, tekstil bazarında belədir – Türkiyədən və Çindən ölkəyə gətirilən paltarlar mənşə ölkələrindən “su qiymətinə” alınır, Azərbaycanda isə qızıl qıymətinə satılır. Məsələn, siz Türkiyədə Azərbaycan manatına çevirəndə 10 manata aldığınız pencəyi Bakıda brend malların satışını təşkil edən məşhur mağazalarda çox baha, hətta 1000 manata da satılmasının şahidi ola bilərsiniz. Bu tekstil bazarında istehlakçıların hüquqlarının qanunun tələb etdiyi şəkildə qorunmamasının təzahürüdür.
Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynovla real durumu öyrənmək üçün “Neftçilər” metrostansiyası yaxınlığındakı məşhur brendlərin mallarının satışını təşkil edən bir neçə mağazada olduq.
Yolumuzu dünyaca məşhur “New Yorker” mağazalar şəbəkəsinin mağazasından saldıq. Eyyub Hüseynov bildirdi ki, satışa çıxarılan mallar sertifikatlı olmalıdır, hətta alıcı olaraq malların mənşə ölkələrində ilkin alış qiymətlərini də öyrənmək hüququmuz var.
“New Yorker” mağazasında menecerlər əvvəlcə dedilər ki, mallarla bağlı sertifikatlar var, amma həmin sertifikatları təqdim edə bilmədilər. Dedilər ki, sertifikatlar baş ofisdədir, baş ofis isə başqa yerdədir.
Eyyub Hüseynov belə yanaşmanın professional olmadığını, sertifikatın malın satıldığı mağazada saxlanılmasının qanunun tələbi olduğunu diqqətə çatdırması da nəyisə dəyişmədi. Menecer rəhbərliyə məlumat verəndən sonra sertifikatla bağlı məlumat verəcəyini deyib aralaşdı və geri qayıtmadı.
Yaxınlıqdakı “LC Waikiki Azərbaycan”ın satış nöqtəsində də eyni vəziyyətdir. Malların sertifikatı yoxdur. Satış meneceri deyir ki, satdıqları mallar brend mallardır, hər birinə aid də sertifikat var. Sadəcə, həmin sertifikat baş ofisdədir.
“Bu mağazada da təsdiq olunur ki, ölkədə satılan tekstil malların sertifikatı heç bir mağazada yoxdur. Malların mənşəyi haqda məlumat da yoxdur” deyə, Eyyub Hüseynov bildirdi. Satıcı isə deyir ki, malların mənşəyi haqda etiketlərində məlumatlar var, sertifikatların da baş ofisdə olmasını qeyd edir.
Yaxınlıqdakı asılqandan götürdüyü şalvarı satıcıya göstərən AİB sədri “bu hansı ölkənin malıdır” sualını ünvanlayır. Satıcı şalvarı alıb iç üzündəki etiketdən həmin məlumatı oxumağa çalışır. Lakin çətinə düşdüyünü görüb malı asılqana qaytarır. Eyyub Hüseynov dəqiqləşdirmə aparanda isə satıcıdan “bilmirəm” cavabını alır.
“LC Waikiki Azərbaycan”ın “Neftçilər”dəki satış nöqtəsinin yerləşdiyi binada daha bir məşhur mağazalar şəbəkəsi də var. Əsasən parfüm satışı üzrə ixtisaslaşan “İdeal” mağazasında da durum fərqli deyil. Satılan parfümlərin sertifikatları yoxdur. İlkin alış qiymətləri haqda da məlumat verməkdən imtina edirlər. Baş menecer telefonla kiminləsə danışır, deyir ki, hər hansı bir məlumat verə bilməz.
Eyyub Hüseynov baş menecerdən “İdeal” mağazalarında alıcılara təqdim olunan 100 manatlıq hədiyyə kartlarının etibarlılıq müddətinin narazılıq yaratdığını bildirdi. Dedi ki, həmin kartlarla bağlı AİB-ə şikayətlər daxıl olur. Alıcılar həmin kartları 100 manat qarşılığında əldə edir, bu zaman onlara həmin kartın etibarlılıq müddəti haqda müfəssəl məlumat verilmir: “İstehlakçı həmin kartı alanda siz ona izah etməlisiz ki, həmin kart 6 ay, 1 il müddətində etibarlıdır. Bunun əvəzində kartın üzərində xırda hərflərlə etibarlılıq müddəti yazılır. İstehlakçı da düşünür ki, həmin kartdakı məbləği nə vaxt istəsə istifadə edə bilər. Amma belə deyil, bu istehlakçının aldadılması hesab edilə bilər. Əslində isə siz böyük hərflərlə yazılmalı və istehlakçıya kart təqdim olunarkən ətraflı izah olunmalıdır”.
Menecer isə bildirdi ki, kartın üzərində etibarlılıq haqda məlumat var və bunu kifayət hesab edirlər.
