ABŞ-ın qorxunc proqnozu: Üçüncü Dünya Müharibəsi Azərbaycandan başlaya bilər…

0
15

Məşhur Amerika jurnalisti və politoloqu Robert Farli “The National İnterest” analitik nəşrində hər il olduğu kimi üçüncü dünya müharibəsinin başlanmasının mümkünlüyü haqqında növbəti proqnozunu verib: “ 2019-cu ildə dünya müharibəsinin başlanacağı 5 yer ”( 5 Places Where World War III Could Start in 2019)

Moderator.az bu məqalənin tərcüməsini təqdim edir.
“Dünya 1945-ci ildən bəri böyük dövlətlər arasında müharibədən qaçıb, baxmayaraq ki, soyuq müharibə illərində Birləşmiş Ştatlar və Sovet İttifaqı bir neçə dəfə müharibəyə yaxın olub. Berlin divarı yıxılandan ilk iki onillikdə müharibə təsəvvürə belə gəlmirdi. Bu gün dünya bir il əvvəldən daha təhlükəlidir? Ola bilsin ki, yox, amma Çinin artan iqtisadi və hərbi gücünün  və Rusiyanın beynəlxalq qayda-qanuna əməl etməkdən imtina etməsi fonunda 2019-cu ildə böyük dövlətlər arasında qlobal konflikt keçən illə müqayisədə daha çox ehtimal olunur.
Dünya müharibəsinin başlanma ehtimalı olan beş yer:
1.Cənubi-Çin dənizi
Cənubi-Çin dənizi ABŞ və Çin arasında gedən ticarət müharibəsinin vüsət aldığı mərkəzə çevrilib. Hələlik bu münaqişə, tariflər, müxtəlif digər ticarət məhdudiyyətləri və sərt bəyanatlar mübadiləsi formasındadır.
Həqiqətən, əgər Çin və ABŞ belə nəticəyə gəlsələr ki, onların ticarət münasibətləri (onlar son iki onilliyin qlobal iqtisadi artımın əsasını təşkil edir) ciddi riskə məruz qalır və ya gələcək münaqişə qaçılmazdır, onda onlardan biri Cənubi – Çin dənizində “əlcəkləri çıxartmaq” qərarına gələ bilər
Ukrayna
Kerç boğazındakı insident iki Ukrayna hərbi gəmisinə hücumla və ələ keçirilməsi ilə başa çatanda dünya Ukraynanı yada saldı. Bu insidenti kimin – Rusiyanın, ya Ukraynanın törətməsindən asılı olmayaraq, (aydındır ki, hər iki hökumət burda müəyyən rol oynamışdır) Ukrayna gəmilərinin ələ keçirilməsi  mövcud böhranı yenidən qızışdırdı.
Ukrayna hökumətinin hərbi vəziyyət elan etməsi  Ukraynada həyəcan və narahatlığın göstəricisidir. Ukraynada qarşıdan gələn seçkilər güc münasibətlərini dəyişməsə də, qeyri-müəyyənlik gətirə bilər.
ABŞ və Rusiya arasında çatların davam etməsini nəzərə alsaq, hətta kiçik bir hərəkətlənmə sapdan asılmış balansı təhdid edə bilər, nəticədə Şərqi Avropa xaosla yüklənər.
Fars körfəzi
Aramsız davam edən siyasi və hərbi böhran Yaxın Şərq üçün adi hal alıb.  İrana iqtisadi təzyiq  davam edir, çünki ABŞ  ticarəti məhdudlaşdırmaq məqsədilə hələ daha aqressiv tədbirlər görür.
Lakin bu münaqişə yeni qüvvə ilə hər an alovlana bilər. İranda siyasi iğtişaşlar bütün regionda sabitliyi poza bilər, ya da İran hakimiyyətini  aqressiv davranışa doğru itələyər,  yaxud islam respublikasını onun düşmənləri üçün yüngül hədəfə çevirə bilər. Kürdlər, türklər, suriyalılar və  iraqlılar arasında gərginlik  hər an açıq münaqişəyə çevrilə bilər. Bundan əlavə, Səudiyyə Ərəbistanının  proqnozlaşdırılmayan lideri risk qəbul etməyə meylli olduğunu daim nümayiş etdirir, baxmayaraq ki,  krallığın sabitliyi haqqında pıçıltı ilə deyilənlər getdikcə ucadan eşidilir. Bu regionun strateji əhəmiyyətini nəzərə alsaq, istənilən qeyri-sabitlik ABŞ-la Rusiya arasında, hətta Çinlə münaqişəyə gətirib çıxara bilər.
Koreya yarımadası
Doğrudan da, gərginlik son bir ildə Koreya yarımadasında əhəmiyyətli dərəcədə azalıb, lakin burda xeyli təhlükə hələ də qalır. ABŞ prezidenti öz nüfuzunu ortaya qoyub və Şimali Koreya ilə razılığa gəldiklərini bəyan edib, lakin ən mühüm məqamlarda  Şimali Koreya geri çəkilmədi, hətta sürəti də azaltmadı-  öz nüvə silahını və ballistik raketləri yaratmaqda davam edir. Prezident Trampın müşavirləri bunu bilir və bu fundamental ziddiyyətlər onları çox narahat edir. Əgər Трамп  Kimdən  incisə və ya əksinə Kim Çın In Trampdan incisə ,  onda Vaşinqton və Pxenyan münasibətləri çox tezliklə korlana bilər. Beləliklə, Şimali Koreyada vəziyyət  nikbinlərin təlqin etdiklərindən fərqli olaraq daha təhlükəlidir
 
