Assimetrik savaş, yoxsa üçüncü dünya müharibəsiniin ayaq səsləri?

0
6

Zaur Muradxanlı

I yazı

Assimetrik savaş, yoxsa üçüncü dünya müharibəsiniin ayaq səsləri?
Türkiyə-Rusiya münasibətləri necə inkişaf edəcək?

Amerikanın genişləndirilmiş Yaxın Şərq və Şimali Afrika proyekti həyata keçirilməyə başlandıqdan sonra, yəni son on beş illik müddətdə əhalisinin 95 faizindən çoxu müsəlman olan, karbohidrogen ehtiyatları ilə zəngin, hər üç səmavi dinin də başlanğıc nöqtəsi olaraq bilinən və Cəbəllütariq boğazından Ərəb yarımadasına, Livandan Hindistan sərhəddinədək nəhəng bir coğrafiya qan və atəş gölünə döndü. Doğrudur, bu bölgədə daha öncələrdən da supergüc dəstəkli PKK, PYD, PJK, əl Nusra, Hizbullah, Əl-Kaidə və sair terror təşkilatları var idi və bu təşkilatlar bölgə insanının, eyni zamanda fəaliyyət sahələrini əhatə edən ərazilərə sahib olan dövlətlərin suverenliyinə o qədər də ciddi təhdid təşkil etmirdilər.
Amma indi bölgədəki dövlətlərdən İraqın Amerika tərəfindən işğalı və sonrasında yaranan mərkəzdənqaçma qüvvəsinin təsiri altındakı özəl kürd bölgəsi və mərkəzi hakimiyyət, habelə bunların arasında neft hasilatından pay bölgüsü və sair məsələlərdəki fikir ayrılıqları, indi də bölgədə İraqın ikinci böyük şəhəri olan Mosulu işğal edərək de-fakto bu ölkənin üç baş tərəfindən idarə edilməsinə səbəb olan İŞİD terror təşkilatı Suriyada dörd ildir ki, arasıkəsilmədən sürüb getməkdə olan vətəndaş müharibəsi, Misir, Liviya və digər ölkələrdə bir-birini əvəz edən qanlı dövlət çevrilişləri, Yəməndə baş verən vətəndaş nüharibəsi və ardınca da Səudiyyə Ərəbistanının öncüllük etdiyi mərkəzi Yəmən hökumətini dəstəkləyən koalisiya ilə qiyamçı hutsilərə sahib çıxan İranın hadisələrə müdaxil olması bu islam coğrafiyasını qarmaqarışıq vəziyyətin içinə çəkmişdir. Biz bölgədəki güclər mübarizəsini analiz edərkən burada hər hansı iki dövlətin qarşı-qarşıya gələrək müharibə etdiyini görmürük, çünki sahədəki güclər birbaşa hansısa dövlətlərin silahlı qüvvələrinin bir-biri ilə mübarizəsindən daha çox, dövlətlərin orduları ilə terrorçu qruplaşmaların və ya adını müxalifət qoymuş illeqal silahlı dəstələrin mübarizəsindən gedir. Bütün bu mübarizə metodları da baş verənləri təhlil etdiyimiz zaman ortaya çıxan tablonun bu nəghəng coğrafiyada əslində qarmaqarışıq və kimin kimi vurduğu çox da bəlli olmayan assimetrik müharibənin getdiyinə işarə etməkdədir.
Bu tip assimetrik müharibə modeli, xüsusən rus silahlı qüvvələri komandanı Gerasimov tərəfindən irəli atılmış və praktiki cəhətdən də Ukrayna və Rusiyanın birbaşa müdaxil olduğu daha bir neçə bölgədə sınaqdan çıxarılmışdır. Hadisələrin ana məğzi isə heç nə etmirmiş kimi, yəni passiv görünərək ani və son zərbəyə hazırlaşmaq (bu son zərbə hər əməliyatın özü üçün xaraktərik ola biləR Z.M) və zamanı yetişdiyində partlayış qüvvəsinin ani dalğası ilə həm müəyyən ərazini de -fakto nəzarət altına almaq, həm də mümkün qədər ətrafa yayıla bilməkdir.

