Mediaya basqılar nələri vəd edir?

0
4

Mediaya basqılar nələri vəd edir?

Ölkəmizə qəzet, jurnal lazımdırmı?

Yenə KİV-lər günahkar çıxacaq deyəsən… Onsuzdakı çətin durumda olan qəzetləri hələ nələr gözləyir, sualı hamını düşündürsə də, hələlik yaxşı heç nə görünmür. Əvvəla, ona görə ki, mətbuatın yayım problemi var. Ölkənin əksər regionlarında qəzet köşklərinin qıtlığı var. Əslində qəzet köşkü yoxdur ki, “bakuş”un, “semiçka”nın yanında bir neçə qəzet də düzülür…
Ürəyimdən keçir ki, media qurumlarına təkliflə müraciət edim. Müraciətim həm də sorğu rolunu oynaya bilər. Biz kimlərdən və nələrdən yaza bilərik? Cavab aldıqdan sonra işimizi bilək. Özümüzə nahaqdan problem yaratmayaq. Axı, sonunda bilinməlidir ki, media qarşısında kimlərin toxunulmazlıq hüququ var. Və ya ümumiyyətlə ölkəmizə qəzet, jurnal lazımdırmı?
Ölkədə ciddi proseslər gedir və baş verənlər hər kəsin diqqətindədir. Ortada bir narahatlıq da hiss olunur. Səbəbi informasiya qıtlığıdır.
Doğrusu, özümüzdə çaşqınlıq içindəyik. Vətəndaş bizdən doğru, dolğun məlumat gözləyir, biz isə məlumatın sorağında olsaq da, rəsmi qurumların mətbuat xidmətləri çoxdan “qapı-pəncərə”lərini üzümüzə bağlayıb. Telefonları isə ya əhatə dairəsində olmayan, yada ki, əhatəsi bəlli olub susmağa, dəstəyi qaldırmamağı üstün tutanların əlindədir. Qəzet çıxmalı, saytda işləməlidir. Nə etməli? İş qurulur intuisiyanın və yaxud eşitdiyin şayiələrin üstündə…
Qəzet işıq üzü görən kimi, telefonların ardı-arası kəsilmir. “Dəvət”lər dəvət dalınca, bəs, dur gəl görək, nə yazmısan? Necə deyərlər, bir zəif media tapıblar, yetən vurur.
Yazıq jurnalist şərlənir, istintaqa cəlb edilir, hələ 7-8 il azadlıqdan da məhrum olur. Nə qədər haray çəksə də, səsi istintaq təcridxanalarından, cəzaçəkmə müəssisələrindən kənara çıxmır. Orda elə, azadlıqda da belə…
Deyirlər ki, KİV-lərdə MTN-nin Antiterror Mərkəzinin rəisinin şəkilləri yayılıb. Yayılıb, yayılıb da. Adam şəkil çəkdirib, yəqin ki, yayılmasını da özü arzulayıb. Tutaq ki, arzulamayıb, bəs onda şəkili nə üçün qoruya bilməyib? Qəribədir, elə deyilmi? Təhlükəsizliyimizdən sorumlu olan “çekist”, öz şəklinin toxunulmazlığını, məxfiliyini qoruyub, saxlaya bilməyib.
Narahatlığın digər səbəbi MTN-nin nazir müavini Hilal Əsədovun işdən çıxması barədə yayılan yalan məlumat olubmuş. Pah atonnan, dünya dağılıbmış… Guya bu adamın işdən çıxması və yaxud kreslosunu əldən verməməsi böyük önəm daşıyırmış. Vallah-billah, bu adamlar uzun illərdir ki, restoran-otel, tikinti, daş-qaş biznesiylə məşğul olublar. Bunlar getmiş, yaxud qalmış nə fərq edər ki?
Bəlkə də Milli Təhlükəsizlik Nazirliyimiz bu günə düşməyəcəkdi. Zamanında azad mətbuatı boğub, yerinə şər-böhtan yazan dələduz, reket zurnalistləri ətraflarına toplayıb, ələ keçirdikləri çirkli pullarla ölkənin nüfuzlu şəxslərini şantaj etməyə baş vurmasaydılar…
KİV-lərə hücum çəkmək deyil, onlarla qarşılıqlı əməkdaşlıq etmək zəruridir. Nə olar, dövlətimiz bircə dəfə olsun medianın haqlı olduğunu etiraf edib, KİV-lərlə əməkdaşlıqdan boyun qaçıran, sorğularını aylarla, illərlə cavabsız buraxan məmurları tənbeh etsin. Bütün sivil dünyanın dördüncü hakimiyyət kimi qəbul etdiyi medianı torpaq altına salmaq yalnız rüşvətxorların, korrupsionerlərin işinə yarayır desək, yanılmarıq.
KİV-ləri asılı vəziyyətə salmaq, ələbaxım etmək, hədələmək cinayətkarların əl-qolunu açmağa xidmət göstərir. Ölkə vətəndaşlarının dəqiq, qərəzsiz, vicdanlı, operativ məlumat almaq, maariflənmək kimi hüquqlarından məhrum etmək deməkdir…
KİV nümayəndələrinin baş vermiş hadisələr zamanı vəzifə borclarını yerinə yetirmələrinə qadağalarla dəfələrlə qarşılaşsaq da, bu barədə yuxarı instansiyalara edilmiş şikayətlər birmənalı olaraq qulaqardına vurulub. Beləmi davam edəcək?
Davam edəcəksə onda ölkədə Mahmudovların, Çovdarovların və digərlərinin çətələri hələ çox oyunlardan çıxıb, ölkə vətəndaşlarına müsibət yaşadacaqlar. Bizdən demək…
Sonra bir daha media qurumlarına müraciət etmək istəyirəm; dostlar, deyin görək bizim kimdən, nədən yazmaq ixtiyarımız var? Əgər yoxdursa, incimirik. Şair Moşu Göyəzənli kimi “xoşbaxtlığa” qafiyə aramaqla birtəhər ötüşərik.

Turan Türk

LEAVE A REPLY