Avropa Birliyi-Türkiyə münasibətlərində yeni dönəm…

0
4

Avropa Birliyi-Türkiyə münasibətlərində yeni dönəm…

Türkiyə Birliyə üzv olacaq, yoxsa Avropanın Yaxın Şərq üçün tampon bölgəsi?

Noyabrın əvvəllərində Almaniya kansleri Angela Merkelin Türkiyə səfərində prezident Ərdoğanla görüşü zamanı Yaxın Şərqdən gələrək Türkiyə üzərindən Avropaya gedən qaçqınların bu ölkədə saxlanılması və eyni zamanda indiyədək gedənlərin də Avropadan Türkiyəyə qaytarılması müqabilində Türkiyəyə üç milyard avroluq yardım paketi təklif etdiyi ortaya çıxdı. Keçən həftə Brüsseldə keçirilən Avropa Birliyi-Türkiyə zirvəsində isə Angela Merkelin təklifləri daha ciddi şəkildə və incəlikləri ilə işlənərək masaya qoyuldu. Bəs, bu təkliflər özündə hansı şərtləri ehtiva edirdi?
Hamıya məlum olduğu kimi Suriyada vətəndaş müharibəsi başlandıqdan bu tərəfə Türkiyəyə gələn iki milyon yarımdan artıq suriyalı qaçqının hər cür xərcini çəkən və qaçqınlar məsələsində yalnız buraxıldığını düşünən Türkiyənin bütün yardım tələblərinə Avropa Birliyi qulaqlarını tıxayır, Türkiyəni suriyalı qaçqınlarla baş-başa buraxaraq bu ölkənin yardım tələblərini görməzdən gəlirdi. Birdən-birə nə baş verdi, avropalıların türklərə yaxşılıq etmə istəyimi tutdu?
Nə baş verdiyini anlamaq üçün bir az geriyə qayıtmaq, hafizəmizi təzələmək lazımdır. Son illərdə, xüsusən də “Ərəb baharı”nın təsiri, Şərqi və Mərkəzi Afrikada getdikcə genişlənərək bu qitənin on üç faizindən artığına nəzarət ədən “Boko Haram” terror təşkilatının təzyiqləri nəticəsində həm Afrikadan, həm də Yaxın Şərqdən, deyim yerində isə həyatlarının qalan qismini gün görmək, övladları üçün daha yaxşı gələcək təmin etmək istəyən insanlar Avropaya üz tutmağa başladılar. Hətta bəzən Avropaya gedə bilmək üçün insan tacirlərinə lazımi qədər maddi vəsait verə bilmək üçün orqanlarını belə satmağı gözə alan bu insanlar “umuda yolçuluq” adı verdikləri bu səfərdə mənzil başına çatmadan artıq qaçqınların məzarı halına gələn Aralıq dənizində boğulub ölməyi gözə alır, ya da başqa yerlərdə canlarından olurlar. Lakin bütün təhlükələrə baxmayaraq terrorçuların, aclığın, səfalətin əlindən qaçan insanları heç nə durdura bilməməkdədir. Əgər belə olmasaydı son iki ildə sadəcə Aralıq dənizində beş min nəfərdən artıq insanın boğulub ölməsinə baxmayaraq, bu insanlar hələ də eyni yollardan keçməklə Avropaya çatmağa çalışmazdılar. Burada xatırladım ki, son iki ildə sadəcə Aralıq dənizi üzərindən avropaya yeddi yüz mindən artıq insan gedə bilib.
Parisdə baş verən son terror aksiyasından sonra Avropada mühacirləri istəməyən kəsim səsini daha ucadan çıxarmağa başladı. Çünki mühacirlər onlar üçün sadəcə gündəlik sosial həyatlarını pozan ünsürlər deyil, həm də təhlükəsizliklərini təhdid edən insanlar halına gəlməyə başlayıblar. Elə təsadüfü deyil ki, son dönəmədək Avropa Birliyinin Türkiyəyə hər hansı güzəştə getməsinə qarşı olan Macarıstan baş naziri də Brüsseldə keçən həftə keçirilən zirvə öncəsi Angela Merkelin Ərdoğana təkliflərini dəstəklədiyini deyib. Bəs, Merkelin təklifləri nəticəsində Avropa Birliyi ilə Türkiyə arasında razılaşdırılan məsələlər tam olaraq nədir?
Avropa Birliyi Türkiyəyə qaçqınların bu ölkədən tranzit olaraq keçməsinin qarşısının alınması, ölkə sərhədlərinin təhlükəsizliyinin təmini, indiyədək Türkiyə üzərindən birlik ölkələrinə gedən mühacirlərinsə yenidən Türkiyəyə qaytarılması və eyni zamanda bu ölkənin pasportlarının Avropa standartlarına uyğunlaşdırılması və sair önləmlərin alınmasının qarşılığında Türkiyəyə üç milyard avroluq yardım paketi, 2016-cı ilin 1 oktyabrından etibarən viza sərbəstliyi və tam üzvlük müzakirələrinin başlanmasını vəd edir.

Doğrudur, bəzi analitiklərin fikrincə bu ilk baxışdan münasib təklif olsa da, uzun müddətdə Türkiyə üçün böyük problemlər yaradacaqdır. Onlar üç milyard avroluq yardımı isə öz təhlükəsizliklərinin təmini üçün Türkiyəyə verilmiş rüşvət olaraq dəyərləndirirlər.
Bu analitiklərin sözlərinə görə viza sərbəstliyi anlaşması 2014-cü il dekabrın 17-də imzalanmışdı və normal prosedur işləsə 2017-ci ildən etibarən başlayacaqdı. Yəni, viza məsələsini sadəcə bir neçə ay önə çəkməklə türk ictimaiyyətini sadəcə aldatmaqdan başqa bir iş görmürlər. O ki qaldı dondurulmuş tam üzvlük müzakirələrinin başlanmasına, Avropa Birliyi onsuz da yarandığı tarixdən etibarən Türkiyəni qəbul otağında gözlətməkdədir və anlaşmanın üzərindən bir-iki il keçdikdən sonra bu müzakirələr bir bəhanə ilə yenidən dondurulacaqdır. Əvəzində isə Türkiyə Avropanın tampon bölgəsi rolu oynayacaqdır. Yaxın Şərqdən gələn yüz minlərlə mühacir və üstəlik milyonlarca suriyalı qaçqın yenə də Türkiyənin üzərində yük olmağa davam edəcəkdir.
Əlbəttə, hər kəsimin- bu iddiada olan analitiklərin də, anlaşmanı dəstəkləyən hökumət nümayəndələrinin də haqlılıq payları vardır. Bir də biz özümüz düşünək, Avropada doğulub böyüyən müsəlmanları belə istəməyən, onlara qarşı irqçilik edən, Avropanın xristian klubu olduğunu yeri gəldi-gəlmədi söyləyən birlik üzvləri 78 milyonluq müsəlman Türkiyəni öz məclisinə tam hüquqlu üzv olaraq qəbul edərmi? Əlbəttə ki, yox… Amma Avropanın bu təklifi və münasibətlərdə daha da istiləşməyə doğru meyl Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda türk ictimaiyyəti üçün ən azından psixoloji dəstək olacaqdır.

Murad

LEAVE A REPLY