Lalə Ramizqızı
Dönüb arxaya baxa bilməyən insan…
Tarixi saxtalaşdırmaq ən ağır cinayətdir.
(Əvvəli ötən saymızda)
Bəli, S.Murtuzayev heç də söylədiyi kimi alın təri ilə cah-cəlal quran, milyonlarla sərvət toplayan biri olmayıb. Faktsız söhbət açmağı xoşlamadığımdan, Milli Azadlıq Hərəkatının liderlərindən birinin “dahi” kommunist barədə söylədiyini xatırlatmaq istəyirəm; “…Artıq Xalq Cəbhəsinin milyonluq mitinqləri gedirdi. Belə bir ərəfədə mənə zəng gəldi. Zəng edən Şəkidən olan Lütfəli adlı bir şəxs idi. Mənimlə görüşmək istədiyini bildirdi. Görüşdük və o mənə dedi ki, əslində sizinlə Abşeronun birinci katibi Sadıq Murtuzayev görüşmək istəyir. Sadıq Murtuzayevi qiyabi tanıyırdım. Şəkidə də birinci katib işləmişdi. Mən onunla görüşməyə razılıq verdim. Sadıq Murtuzayevin evində baş tutan görüşdə o mənə dedi ki, xalq hərəkatına kömək etmək istəyir. Amma bunu açıq şəkildə etməkdən çəkinir. Vəzifəsini itirməkdən ehtiyat edir…”
Milli Azadlıq Hərəkatının liderlərindən olmuş şəxsin açıqlamasına görə S.Murtuzayevin göstərişi ilə Xalq Cəbhəsinə birinci dəfə 50 min rubl, sonradan isə 70 min qızıl rayom, 10 ədəd qızıl onluq və bir ədəd briliyant komplekt verilib. Həmin zaman üçün bunların nə demək olduğunu, yaşlı nəslin nümayəndələri bilməmiş deyil.
Görünən odur ki, S.Murtuzayevin həyatı, əməlləri, mövqeyi təzadlarla hədsiz zəngin olub. Axı, necə ola bilər ki, “əsər”ində XIX partiya konfransından, XXVII qurultaydan ağızdolusu söhbət açıb, Qorbaçov yenidənqurmasından ilham aldığını qeyd edən “alovlu” kommunist, elə həmin dövrdə SSRİ imperiyasının siyasi kursuna qarşı mübarizəyə qalxmış AXC-yə yardım etsin? Bunlar baş verib və belə siyasətə müəllifliyi də məhz başqalarını kommunist ideallarına xəyanətdə, ikiüzlülükdə suçlayan S.Murtuzayev edib. Səbəbi isə bəllidir, Sadıq müəllim geniş vüsət almış Xalq Hərəkatının qələbə çalacağını üzaqgörənliklə müəyyən edərək, həyatının mənası bildiyi və 30 il ərzində qoruyub, saxlamağa nail olduğu vəzifəsini postkommunist “epoxası”na da ötürməyə çalışıb.
Nələrə inanaq və ya inanmayaq, cənab Sadıq Murtuzayev?!
Hər ötən gün bir tarixdir. Tarixdə isə hər kəsin öz yeri, öz dəsti-xətti, öz xidməti olur. Kiminin az, kiminin isə əsrlərlə yaddaşlara həkk olan xidməti…
Məhz bu səbəbdən də tarixi saxtalaşdırmaq, onu öz çirkin məqsədlərini davam etdirmək naminə qələmə almaq ən ağır cinayət sayılmalıdır. Sadıq müəllim isə gen-bol tarixi təhrif edir, müxtəlif məqamlarda-respublikanın birinci şəxslərinin rəğbətini qazanmaq üçün bir-birindən kəskin fərqlənən cızmaqaralara imza atmaqla gələcək nəsli çaş-baş salmağa girişir. Diqqət yetirək, Heydər Əliyevə nifrətini gizlədə bilməyən Sadıq Murtuzayevin bir başqa xatirələri ilə tanış olduqdan sonra, kimin kim olduğunu müəyyən edib, “ağsaqqalın” hansı xarakterik xüsusiyyətlərə malikliyini birlikdə aşkarlayaq. Bu mənada hörmətli Ağalar İdrisoğlunun S.Murtuzayevə həsr etdiyi “Mümkün olmayanı mümkün eləyən kişi” adlı essesinə diqqət yetirmək yerinə düşərdi. Essenin “ağsaqqal”ın xatirələrinə istinadən hazırlandığı diqqət çəkir.
