“Fərəc Quliyevin oğlu Türkel Quliyev maşını idarə edib və qızımı xəstəxanaya naməlum şəxs kimi təhvil verib”

0
4

“Fərəc Quliyevin oğlu Türkel Quliyev maşını idarə edib və qızımı xəstəxanaya naməlum şəxs kimi təhvil verib”

İsa İsayev:“Üç ildi ki, mən daim şikayətdəyəm, qızım əməliyyat olunmalıdır, durumu da yaxşı deyil”

“Müstəntiq Abdulla Əliyev nəyinsə ya təsirindən, ya da nəyinsə xatirinə tez-bazar Yasamal rayonu Ekspertiza və Patoloji Anatomiya şöbəsindən arayış alıb ki, qızım yüngül xəsarət alıb”

Açığı bu müsahibə mənim stilim və heç mövzum da deyil. Amma əhli- məmləkətin MTN-dəki dəhşətləri, RTYN-dəki yeyinti və talançılıqları müzakirə etdiyi bir zamanda, kənarda daha dəhşətli və daha vahim şeylərin fərqinə vara bilməyən cəmiyyəti heyrətləndirə biləcək bir məsələdən bəhs edəcəyik bu gün. Bütün vahimliyi və həyəcanı ilə cəmiyyəti heyrətə salacaq bu müsahibədə danışılanların, quran ayəsi qədər həqiqət olduğunu kimsəyə qəbul etdirmək kimi bir iddiada deyiləm, amma, burada deyilənləri qəribçiliyə salmaq da olmaz. Üç ildən artıqdır ki, balasının çəkdiyi əzablara qatlaşan, üzləşdiyi dərdin və bu dərddən doğan problemlərin içində çırpınan bir atanın harayıdı, taleyinə və yaşadığı zamana üsyanı, etirazıdı burda deyilənlər. Və sizcə, burda barəsində danışılan olayların və yaşanan dramın baş qəhrəmanları kim olsa yaxşıdı?! – Millət vəkili Fərəc Quliyev və onun oğlu Türkel Quliyev.
Söhbətin nədən və niyə getdiyini müsahibədən özünüz də biləcəksiniz, amma şəxsən mən, Fərəc bəyi bu durumda və belə miskin bir situasiyada görməkdən həm üzüldüm, həm də utandım. Elə bu səbəbdən də məsələnin tam aydınlığa qovuşacağı ana qədər, həm bu atanın yanında olmağa, həm də Fərəc Quliyevin düşdüyü yanlışdan qurtula bilməsi üçün uğraşmağa qərar verdim.
Bütün hallarda ağrılı məsələdi və görünəni odur ki, çox uzun zamanımızı xərcləməli olduğumuz bir yerə gəlmişik. Ancaq haqq uğruna yalnız ölünə bilər, amma əsla haqdan dönülməz. Bu məsələdə də haqq olan nədisə işlər də oraya varmalıdı və varıır İnşallah. Çünki burda xətər yetirilərək həyatı məhv olan balasına sahib çıxmaq istəyən ata İsa İsayevlə, başqasına xətər yetirərək məsuliyyətdən yayınmaq istəyən balasını qorumaq istəyən ata Fərəc Quliyev var və onların hər ikisi haqlı ola bilməz, çünki Haqq deyilən şeyin bir adı olduğu kimi bir üzü, bir tərəfi olur.
Azərbaycan, Tofiq Yaqublunun qız övladının oxşar qəzaya görə, şikayətçinin də olmadığı halda, necə mühakimə edildiyini, Cəmil Həsənlinin də qızının, ümumiyyətlə uydurma bir qəza motivi ilə, aylarla mühakimə edilərək barəsində hökm verildiyini, Qurban Məmmədovun da törətmədiyi qəzadan dolayı, şərlənərək 3 illik azadlıqdan məhrum edildiyini görüb. Elə bəndənizin də, Nemət Pənahlının da, Yadigar Sadıqlının da, Seymur Həzinin də, digərlərinin də uydurma ”xuliqan” damğası ilə uzun müddətli həbslərə məruz qalmalarınnan heç danışmıram. Bəs elə isə, Fərəc Quliyevin oğlunun barəsində, törətdiyi o boyda qəzadan sonra, cinayət işinin başlanmamasını belə, nə ilə izah etmək olar? Bunların hamısı bir yana, amma bədbəxt elədikləri bir ailəyə bu üç ildə bircə dəfə baş çəkməyə nə mane olub görən?! Əslində bütün eşitdiklərimdən sonra, utanc hissi keçirdiyim məqam da elə bu idi. Sən kimsən axı, Fərəc Quliyev, cəmiyyətin xeyli kəsiminin, o cümlədən də mənim tanıdığım millətin azadlığı və xoşbəxtliyi uğrunda milli mücahidmi, yoxsa, başqalarının bədbəxtlyi üzərindən öz oğluna xoş gələcək təmin etməyə çalışan, susmuş vicdan sahibi olan bir insanmı?!
Sərdar ƏLİBƏYLİ

II hissə

– Yəni dediyiniz bu leytenant Fərəc Quliyevin oğlu Türkel Quliyevdir?