Ruslar bu assimetrik döyüş metodlarını hazırda da Suriya ərazisində istifadə etməkdə, xeyli də uğurlu olmaqdadırlar. Onların bu ölkəyə yeritdikləri 69 hərbi təyyarə, onlarca digər hava döyüş vasitəsi və digər ağır silahlardan istifadə edərək, Hizbullah və rejimi müdafiə edən mülki şəxslər, yəni könüllülər dəstəkli Suriya ordusu əks hücuma keçərək həm İŞİD, həm də türkmən mövqelərini ağır atəş altında saxlamaqdadırlar. Əlbəttə, terrorçu qruplaşma olaraq İŞİD-in vurulması anlaşılandır, lakin yenə də terrorçu qrup olan PYD ilə birləşərək sadəcə elini-obasını özbaşına silahlı qruplardan və terrorçu qruplaşmalardan qorumaq istəyən türkmənlərin vurulması heç vbir anlamda başadüşülən deyil.
Suriyada və ümumiyyətlə Yaxın Şərqdə hadisələrin axarını və xüsusən də pərdə arxasını izləyə bilmək üçün bölgədəki önəmli oyunçuların strategiyasını və taktiki hərəkətlərini bilmək, onların bir sonrakı gediş üçün nə düşündüklərini ən azından təxmin edə bilmək lazımdır.
Bu yazımızda ABŞ-ın ixrac etdiyi “Ərəb baharı” sayəsində viran qalan bütün Yaxın Şərq və Şimali Afrikanı deyil, məhz Suriya və bu ölkədəki supergüclərin mübarizəsini analiz etməyə çalışacağıq.
Əlbəttə ki, hər ölkə xalqı kimi suriyalıların da öz ev-eşiklərində rahat və insan kimi yaşamaq haqqları vardır. Bəs, bu haqqı onların əlindən kim və niyə almaqdadır?
Xatırlamaq yerinə düşər ki, “Ərəb baharı”nın dağıdıcı dalğası Suriyaya gəlib çatdığı zaman, yəni 2011-ci ilin əvvəllərində bu ölkədə kənardan idarə olunan və fəaliyyətləri maliyyələşdirilən qüvvələr qiyam qaldırdılar. Doğrudur, bu ölkə müxalifətini də digər diktator rejimlərinin müxalifəti kimi məhz leqal yolla nəticə qazanmaq yoluna getmədikləri üçün qınaya bilmərik. Ən azından ona görə ki, diktator rejimlərində hansısa demokratik keçidlərdən söhbət belə gedə bilməz. Lakin yenə də Suriya müxalifətini hadisələr yeni başlayarkən qaynar nöqtələri ziyarət edən Amerika səfirinin sözünə qulaq asdıqlarına görə qınaya bilərik. Çünki bu dəfələrcə isbat edilmiş faktdır ki, ən pis qanun qanunsuzluqdan yaxşıdır və kənardan öyrədilərək silahlı qiyama təşviq edilən müxalifətin də bais olduğu məhz bu günkü qeyri sabitlikdir. Doğrudur, bu hadisələr iyirmi üç il öncə Azərbaycanda da baş vermişdi və o zamanlar Azərbaycanın karbohidrogen ehtiyatlarını talan edə bilmək, ayrıca ölkəmizi nüfuz dairələri altında saxlamaq istəyən qüvvələr birləşərək o zamankı qanuni hökumətə qarşı görüntüdə Surət Hüseynovun, pərdə arxasında isə daha böyük fiqurların olduğu qiyam başlatmışlardı. Əbülfəz bəy oyunun səbəblərini və hakimiyyətdən getməzsə baş verə biləcəkləri götür-qoy edərək, nə qədər qorxaqlıqda və qaçmaqda ittiham edilsə də, Azərbaycan üçün mümkün olan ən doğru qərarı verdi və mümkün vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyəti tərk edərək paytaxtdan getdi. Bu məncə verilə biləcək ən doğru qərardı. Amma, gəlin, biz bu qərarın doğru-yanlış olmağını müzakirə etməyi bir kənara qoyaraq yənidən Suriyaya qayıdaq…
Suriyada Bəşər Əsəd xalqını deyil, hakimiyyətini, deyə bilmərəm bəlkə də elə Suriya xalqının taleyinin qaranlıq qüvvələrin əlinə düşə biləcəyini düşünmüş olacaq ki, Əbülfəz bəylə eyni qərarı vermədi. Nəticədə Suriya bu gün terror təşkilatlarının at oynatdığı, bir milyondan artıq vətəndaşının öldüyü, üç milyondan artıq vətəndaşının qaçqın düşdüyü, bütün infrastrukturun məhv olduğu, təhsil, səhiyyə sisteminin iflic olduğu və sənayənin durma nöqtəsinə gəldiyi ölkəyə çevrilmiş vəziyyətdədir.
Hələ 2011-ci ilin əvvəllərindən başlayaraq bəzi dövlət və hökumət rəhbərlərinin Əsəd barədə bəyanat verərkən iki- üç həftə ömrü qaldı demələrinin zaman keçdikcə boş bir təmənnidən başqa bir şey olmadığı ortaya çıxdı. İki ay öncə, Əsəd rəsmən Rusiyadan hərbi yardım istədikdən və bu ölkə qoşunları öncüllüyündəki koalisiya ilə birlikdə Suriyada davam edən vətəndaş müharibəsinə aktiv şəkildə müdaxilə edənədək Bəşər Əsədin əli gerçəkdən də darda idi. Lakin rus hərbi təyyarələri, ağır artilleriyası, Xəzərdən atılan raketləri və İran dəstəkli Hizbullah terror təşkilatı, Kuba xüsusi təyinatlıları və suriyalı könüllülərin yardımlarından istifadə edən Suriya ordusu son iki ayda aktiv şəkildə irəliləməyə, torpaqlarını İŞİD, Əl Nusra və sair terror təşkilatları, habelə müxalifətin illeqal silahlı birləşmələrindən təmizləməyə başlamışdır.