Gözlənilməz yerlər
Bir dəfə ABŞ Hərbi kollecində işləmiş, polkovnikin  dediyi kimi, “ABŞ, Koreya müharibəsindən başlayaraq bütün münaqişələr haqqında proqnozlarında səhv olub. Nəyə görə hesab edirik ki, üçüncü dünya müharibəsi başlayarsa hər şey başqa cür olacaq”? Böyük dövlətlər adətən özünün bütün diplomatik, hərbi və siyasi resurslarını üzləşə biləcəkləri daha ciddi konfliktlərə xərcləyirlər. Onların fikrincə  az əhəmiyyəti olan münaqişələrə az diqqət yetirilir və bəzən bu, kiminsə görməsindən əvvəl çox ciddi qarşıdurmaya gətirib çıxara bilər . Dağıdıcı münaqişə Baltikyanı ölkələrdə, Azərbaycanda, Kəşmir və hətta Venesuelada başlaya bilər, lakin ABŞ, Çin və Rusiya buna hələlik heç bir diqqət yetirmirlər. Beləliklə, üçüncü dünya müharibəsi ən gözlənilməz yerdə başlaya bilər.
 
Redaksiyadan: ABŞ-ın dövlət katibi Mayk Pompeo fəaliyyətə başlayanda ilk bəyanatlarından biri belə idi: Dünyanı təhdid edən beş təhlükə mövcuddur: Çin, Rusiya, İran, Şimali Koreya və islam fundamentalizmi. O zaman bu bəyanatı şərh edərkən qeyd etmişdik ki, Azərbaycan dünya üçün beş təhlükədən üçü ilə qonşudur-Rusiya, İran və islam fundamentalizmi ilə. İndi isə ABŞ analitikləri üçüncü dünya müharibəsinin başlanmasının mümkün beş yerindən birinin vətənimiz Azərbaycan olduğunu proqnozlaşdırırlar. Üstəlik, özümüzdən başqa bu beş yerdən ikisi yenə qonşularımızdır. Bütün bunlar bir daha Azərbaycanın mürəkkəb geopolitik vəziyyətini ortaya qoyur və istər vətəndaşlardan, istərsə də siyasəti müəyyənləşdirən və aparan səlahiyyətlilərdən ikiqat  məsuliyyətli olmağı tələb edir.
Tərcümə etdi: İlham İsmayıl