– Bəli, deputat Fərəc Quliyevin oğlu Türkel Fərəc oğlu Quliyev. Maşını o idarə edib və qızımı da xəstəxanaya naməlum şəxs kimi o təhvil verib. Hadisə yerinə hərbi hissənin komandiri gəlib. Və bu arada da qızım orda uzun müddət yerdə qalıb. Baxın, tutaq ki, bunlar yazıblar ki, qızımı xəstəxanaya 19:30-da gətiriblər. Bilirəm ki bunu da sonradan yazıblar. Amma bununla yanaşı, bu vaxtı doğru saysaq belə, qızımın o arada bir saatdan çox harda olduğu bəlli deyil. Demək bu müddət ərzində onu haralarasa aparıblar və bunu nə üçün ediblər,o da məlum deyil.

– Xahiş edirəm burda bir şeyə də aydınlıq gətirəsiniz. Hadisə olandan sonra, qızınızı bunların özlərimi, yoxsa kənar adamlarmı xəstəxanaya aparıblar?

– Əvvəl orda çox adam olub və oğlumla yoldaşım maraqlananda deyiblər ki, kimin gətirdiyi məlum deyil. Amma sonradan elə ”oformit” eliyiblər ki, guya bunun özü gətiribmiş. Mənim qızımı tək o götürə bilməzdi. Ağır çəkili adam ola həm də o vəziyyətdə, o cavan uşaq tək onu necə götürə bilərdi? Çox güman ki, hətta o bunu edibsə belə, o zaman kimlərləsə bir yerdə eliyib. Bax bu incəliklərlə bağlı mənim istintaqa çoxsaylı şikayətlərim var. Təsəvvür edin ki, mən nə vaxt ”102 xidməti”nə zəng vurmuşam və polis nə vaxtdan hərəkətə keçməli, hadisə yerindən maddi sübutlar götürülməliydi. Amma polis nə vaxt hərəkətə keçib və hadisə yerinə na vaxt gəlib? Əvəzində isə, hadisə yerində işləyən kamera görüntülərinin içərisində hadisənin baş verdiyi vaxta qədər bütün görüntülər var, amma bu görüntülər yoxdu. Daha doğrusu, yoxa çıxarılıb. Bəs o görüntüləri polisdən və müvafiq orqanlardan başqa kim götürə və yox edə bilərdi? Hansı ki, hadisənin olduğu anda ”102”-yə zəng vuran vətəndaş var idi, mənim uzun-uzadı tələb və təkidlərimdən sonra iş mülki prokurorluqdan alınaraq, hərbi prokurorluğa verilməmişdi, həmin şəxsi, işi aparan müstəntiq bir dəfə də olsun, istintaqa çağırıb dindirməyib. Ümumiyyətlə bütün məsələlər bilərəkdən baş-ayaq edilib. Təsəvvür edin ki, mənim qızım reanimasiyadadır və onun sağ qalıb-qalmayacağı da hələ məlum deyil, müstəntiq Abdulla Əliyev nəyinsə ya təsirindən, ya da nəyinsə xatirinə tez-bazar Yasamal rayonu Ekspertiza və Patoloji Anatomiya şobəsindən arayış alıb ki, qızım yüngül xəsarət alıb. Amma sonradan, əlbəttə mənim şikayətimdən sonra, Respublika Ekspertiza və Patoloji Anatomiya Mərkəzi qızımın bu qəza zamanı ağır bədən xəsarətləri aldığını təsdiqləyən sənəd verdi. Mənə də bu haqda yazılı məlumat verdilər ki, ilkin ekspertizada qızınızın durumu düzgün qiymətləndirilməyib.

– Bəs elə o vaxt müstəntiqdən heç soruşmadınız ki, qızınız faktiki olaraq reanimasiyada ölümlə həyat arasında çarpışırdı və yüngül bədən xəsarəti ilə adam necə reanimasiyada ola bilər və onu kim ora yerləşdirər ki?

– Axı onda mənim başım qızımın həyatını xilas edə bilməyə qarışmışdı və o halda istintaqda nələr olduğundan, müstəntiqin nə ilə məşğul olduğundan nə xəbərim var idi.

– Yəni bu məsələdən sonradanmı xəbəriniz oldu?

– Bəli, həm bundan sonradan xəbər tutdum və bir də onda müstəntiq bizə heç nə demirdi, heç nə də göstərmirdi axı.

– Yaxşı, təxmini mənzərəni cızdıq, bax indi durum necədi və qızınızın səhhəti düzəlibmi və bir də şikayətiniz, ya da narazılığınız nədəndir?