İndi diqqətinizi bir məsələyə çəkəcəyəm; Əsədin dəstəkçisi qismində çıxış edən Hizbullah terror təşkilatı beynəlxalq səviyyədə də terror təşkilatı kimi tanınmışdır. İkinci bir tərəfdən isə Rusiyanın dəstəklədiyi, habelə İŞİD-ə qarşı aparılan döyüşlərdə, xüsusən də Kobani müdafiəsi zamanı ABŞ tərəfindən ”öyrət, təchiz et” proqramı əsasında silahlandırılmış və digər yardımlar göstərilmişdir. İndi də Rusiya Suriyaya girdikdən az sonra PYD-nin rəhbərliyi Moskvada müsafir edilmiş, danışıqlar aparılmışdır.
Rusiyanın mövqeyinin Yaxın Şərqdəki müttəfiqlərinin də mövqeyini ifadə etdiyini nəzərə alarsaq, demək ki, dünyanın iki qütbü PYD-ni öz tərəfinə çəkməyə çalışmaqdadır. Amma burada başqa bir nüans var ki, NATO-nun aparıcı dövlətlərindən Türkiyə PYD-nin Fərat çayının qərbinə keçməsini və beləliklə də Türkiyə ilə de-fakto qonşu olmasını istəmir və ABŞ ilə də danışıqlarında ən priaritet mövzulardan biri də məhz elə budur. Bəs, belə olduğu zaman Fəratın Qərb bölgəsinin müdafiəsi kimin nəzarətində olmalıdır? Bu məsələdə Türkiyənin bölgədə bufər zona yaratmaq istəyi də məhz bununla bağlıdır. Belə ki, Türkiyə Suriyanın Hatay vilayəti ilə sərhəd bölgəsində yaşayan və heç bir terror təşkilatının təsiri altına düşmümiş milyon yarımdan artıq türkmən nüfuzunun nəzarəti altında qalması məqsədi güdməkdədir. Bu məsələ barədə Amerika ilə Türkiyənin müəyyən qədər razılaşdığını da deyə bilərik. Lakin PYD-ni daha təsirli güc halına gətirməyi qarşısına məqsəd qoyan Rusiya türkmənləri zəiflətmək və bölgədəki iki min nəfərlik İŞİD qüvvəsi ilə münaqişəyə cəlb edə bilmək üçün öncə bu insanların yerləşdiyi bölgələri havadan və ağır artilleriya vasjitələri, həmçinin reaktiv artilleriya ilə intensiv bombardman altında tutaraq, ələrində kalaşnikov avtomatlarından başqa silahları olmayan özünümüdafiə dəstələri və sadə xalq kütlələrinə itki vermək, onların arasında qorxu xofu yaya bilmək niyyəti daşımaqdadır. Son günlərdə Hatayla sərhəddə yerləşən Yayladağ, Türkməndağı və Qızıldağ istiqamətində gedən döyüşlər xüsusən daha da şiddətlənərək artmaqdadır. Ərazidə yaşayan iki yüz mindən artıq türkmən rus və Əsəd silahlı qüvvələrinin həm havadan, həm də ağır artilleriya bombardmanına davam gətirməyə, eyni zamanda öz doğma Vətənlərini qorumağa çalışmaqdadırlar. Bölgənin coğrafi nöqteyi nəzərdən əhəmiyyətini vurğulamaq üçün bu ərazinin rus hərbi hava qüvvələrinin