ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən –AÇIQLAMA

0
8
ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək.

Milletim.info Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, faktla bağlı Şimali Karolina ştatının Şarlot-Meklenburq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları davam etdirilir. Cinayət işi həmin polis departamentinin müstəntiqləri C.Dadli və B.Personun icraatındadır:

“Mərhumun yaxın qohumları ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə onlara məlumat verilib. Hazırda cənazənin qısa müddət ərzində Azərbaycana göndərilməsi istiqamətində iş aparırıq. Sənədləşmə işlərinin bu gün yekunlaşması gözlənilir və cənazə Şarlot şəhərindən Nyu York şəhərinə, oradan da Vətənə göndəriləcək”.

Səfirlikdən bildirilib ki, baş vermiş hadisə nəzarətdədir, istintaqın gedişatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 14-də yerli vaxtla saat 11 radələrində Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həlak olub.

E.Xəlilov basqın edilən “Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.