Nə üçün Nardaran?

0
8

Nə üçün Nardaran?

Taleh Bağırzadə qəhrəmandırmı?

Nardaranda baş verənlər mənə bir neçə il öncə “Millətim”ə müsahibə vermiş tanınmış professor, Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərlinin söylədiklərini xatırlatdı; “Nardaran ETTELAT-ın ocağıdır!”
Doğrusu, həmin zaman Əliyar müəllimin söylədiklərinə bir az şübhəylə yanaşmışdım. Ancaq əlahəzrət zaman bütün qaranlıq məqamlara aydınlıq gətirmək gücündə olduğu üçün, hörmətli professorumuzun da “Millətim”ə əsil həqiqətləri açıqladığı çox keçmədi ki, tam təsdiqini tapdı.
Ə.Səfərli qeyd etmişdi ki, İran Mədəniyyət Mərkəzi “Unudulmuş qəhrəmanlar” adlı bir kitab nəşr etdirib. Bu kitab fars dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib və əhali arasında yayılıb. “Unudulmuş qəhrəmanlar” kitabı Azərbaycana qarşı başdan-başa düşmənçilik münasibətidir. Heç bir ziyalı, mətbuat, televiziya buna münasibət bildirmir. Akademiyanın ayrı-ayrı tədqiqat institutlarında heç kim bu barədə söhbət açmır. Üniversitetlərdə bu kitabın əleyhinə münasibət bildirilmir. İranın Mədəniyyət Mərkəzi isə bu kitabı camaat arasında yaymaqdadır. Bu, düşmənçilikdir. Bəs bununla bağlı nə üçün Azərbaycanın səlahiyyətli orqanları araşdırma aparmayıb? İş təkcə bununla bitmir. Azərbaycan əleyhinə İran Mədəniyyət Mərkəzi hər il çoxlu kitablar yayır. Bunlar müxtəlif üniversitetlərdə, məscidlərdə yayılır, hətta ayrı-ayrı ziyalılara hədiyyə kimi verilir.

Bu kitabların Azərbaycana gətirilməsinə niyə icazə verilir?
Ə.Səfərli söhbət açırdı ki, səfir işlədiyi zaman İrana bir neçə kitab aparmaq istəyib, qonşu dövlətin gömrüyü buna icazə verməyib. Bizdə isə İranın qaraguruhçu qüvvələri açıq-aşkar fəaliyyət göstərir. Əslində ölkəmizə dini kitablar yalnız Dini Qurumlarla İş üzrə Komitənin razılığıyla gətirilə bilər. İndi bilmirəm həmin komitədə vəziyyət necədir, ancaq 5 il bundan öncə Ə.Səfərli qeyd edirdi ki, komitəyə daxil olan siyahıya gözüyumulu möhür vurulurmuş.
Təəssüf ki, ölkəmizdə problemin yaranmasına imkan verməmək əvəzinə, problem yarandıqdan sonra qarşısını almağa çalışırıq. Sirr deyil ki, bir çox dini təriqətlərin təsiri altına düşmüş şəxslərin əksəriyyəti savadsız, cahil olur. Belələri ömürlərində cəmi bir kitab-dini təriqətlərin onlara pulsuz bağışladığı kitabı oxuyur və orada yazılanların təsiri altına düşür.
Ə.Səfərli müsahibədə bunları xüsusi olaraq vurğulamışdı və narahatlığını gizlətmişdi: “Mən bir dəfə oğlumu göndərdim ki, öyrənim, bunlar Nardaranda nə işlə məşğuldurlar? Öyrəndim ki, Tehrandan Nardarana avtobus işləyir, sürücü işləyən Nurəddin adlı şəxs də tanıdığımız biri idi. Oğlumu görən kimi rəngi ağarıb. Bundan başqa mənə bildirdilər ki, Nardaranda farsca şüarlar yazdırılır, Azərbaycan əleyhinə təbliğat aparılır. Nardaranda molla adı altında İranın müxtəlif təxribatçıları fəaliyyət göstərir. Xalq arasında ciddi şəkildə dini xurafat, panfarsist ideologiyası yayılır.
Bütün bunların məntiqi nəticəsi olaraq Nardaran hadisələri baş verir. Ona görə ki, bizim dini idarələrimiz, elmi-tədqiqat institutlarımız, universitetlər, ideologiya ilə bağlı zəif fəaliyyət göstərir, İran ideoloji təbliğatına qarşı kimsə münasibət bildirmək istəmir.”

Nəticəsi oldumu?

