Strateq.az-ın xəbərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasından “Turan”a bildirilib ki, Yasamal məhkəməsi təşkilat üzvləri Ramin Əhmədov və Amil Məmmədzadəni 200 manat cərimə edib, Həsənəli Baxşəliyev isə 10 sutka həbs olunub.
Bitərəf fəallar İlqar Quliyev, İsrafil Ələkbərzadə, Coşqun Cəfərov və adı hələlik dəqiqləşdirilməyən bir nəfər Yasamal Rayon Məhkəməsinə aparılıb.
Digər AXCP fəalları Ayaz Məhərrəmov və Tofiq Məmmədov Nəsimi Rayon Məhkəməsinə aparılıb.
AXCP üzvləri Rəşid Turabov, Süleyman Məhərrəmov və Faiq Nağıyevin barəsində məlumat yoxdur.
Dünən azad edilən fəallar bu gün yenidən polisə çağırılıblar.
Öz növbəsində DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, yanvarın 19-da müxalifətin mitinqindən sonra bir qrup şəxs “stadionu tərk edərkən ictimai asayişi pozmağa cəhd göstərib”. Onun sözlərinə görə, polis əməkdaşları bu hərəkətlərin qarşısını alıblar. E.Zahidov bildirib ki, yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı bir qrup şəxs ictimai asayişi pozduğuna görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bunlar müxalifətin mitinqindən sonra ictimai asayişi pozan həmin şəxslərdir. O, saxlanılan şəxslərin adlarını açıqlamayıb.