Şəhid övladlarına yeni vergi güzəşti tətbiq edilib

0
11

Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, şəhid övladları üçün gəlir vergisi üzrə güzəşt müəyyənləşdirilib

Vergilər Nazirliyindən verilən xəbərə görə, məcəllədə göstərilir ki, şəhid övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb. Başqa sözlə, muzdlu işçi kimi əməkhaqqı alan şəhid övladları yanvarın 1-dən əməkhaqqının 400 manatadək hissəsindən gəlir vergisi ödəməyəcəklər. Xatırladaq ki, indiyədək bu güzəşt yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) şamil edilirdi. Vergi Məcəlləsinin 102-ci maddəsinə (“Gəlir vergisindən azadolmalar və güzəştlər”) edilmiş dəyişikliklə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) ilə yanaşı, onların övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb.

Dəyişikliyin məqsədi şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Şəhid ailələrinə ünvanlanmış bu dəyişikliyin həmin kateqoriyaya aid şəxslərin əməkhaqqından tutulan gəlir vergisinin necə hesablanacağına dair nümunəni təqdim edirik:

Həlak olmuş döyüşçünün övladı dövlət sektorunda çalışır və 1000 manat əməkhaqqı alır.
Bu zaman onun gəlir vergisi aşağıdakı şəkildə hesablanacaq:

1000 manat – 200 manat (vergiyə cəlb olunmayan məbləğ) – 400 manat
(gəlir vergisi üzrə güzəşt) x 14 faiz = 56 manat

Ermənistan və Azərbaycan arasında 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 13 min nəfərə yaxın Azərbaycan hərbçisi şəhid olub. Bundan əlavə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və şəhid statusu almış mülki şəxslər, habelə atəşkəs dövründə şəhid olmuş hərbi qulluqçular da var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda ƏƏSMN tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunan şəhid ailələrinin sayı 12.779; 20 Yanvar şəhidi ailələrinin sayı isə 119-dur.