disliokasiya olunduğu bazaya cəmi iyirmi beş kilometr uzaqlıqda yerləşdiyini də nəzərə almaq lazımdır. Ayrıca türkmənlərin əlində bu məsafəni vura biləcək hər hansı artilleriya və ya raket vasitəsinin olmadığını da bildirməklə bərabər, rusların hərbi bazanın təhlükəsizliyini təmin edə bilmək üçün Türkmən dağlarını nəzarət altına almaqda maraqlı olduqlarını da qeyd etmək yerinə düşərdi.
Noyabrın 24-ü, yerli vaxtla səhər saat 09:24 radələrində türk hərbi hava qüvvələrinə məxsus f-16 təyyarələri bölgədən keçməkdə olan və Türkiyə, dolayısı ilə də NATO hava sərhədlərini 5 dəqiqə boyunca pozan iki rus su-24 taktiki cəbhə bombardman təyyarəsindən birini vuraraq məhv etdilər. Təyyarələrin, qeyd etdiyimiz kimi, 5 dəqiqə boyunca türk hava sərhəddini pozduğu və bu müddətdə tam on dəfə xəbərdarlıq edilməsinə baxmayaraq Suriya hava məkanına keçmədiyi bildirilməkdədir.
Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisliyindən yayılan məlumata görə, Rusiya hüquqi müstəvidə tamamən haqsız durumdadır. Çünki Türkiyənin əlində həm rus pilotlarına xəbərdarlıq edilməsinə dair lent yazıları, həm də bölgədəki radarlardan alınmış dəqiq kordinatlar olmasaydı onlar qətiyyən bu addımı atmazdılar. Yeri gəlmişkən xatırladaq ki, daha öncə də Türkiyə hava məkanı rus hərbi təyyarələri tərəfindən pozulmuş və ruslar bunu etiraf edərək Ankaradan üzr istəmişdilər. İndi isə məsələ tamamilə başqa cürdür.
Artıq rus hərbi təyyarəsi vurulduqdan sonra Rusiya tərəfindən gözlənildiyindən də sərt reaksiyalar gəlməyə başlandı. Öncəliklə Soçidə İordaniya dövlət başçısı ilə görüşən Rusiya prezidənti Vladimir Putin verdiyi bəyanatda “arxadan bıçaqlandıq” deyərək Türkiyədən bu qədər adekvat cavab gözləmədiklərini bildirdi, daha sonra da ən sərt şəkildə cavab veriləcəyini bəyan etdi. Elə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun da Türkiyəyə nəzərdə tutulan işgüzar səfəri təxirə salındı.
Doğrudur, Rusiyanın haqsız olduğu məsələyə görə Türkiyəyə müharibə elan etməsi gözlənilmir, lakin bu iki ölkə münasibətlərində əməlli-başlı sərinləşmə olacağı artıq danılmazdır.
Əslində Rusiya- Türkiyə münasibətləri G-20 ölkələrininAntalyadakı son zirvəsindən sonra soyumağa başlanmışdı. Belə ki, bu zirvədə Putinin “G-20 ölkələri arasında İŞİD-ə dəstək verənlər var” dediyində məhz Türkiyə və Səudiyyə Ərəbistanını nəzərdə tutduğu heç kimə sirr deyil.

LEAVE A REPLY