Günəş fırtınası bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilir –ALİMLƏRDƏN XƏBƏRDARLIQ

0
6
Alimlər xəbərdarlıq edirlər ki, şiddətli Günəş fırtınası Yerdə rabitə sistemini sıradan çıxara və çox böyük iqtisadi zərərə səbəb ola bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tədqiqatçılar 1972-ci ildə amerikan hərbçilərinin Vyetnam sahillərində quraşdırdığı sualtı minaların öz-özünə partlamasının səbəbini araşdırıblar. Məlum olub ki, detonatorların avtomatik işə düşməsi Günəş fırtınasının təsiri ilə baş verib. Meteoroloqlar həmin gün eyni saatda şiddətli Günəş fırtınası və maqnit sahəsi qeyd alıblar. Alimlər bu hadisə ilə bağlı əlavə ediblər ki, müasir dövrdəGünəşdə bu cür şiddətli alışma daha ciddi fəsadlar törədə – günümüzdə insanların istifadə etdikləri peyk qəbuledicilərini, enerji şəbəkələrini və bir çox obyektləri sıradan çıxara bilər. Hesablamalar göstərir ki, eyni şiddətdə Günəş fırtınası təkcə Britaniyaya 20,6 milyard dollar zərər verər.

Günəş fırtınalarının səbəbinə gəldikdə, alimlər bildirirlər ki, bu, nəhəng ulduzun tərkibində olan eklektikləşmiş qazların (əsasən hidrogenin) yaratdığı maqnit sahəsində olan enerjinin yerdəyişməsi ilə əlaqədardır. Bir sözlə, bu hadisə enerjinin partlayış yolu ilə Günəş atmosferinə yayılmasıdır. Hər bir fırtına zamanı dünyada olan bütün nüvə arsenalından 100 min dəfə çox enerji hasil olunur. Sonsuz fəzaya yayılan bu fırtınanın birbaşa Yerə yönəlməsi və planetimizin maqnit sahəsi ilə birləşməsi isə atmosferin yüksək qatlarında atomların və molekulların fəallaşması və qütb parıltısına səbəb olur. Bu proses, eyni zamanda, Yerin maqnit sahəsini də deformasiyaya uğradır və ciddi sarsıntılar törədir.

Alimlər Günəş fırtınalarının proqnozlaşdırılması yollarını da izah ediblər. Onların fikrincə, Yerin maqnit sahəsinin öyrənilməsi XIX əsrin ortalarında başlayıb və tədqiqatlar nəticəsində kosmosda 100 ildə bir ekstremal “hava şəraitinin” müşahidə edildiyi məlum olub. “Kerrinqton hadisəsi” adlanan ən şiddətli geomaqnit fırtınası 1859-cu ildə qeydə alınıb. Həmin il avqustun 28-dən sentyabrın 2-dək Günəşdə çoxlu sayda ləkələr və alışmalar görünüb. Bütün dünyada, hətta Karib dənizi üzərində də qütb parıltısı baş verib, Avropada və Şimali Amerikada teleqraf sistemləri iflic olub.

Alimlərə görə, müasir dövrdə – bəşəriyyətin yüksək texnologiyalardan asılı olduğu bir şəraitdə, kosmosdakı peyklərin qlobal rabitə və naviqasiya sistemini idarə etdiyi vəziyyətdə analoji fırtınanın fəsadlarını təsəvvür etmək belə çətindir.Kosmik gəmilərin və təyyarələrin, enerji sistemlərinin sıradan çıxması ağır fəsadlarla nəticələnə bilər. Hazırda meteoroloqlar və astronomlar bu problem üzərində iş aparırlar. İndi alimlər Günəş fırtınasını 6 saat əvvəl proqnozlaşdıra bilir. Bu xəbərdarlıq isə, BBC-nin yazdığına görə, təkcə Britaniyada ehtimal olunan zərərin miqdarını 20,6 milyard dollardan 3, 86 milyard dollaradək azalda bilər. Britaniya hökuməti bu məsələ ilə bağlı energetika şirkətləri, aviaşirkətlər və kosmos sistemi operatorları ilə birgə fəaliyyət planı hazırlayır.