“Niyə yüz minlərlə insan yalan danışmağa, saxtakarlıq etməyə, seçici səslərinin oğurlanmasına zorlanmalıdır?”

0
5

“Niyə yüz minlərlə insan yalan danışmağa, saxtakarlıq etməyə, seçici səslərinin oğurlanmasına zorlanmalıdır?”

Əhməd Oruc:“Bu dəfəki parlament, açıq və ya gizli olmasına rəğmən, bütünlüklə Rusiya yönümlü adamlardan təşkil olundu və indi bizim birmənalı şəkildə tam Rusiya yönümlü bir parlamentimiz var”

“Hakimiyyətin daxilində də Qərbyönümlü qüvvələrin olduğu və onların da bu cəbhəyə qoşula bilmək ehtimalına hakimiyyət indi xüsusi həssaslıqla yanaşmaq zorundadır”

Seçki sonrası durumun və məmləkəti silkələmiş son olayların mahiyyətini və gerçəkdən nələrin baş verdiyini anlaya bilmək üçün, ”Azadlıq” partiyasının sədri Əhməd Orucu həmsöhbət kimi seçməyim sadəcə bir təsadüfün nəticəsi deyil. Bir çox ünlü siyasi liderlərdən və partiya sədrlərindən fərqli olaraq, Əhməd bəy bütün mövzularda olduqca maraqlı müsahib və istənilən söhbətə açıq siyasətçidir. Ritorikasının kifayət qədər rəvanlığı, mülahizə və arqumentlərinin aydınlığı, həm də üslubunun sərtliyi ilə seçilən Əhməd Orucla bu dəfə Kardioloji xəstəxanada görüşdüm və müalicəsinin davam etməsinə rəğmən, müsahibə xahişimizi yerə salmadı və elə ilk sualı da onun xəstəxanaya yatma səbəbi ilə bağlı verdim…
… və bu arada nələrdən danışdığımıza, Əhməd Orucun pəncərəsindən baxanda, bu günkü Azərbaycanın necə göründüyünə siz də şahidlik edin, istəkli oxucular. Əminəm ki, Əhməd bəyin dedikləri ictimai rəyin müzakirəsi üçün xeyli materiallar verəcək və cəmiyyətə, yürüdüyü yolda gərək ola biləcək xeyli fikirlərə bu müsahibədə rastlaya biləcəksiniz …

(Əvvəli ötən saylarımızda)

– Lap elə Konstitusiyada dəyişiklik edərək prezidentə deputatları təyin etmək səlahiyyəti vermək olmazmı? Zatən biz də konstitusiya dəyişikliyi bir uşağın metirkasını dətişməkdən çox asandır.

– O da indiki biabırçı seçki imitasiyasından daha şərəfli bir yoldur. Axı niyə yüz minlərlə insan yalan danışmağa, saxtakarlıq etməyə, seçici səslərinin oğurlanmasına zorlanmalıdır, niyə büdcədən bir belə pul, faktiki olaraq, göyə sovrulmalıdır, niyə, tutaq ki, müxalifət namizədlərinə səs vermiş şəxslər təzyiq altında imzasından imtina eləməlidir. Bütün bunlardansa, bir halda ki, hamının gözləri önündə seçki əvəzinə, seçkiyə parodiya sayılacaq oyunlar oynanır, 125 nəfərin bir qələmə təyinatını vermək daha rahat və inandırıcı görünərdi.

– “Azadlıq-2015” blokunda təmsil olunan Pənah Hüseynin Xalq Hərəkatı elan etməkmi, yoxsa yaratmaqmı deyə bir təklifi oldu. Bu haqda blokda müzakilərin olub-olmamasından xəbərim yoxdu. Bu mənada bilmək istərdim ki, bu, Pənah bəyin şəxsi təşəbbüsüdürmü, yoxsa blokun ümumi qərarı?