Etiraf etmək lazımdır ki, qocaman professor tam zamanında müsahibə vermiş, ciddi açıqlamalar etmişdi. Nəticəsi oldumu? Yəni, Ə.Səfərlini müvafiq qurumlara dəvət edib, keçmiş İran səfiri kimi bilgilərindən, təcrübəsindən istifadə edən tapıldımı? Əfsuslar olsun ki, yox! Əvəzində İranın “Səhər” adlanan televiziya kanalı Əliyar müəllimin barəsində cəfəngiyyatlar uydurub, yayımlamağı, bununla da, necə deyərlər qocaman, Vətənpərvər professoru “tərk-silah” etməyə çalışdı. Bizlər isə Əliyar müəllimə tribuna verməkdən çəkindik, susmağa üstünlük verdik.
Müsahibədə Ə.Səfərliyə belə bir sualla müraciət etmişdik; bəlkə Ziya Bünyadovun başına gələn aqibətdən qorxurlar. Dəfələrl rast gəlmişik ki, Ziya Bünyadovun ölümü istisna olmaqla, digər məsələlərə aydınlıq gətirlməyib. İran rejimi başqa dövlətlərdə terror ocağı, şəbəkəsi yaradan bir rejimdir. Bizim ölkədə xüsusi xidmət orqanları baş verə biləcək həm mənəvi, həm də cismani terror hadisələrinin qarşısını zamanında almırlar. Bu orqanlar müxtəlif sahələrə, hətta qəzetlərdə şəbəkə yaratmağa belə baş vururlar. Ancaq nədən İrandan gələn bu təhlükəli axının qarşısı alınmır?
Əliyar müəllimin cavabı da maraqlı olduğundan 5 il öncə götürülmüş müsahibənin həmin məqamını bir daha xatırlatmaq yerinə düşərdi: “Əgər bir xalq qorxaqdırsa, miskindirsə, o, heç vaxt xoşbəxt ola bilməz. Elə adi insan da qorxaq, miskin, zavallıdırsa heç vaxt arzusuna çatmayacaq… İki gündən bir İranın “Səhər” telekanalında mənim əleyhimə saatlarla danışırlar. Ancaq Azərbaycan televiziyaları məni dəvət etmir ki, buna cavab verim. Mənə imkan verilmir. Bizdə deyilir ki, İranla münasibətlərimizi pozmamaq üçün sakit oturmaq lazımdır. Sovet dövründə deyirdilər ki, ermənilər əleyhinə danışmaq olmaz, münasibətlərimiz pozular. Bunun acı nəticəsi nəyə çıxardısa, İran da buna çıxaracaq. Biz İrandan qorxuruqsa, onda özümüzü Azərbaycan Türkü adlandırmayaq. Hər bir kəs öz xalqı uğrunda özünü qurban verməlidir, şəhid olmalıdır… Mən Ziya Bünyadovun ölümündən bir il əvvəl 8 səhifə yazıb, Xarici İşlər Nazirliyinə göndərmişdim”.
Ə.Səfərlinin bəhs etdiyi məktubun məzmunu ilə tanış olduqdan sonra, dəhşətə gəlmişdik. Hörmətli professor Z.Bünyadovun qətlə yetirilməsindən düz bir il əvvəl XİN-ə məlumat veribmiş ki, İran akademikə qarşı terror hazırlayır.
İranın ölkəmizdəki pozuculuq fəaliyyəti ilə bağlı keçmiş səfir dəyərli məlumatlar versə də, onun “Millətim”də-2010-cu ilin yanvar-fevral aylarında işıq üzü görmüş üç sayındakı müsahibəsi diqqətə alınmadı. Ə.Səfərli açıq-aşkar Nardaranı İran xəfiyyə orqanının –ETTELAT-ın ocağı olduğunu açıqlasa da, professoru müvafiq qurumlar dəvət edib, onun daha ciddi məlumatlarından yararlanmaq istəmirdilər.
Təəssüf ki, bəzi siyasi təşkilatlar Nardaranda baş verənlərlə bağlı ikibaşlı bəyanatlar yayır. Əməliyyatın keçirilməsində dövlət strukturlarını günahlandırmaq istəyirlər. Sual olunur: dünyanın hər hansı bir ölkəsində, bir bölgənin, bir kəndin anklav-dövlət içində dövlət yaratmaq istəyinə göz yumarlardımı?

Guya Taleh qəhrəman imiş…

Müxtəlif qəzetlər vasitəsilə qəhrəman obrazı yaradılmış Taleh Bağırzadənin növbəti cinayətinə səbəbkar olanlar da məhz onun dəstəkçiləri oldular. Xarici kəşfiyyat strukturlarına agentlik edən birini qəhrəman kimi təqdim etməyi, onun müdafiəsinə yazılar həsr etməyi, şəkilləri ilə səhifələrini bəzəməyi “Azadlıq” kimi qəzetlərə yaraşdırmaq çətindir. İranın ayətullahlarından birinin əlindən öpməyi özünə sığışdıran T.Bağırzadənin həmin olaydan sonra müdafiə edənlərin bir adı var- nadan, yaltaq və xəyanətkar! Axı böyüyə hörmət əlaməti olaraq əl öpmək adəti İranda deyil, can-qan qardaşlarımızın yaşadığı Türkiyədədir.
Təəssüf ki, xəyanətkarların yuvası tək Nardaranda deyil. Araşdırmalar göstərir ki, ölkəmizdə hələ də Xocalı qətliamını törətməkdə, 20 Yanvar faciəsini yaşamaqda ümumiyyətlə tariximiz boyu Azərbaycanımızın əzəli düşməni ermənilərə dəstək vermiş ruspərəst toplum var. Farslar da ruslardan fərqli münasibət sərgiləməyiblər. Uzun illərdir ki, erməniləri bəsləyən əsas iki dövlətdən biri məhz İrandır. Özünü islam dövləti adlandıran İranın işğal edilmiş ərazilərimizdə qəbristanlıqlarımızın şumlanmasına, məscidlərimizin xarabalıqlara çevrilməsinə göz yummasına bir ad tapmaq çətindir. Əfsuslar olsun ki, Azərbaycan vətəndaşı adını daşıyan bir çoxları bu tarixi həqiqəti dərk edə bilmir.

Nicat Sadiq

LEAVE A REPLY