Yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələri veriləcək –Sürücülər yenidən imtahan verəcəklər?

0
5
Nazirlər Kabineti nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edib.

Baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.Sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə – 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə – 19 yaşdan, “CE” kateqoriyası üzrə – 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə – 23 yaşdan, “D1E” altkateqoriyası üzrə – 25 yaşdan veriləcək.

Bəs yeni qərar sürücülük vəsiqələrinin verilməsində hansı qaydaları dəyişəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, prosesdə ciddi dəyişiklik olmayacaq:

Bu qərar prosesdə texniki xarakterli dəyişikliklər edəcək. Əsas məqsəd Azərbaycanda sürücülük vəsiqələri və onların verilməsi qaydalarını, sürücülük vəsiqələrinin məzmununu Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır. Həmin dəyişikliklər 2004-cü ildə olmuşdu və 2011-ci ildə qüvvəyə minmişdi. Bu ilin əvvəlində Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edildi. Nazirlər Kabinetinin qərarı da indi həmin qanuna uyğunlaşdırılır. Qərara görə, gələn il yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanacaq. Yeniliklərdən biri odur ki, həmin vəsiqələrdə altkateqoriyalar olacaq”.

Ə.Hüseynov qeyd edib ki, yeni qaydalara görə, sürücülük vəsiqələrinin məzmununda dəyişiklik olacaq: “Azərbaycanda verilən sürücülük vəsiqələrində hərflərlə bağlı texniki problem var idi. Kateqoriya hərfləri arasında latın hərfləri olmayan hərflər var idi. Buna isə bəzi dövlətlərdə irad tutulurdu”.