– Bu təklif blokun seçkilərin yekunu ilə bağlı mətbuat konfransında KXCP yetkilisi Xəzər Teyyublu tərəfindən səsləndirildi. Həm Azərbaycanın artıq görünən şəkildə Rusiyaya meyllənməsinə qarşı dura biləcək, həm də hakimiyyətə ciddi təsir faktoruna çevriləcək bir qüvvənin yaranması üçün, yalnız siyasi partiyaların blokunu deyil, siyasi partiyalarla bir yerdə, ictimai təşkilatların da, ziyalıların da, ayrı-ayrı aktiv fərdlərin də, mətbuat və QHT nümayəndələrinin də qatıla biləcəyi bir hərəkat modelini düşünmək təklif olundu. Bu da, prinsipcə, bizim blokda təmsil olunan partiyaların hamısı tərəfindən pozitiv qarşılandı. Əslində bu məsələ başlanğıcını ordan götürür və gerçəkdən də, hakimiyyətin də hesablaşa biləcəyi bir qüvvənin formalaşmasına indi ciddi ehtiyac var. Yəni müxalifətin xoşgörüsünə və bizim sağlam düçüncəmizə hakimiyyət tərəfindən heç bir reaksiya yoxdur və biz bunu son “dialoq” göstərisində də, bir daha bariz şəkildə gördük, müşahidə elədik.
– Son vaxtlar hakimiyyətin də daxilində, ciddi, həm də çox ciddi təlatümlərlə müşayiət olunan bir proses gedir. Cəmiyyətin bir hissəsi bunu prezident tərərəfindən, yuxarıdan başlanan islahatlar kimi qəbul edir. Digər bir hissə bunu hakimiyyətin Qərblə Şərq arasında elədiyi manevrlərdən diqqətin yayındırılması üçün atılmış addım kimi dəyərləndirir. Başqa bir hissə isə bunu saraydaxili intriqaların nəticəsi, hətta dövlət çevrilişi cəhdinin önlənməsi kimi qiymətləndirir. Sizin düşüncəniz nədir və sizcə hakimiyyətin içərisində nə baş verir?

– Açığı mən belə hesab edirəm ki, indi hakimiyyətin içində yaşanan bu proseslər Rusiyanın tələbinə görə baş verir. Azərbaycan hakimiyyətinin Rusiyaya yaxınlaşması ilə bağlıdı bütün bu proseslər. Bildiyiniz kimi, xüsusilə də “Avrovizion” və Avropa oyunlarının təşkilində və keçirilməsində təhlükəsizlik məsələləri Avropanın xüsusi xidmət orqanlarının və Mosadın yaxından iştirakı ilə təmin olunub və həmim xarici mütəxəssislər də burda MTN-də otururdular. İndi isə Azərbaycan Qərblə və Avropa ilə əlaqələri kəskin şəkildə pisləşdirmək xəttini tutub və açıq şəkildə Rusiyaya meyl edir. Bu da hər kəsə bəllidir ki, nə Avpopa, nə də ABŞ daxil olmaqla, bütövlükdə Qərb dünyası bununla barışmayacaq. Ya ölkədəki müxalifətin xətti ilə, ya da hakimiyyət daxili qüvvələrin əli ilə bu prosesin qarşısını almağa çalışır. Bununla bağlı, Moskva da, Avropa və Qərblə xüsusi əlaqələri olan məmurların hakimiyyətdə qalmasında maraqlı deyil. Bu səbəbdəndi ki, bu dəfəki parlament, açıq və ya gizli olmasına rəğmən, bütünlüklə Rusiya yönümlü adamlardan təşkil olundu və indi bizim birmənalı şəkildə tam Rusiya yönümlü bir parlamentimiz var. Artıq orda müstəqil söz deyə biləcək bircə nəfər belə yoxdur. Baxın, İlyas İmayılovun belə parlamentə girməsinin qarşısı alındı. Məsələn, Sabir Rüstəmxanlının bir milli damarı, milli xətti var və hansısa bir məqamda Sabir bəyin üzərinə gedib onu milli mənafelər yönündə danışdırmaq olardı. Onu da bu parlamentdən kənarda qoydular. Bütun bunlarla bərabər, məncə hakimiyyətin daxilində gedən proseslər də məhz Rusiyaynan bağlıdır. Rusiyaya bu qədər meyllənmənin qarşısını ala biləcək milli demokratik düşərgə təmsilçiləri ilə yanaşı, hakimiyyətin daxilində də Qərbyönümlü qüvvələrin olduğu və onların da bu cəbhəyə qoşula bilmək ehtimalına hakimiyyət indi xüsusi həssaslıqla yanaşmaq zorundadır. Bu mənada, “Qara Kəmər” əməliyyatı ilə yaxşı mənada gündəmə gələn, bir az elitar, bir az da cəmiyyətin diqqətindən kənarda olmaqla az-çox rəğbətlə qarşılanan MTN, həm də Rusiyanın bu qurumla bağlı davamlı basqıları fonunda, gec-tez bunları narahat etməliydi və etdi də. Hamıya məlumdur ki, Azərbaycanda, bu və ya digər qanunsuz yollarla pul almayan yüksək rütbəli məmur yoxdur. Ona görə də, məntiqi nəticə yüz faiz ora gəlir ki, baş verənlər, Azərbaycanda hakimiyyət dəyişikliyinin xofundan əmələ gəlir və bir də ölkənin strateji arientasiyasını hakimiyyətin istəyinə uyğun dəyişməsinin nəticəsidir.

