Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb.
Strateq.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. O bildirib ki, DGK bu sahədə Səhiyyə Nazirliyi və müvafiq strukturlarla əməkdaşlıq edir: “Biz bu sahədə yüksək nəticələr əldə etmişik. Azərbaycanda əhalinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb və bu gün biz fəaliyyətimizi gücləndirilmiş rejimdə davam etdiririk”.
S.Mehdiyev əlavə edib ki, Azərbaycana “donuz qripi”nin daxil olmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparılır, eləcə də nəzarət-buraxılış məntəqələrində karantin zonaları müəyyənləşdirilib.