– O zaman nələr oldu, həm mənəvi, həm də maddi ziyanlarımız, itkilərimiz, əzab və əziyyətlərimiz nə qədər oldu, bunu bir kənara qoyuram, çünki, Allah heç kimə belə müsibəti göstərməsin, onsuz da Azərbaycanda belə işlərin nəyə mail olduğunu hər kəs bilir. Amma, təsəvvür edin ki, qızım təkcə bu il iki dəfə xəstəxanada yatıb, ayrıca da qəzadan sonrakı nevroloji və psixoloji vəziyyəti ilə bağlı daim müalicə alır. Lakin əsas məsələ bu da deyil, mənim qızım endivaskulyar əməliyyat olunmalıdır.

– O nə deyən şeydi elə?

– Bu ilkin müalicə ərəfəsində bilərəkdən, ya da bilməyərəkdən doğru yerdə və o sahənin mütəxəssisi tərəfindən müalicə olunmamasının fəsadlarından birinin nəticəsində əmələ gəlmiş xəstəliyin əməliyyat yolu ilə aradan qaldırılması üçün keçirilməli bir əməliyyatdır. Demək, o vaxt mənim qızım, çoxsaylı müraciət və şikayətlərimə baxmayaraq, uzun müddət aidiyyatı olmayan xəstəxanada saxlanıldı. O, əvvəldən də başından aldığı xəsarərlərin ağırlıq dərəcəsini nəzərə alaraq, Respublika Xəstəxanasında deyil, Neyrocərrahiyyə xəstəxanasında müalicə olunmalıydı. Bunlar ağır kəllə-beyin travması olan bir xəstəni neyrocərrahı, yəni mütəxəssisi olmayan bir xətəxanada yatırdılar. Düzdür, hadisə olan gecə baş həkim kənardan neyrocərrah dəvət eləmişdi və o da reanimasiyada müayinədən sonra qızımın vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Amma, nə sirri-ilahidirsə, həmin neyrocərrahın da izahatı hələ bu günəcən də alınmayıb. Təssəvür eliyirsinizmi ki, bu müstəntiq istintaqı necə aparıb və burdakı, səhlənkarlığınmı deyim, məsuliyyətsizliyinmi deyim, yoxsa bilərəkdən məsləyinə xəyanətinimi miqyasları nə boydadır.

– Hadisənin baş verməsinnən nə qədər vaxt keçib?

– 3 ilə yaxınlaşır. Üç ildi ki, mən daim şikayətdəyəm, qızım əməliyyat olunmalıdır, durumu da yaxşı deyil. Endivaskulyar əməliyyatdan söhbət gedir və bu kifayət qədər məsrəf tələb edilən bir əməliyyatdır ki, bu da mənim maddi imkanlarımın çox üstündə olan bir məbləğdir.

– Bu əməliiyatın özündə nəyi ehtiva elədiyini demədiniz axı?

– Hə indi onu deyirəm. Mən qızımı sistematik olaraq Zərifə Əliyeva adına Göz İnstituna aparırdım. Orda müəyyənləşdirdilər ki, bunun başındaki şiddətli ağrılar və gözünün yerinə oturmaması, nevroloji durumunun düzəlməməsi neyrocərrahiyyəlikdir. Neyrocərrahiyyə xəstəxanasında müayinədən sonra isə, orda aydın oldu ki, bütün bu narahatlıqların və ağrıların gözlə heç bir əlaqəsi yoxdur. Ancaq bunun beyindəki damarla əlaqəsi var və o damarın operasiyasına da endivaskulyar əməliyyat deyirlər. O əməliyyatı keçirən mütəxəssis də bizim respublikamızda yoxdur. Elə orda da məsləhət gördülər ki, Ukraynanın paytaxtı Kiyevdə yerləşən Neyrocərrahiyə İnstitunda Endivaskulyar şöbə var və orda çalışan professor Şeqlov Dmitri Viktoroviç tərəfindən bu əməliyyat həyata keçirilə bilər. Və ora da ödəmək üçün yüklü miqdarda vəsait lazımdır ki, o vəsait də məndə yoxdur. Mən bir çernobılçıyam və o qədər vəsaitə gücüm çatan deyil.

– Baxın, hadisə olub və üç il də üstündən keçib. Mənə çox maraqlıdı ki bu üç il ərzində Fərəc Quliyev özünü necə aparıb? Bu adam indi sıradan biri deyil ki, tanınmış adamdır, millət vəkilidir, partiya sədridir, Milli Azadlıq Hərəkatının öncüllərindən olub və sair. Aydındır ki, bu hadisənin baş verməsində hər hansı formada qəsdən söhbət gedə bilməz və paytaxtda hər gün olan qəzalardan biri də budur. Amma Fərəc bəyin lap başından məsələyə münasibətini necə gördüniz, bir insan kimi, ictimai-siyasi xadim kimi davranışları necə oldu, maddi və mənəvi dəstək baxımından vəziyyət nə yerdədir?

Davamı var…

Qarşı tərəfin mövqeyi də işıqlandırmağa hazırıq.

LEAVE A REPLY