– Niyə bunlar belə israrla, ancaq sahibkarların pozulan hüquqlarından danışırlar? Axı bu ölkədə yüzlərlə sadəcə küçədən, ya da evindən oğurlanaraq şərlənib tutulanlar olub…

– … Yataq otağına kamera qoyulanlar olub və sair…

– Elə ona görə sizdən soruşmaq istəyirəm ki, tutaq ki, sizin blokun iclaslarında bu şeylər müzakirə olunubmu ki, həm hakimiyyətin, həm də cəmiyyətin yadına bu məsələləri də salaq. Əgər birdən gerçəkdən də bu ölkədə doğru işlər görmək istəyi varsa, o insanların da haqqı tanınmalı, onlara bəraət verilməli, bir növü, reabilitasiya prosesi getməlidir.

– Biz mövcud hakimiyyətə müxalif bir blok olaraq, Azərbaycanda yaşanan ciddi ictimai-siyasi məsələlərin hamısını müzakirə edirik. Blokun daxilində də münasibətlər formalaşır ki, bloka daxil olan bu və ya digər partiyanın sədri mətbuata müsahibə verəndə, sosial şəbəklərdə olanda, əsasən bu tezislərdən istifadə edirlər. Bir şey dəqiqdi ki, ölkənin , dövlətin və xalqın mənafelərinə,maraqlarına uyğun olan, demək olar ki, bütün məsələlərdə blokun təsisçiləri arasında fikir birliyi mövcuddur. Amma o kateqoriyadan kənardakı bəzi məsələlərdə fikir ayrılıqları da ola bilir. Əslində Azərbaycanın problemləri həddən artıqdır və açığını deyim ki, hamısını da müzakirə eləmək üçün vaxt da yetmir. Bəli, bizim siz deyən məsələ ilə bağlı da müzakirələrimiz olub. Bununla belə, günü bu gün də həmin forma və vasitələrlə adamlar oğurlanır da, şərlənir də, həbs də olunurlar, barələrində uydurma maddələrlə, saxta məhkəmə hökmləri də çıxarılır. Ancaq biz niyə bu kimi məsələlərin qarşısını ala bilmirik? Açığı bunun üçün indi bizim əlimizdə, nə hakimiyyətin əlində olan rıçaqlar var, nə də cəmiyyət buna yetəcək qədər aktivdir. Həm də Azərbaycan cəmiyyəti bir qədər tez nəticə gözləyən cəmiyyətdir. Bir az da buna biz özümüz hələ hərəkat dövründən səbəb verdik. Meydanın tribunalarından verdiyimiz bəyanatları yada salın. Biz bu cəmiyyətə, bu xalqa müstəqilliklə bərabər nələr vəd vermədik? Qısa müddətdə yollarımızın qızıldan olacağından tutmuş, ta, hamının yağnan yatıb, qaymaqnan oyanacağına qədər, hər kəsin milyoner olacağıdan tutmuş, hamının sosial rifah içində yaşayacağınadək, nələrdən danışmadıq. Amma əvəzində, düşünməliydik ki, bizim uzun zaman istəyən normal-hüquq dövlətini necə oluşdurasıyıq. Baxın, indi regionda da, dünyada da bizin dövlətimizin oluşa bilməsini təhdid edən nə boyda güclər, neçə-neçə böyük dövlətlər var. Dünyanın bütün supergüclərinin Azərbaycanda nə qədər maraqları var.

– Əhməd bəy, seçkilər qurtardı, hakimiyyətdə də belə maraqlı şeylər baş verə-verə gedir. Prezidentin son müşavirələrini yəqin ki, izləyirsiniz?

Davamı var
Söhbətləşdi: Fəxrəddin Qardaşlı

LEAVE A REPLY