“İdeal”dan bir neçə gün əvvəl əməliyyat keçirilən “Lady Sharm”ın mağazasına yollanırıq. Mağaza hazırda fəaliyyətini davam etdirir. Mağazanın meneceri Hüseyn Məhərrəmov da deyir ki, bu gün Azərbaycanda heç bir mağazada satılan paltarların sertifikatı yoxdur: “Bayraq eləmək lazım deyil ki, satılan paltarların sertifikatı yoxdur. Bu gün heç bir mağazada sertifikat yoxdur. O cümlədən bizdə də”.
Mağazadakı satıcı xanım isə israrla deyir ki, tekstil sahəsində qanuni heç nə yoxdur.
Baş menecer Hüseyn Məhərrəmovun sözlərinə görə, 3 aydır ki, “Lady Sharm”da işləyir, bu müddətdə rəhbərlikdən malların saxta olub-olmaması ilə bağlı hər hansı bir məlumat almayıb: “Satıcılar da yenidir, 1-2 aydır ki, işləyirlər. Bu gün mağazada hər hansı bir problemli mal yoxdur. O gün keçirilən əməliyyat zamanı problemli malları yığıb apardılar. Daha problemli mal qalmadı. Bu günə qədər çox mağazalarda işləmişəm, İtaliya mallar satan mağazalarda da sertifikat yoxdur. Müştəri sertifikat istəyəndə gedir baş ofisə. Bizim baş ofis ”Memar Əcəmi”dədir, sadəcə bizim bütün sənədləri götürüblər deyə sertifikatı göstərə bilmirik”.
Eyyub Hüseynovun “Qanuna görə satıcı malın ilkin alış qiymətindən tutmuş sertifikata qədər istehlakçıya təqdim etməyə borcludur. Qanunda belə də yazılıb ki, malı satanın borcudur ki, sertifikatı təqdim etsin” sözlərindən sonra menecer “sertifikat baş ofisdədir” deyir.
Eyyub Hüseynov isə bildirir ki, bu qanunun tələb etdiyi qaydalardan kənar ticarət aparılmasıdır: “İstehlakçı ”Neftçilər” metrostansiyasının yaxınlığındakı mağazadan şalvar, köynək, parfüm, ayaqqabı alırsa, həmin malın sertifikatı da məhz həmin mağazada olmalı, alıcı tələb etdikdə satıcı həmin sertifikatı təqdim etməlidir. Alıcının satıcıdan malın ilkin alış qiymətini təsdiq edən sənədi alıb baxmaq, öyrənmək hüququ da var. Azərbaycanda qanunlar gözəldir, lakin icrası ilə bağlı çox ciddi problemlər var. Nəzarət etməli qurumlar da çox vaxt qanunların icra olunmamasına şərait yaradırlar”.
“Lady Sharm” mağazasının yerləşdiyi binanın zirzəmisində uşaq geyimləri mağazasında da baş çəkdik. Həmin mağazada da satılan malların sertifikatlarının olmadığını söylədilər. Deyəsən, həmin mağazada malların sertifikatlarının varlığını qanunun tələb etdiyi haqda heç eşitməmişdilər də.
AİB sədri ilə birgə baş çəkdiyimiz tekstil mağazalarında gördüklərimiz durumun “Lady Sharm”dan fərqli olmadığı qənaətini forlmalaşdır.
Eyyub Hüseynov bunun səbəbini qanunların işlək olmamasında görür. O, alıcılara müraciət edərək deyir ki, istər qida, istərsə də tekstil mallar alarkən həmin malların ştrix kodlarının telefonlardakı müvafiq ştrix kod oxuyan proqramlar vasitəsi ilə yoxlanılmasını məsləhət görüb: “Dünyada qloballaşma həm də elektron ticarət sahəsində gedir. Bu gün hamının internetə qoşulmuş mobil telefonu var. Yetər ki, həmin telefonların yaddaşına ştrix kod oxuyan proqramlar yazılsın və ya olan proqramlardan istifadə edilsin. Özünə hörmət edən bir çox şirkətlər – tekstil, qida, avtomobil, elektronika və s malları istehsal edib satanlar həmin malların identifikasiyası üçün müvafiq platformalar da yaradırlar. İstehsalçının bu cür yanaşması istehlakçını saxta mal almaqdan sığortalayır. Məsələn Azərbaycanda yaşayan istehlakçı ona mağazada Almaniyada istehsal olunmuş kimi təqdim edilən malın həqiqətən də orada istehsal edib-edilmədiyini telefonundakı ştrix kod oxuyan proqramla oxuya bilər. Əgər istehlakçı yoxlama zamanı görürsə ki, malın identifikasiyası mümkün olmur, bilməlidir ki, almaq istədiyi malı üzərində yazılan şirkət, brend sahibi istehsal etməyib. Yəni mal saxtadır”.
“Yeni Müsavat” reportyor qrupu