Essenin müəllifi Sadıq müəllimin 1969-cu ildə adı bir zamanlar dillər əzbəri olmuş, nüfuzlu kommunist rəhbərlərdən sayılan Rüstəm Səfərəliyevlə təsadüfi görüşündən söhbət açır. Təbii ki, “ağsaqqal”dan eşitdiklərini qələmə alıb: “Bir gün, dəqiq tarix yadımda deyil, 1969-cu ilin iyun, ya da iyul ayı idi. Abşeron rayonunda birinci katib işlədiyim vaxt işdən çıxıb, Nərimanov prospekti ilə xidməti maşınımda evə qayıdanda ordakı kolxoz bazarının içərisidə, özünün uca, qəd-qamətli boyu, ağ, gur saçları ilə başqalarından tez seçilən Rüstəm Səfərəliyevi gördüm… Bu vaxt Rüstəm Səfərəliyev əlini cibinə salıb, bir yığın teleqram qəbzini mənə göstərdi. Məlum oldu ki, o, Heydər Əliyevə 17 teleqram göndərib. Lakin Heydər Əlirzaoğlu onu qəbul eləmək istəmir.”
Sadıq müəllimin uzun-uzadı R.Səfərəliyevə necə bir kisə kartof alıb, sürücüsüylə onlara göndərdiyini və digər mənasız epizodları xatırlatması, öz xeyirxahlığını cəmiyyətə təqdim etməkdən savayı heç nəyə hesablanmadığından, həmin məqamları bir daha xatırlatmağa hövsələm çatmadı. Əsas odur ki, “ağsaqqal”ın bəyənmədiyi, “İnsanla, torpaqla üz-üzə” adlanan “əsər”ciyində cəmiyyətə diktator kimi təqdim etməyə çalışdığı Heydər Əliyevdən necə hörmət, diqqət gördüyünə nəzər yetirək: “Rüstəm Səfərəliyevin söhbətləri və o kartof növbəsi epizodu Sadıq Nəbioğluna (müəllif Ağalar İdrisoğlu Sadıq Murtuzayevi belə təqdim edib-L.R) çox pis təsir eləyir. Öz-özünə fikirləşir ki, nəyin bahasına olursa-olsun Rüstəm Səfərəliyevə kömək etmək lazımdır. Və özü də bu məsələni səhərə saxlamaq olmaz. Elə bu gün həll eləməlidi. O, Rüstəm müəllimi yola salandan sonra Mərkəzi Komitəyə Heydər Əliyevin qəbuluna getməyi qərara alır və ora gedir. Söhbətimizin bu yerində Sadıq Nəbioğlu onu da əlavə elədi ki, Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilən ilk vaxtlarında raykom katiblərini qəbul eləyərmiş. Zaman keçdikcə bu vaxt və qəbullar köməkçiləri tərəfindən uzadılmağa başlayır. Sonralar isə raykom katibləri adi bir məsələ üçün günlərlə gözləməli olurmuşlar. Həmin gün Sadıq Nəbioğlu Mərkəzi Komitəyə gəlib, köməkçi Arif Mustafayevə xəbər verir ki, birinci ilə görüşmək istəyir. Köməkçi xəbər çatdıran kimi Heydər Əliyev Sadıq Murtuzayevi qəbul edir. Və belə bir vaxtda gəlməsinə təəccübünü bildirəndə, Sadıq müəllim deyir:”Heydər Əlirzayeviç məni necə katib edirsiniz? Heydər Əliyev bu sualı eşidəndə təəccüblə və sual dolu baxışla ona baxır; əgər yaxşı katib hesab eləməsəydim, yəqin səni də bir çoxları kimi çoxdan işdən çıxarmışdım. Sözünü de-deyə Heydər Əlirzaoğlu onun üzünə baxır. Bu sözdən sonra Sadıq Nəbioğlu, Rüstəm Səfərəliyevə necə rast gəldiyini, onun 17 teleqram qəbzi göstərib dediyi sözləri qeyd edərək, əlavə edir ki, Rüstəm müəllim məndən daha çox işgüzar katib olub… Və söhbətinin sonunda belə deyir; Heydər müəllim indi də sizə daha işgüzar, təşkilatçı, işini yaxşı bilən, adamlarla işləməyi bacaran katib lazımdır…
Bu sözlərdən sonra ulu öndər Heydər Əliyev bir qədər fikrə gedib və sonra deyir; mənim bildiyimə görə Rüstəm Səfərəliyev çox çətin, ipə-sapa gəlməyən, tərs adamdır. Əgər sən zamin olursansa göndərərəm.
Mən əminliklə zamin dururam Heydər Əlirzayeviç-deyə Sadıq Nəbioğlu qətiyyətlə bildirir. Söhbət bununla qurtarır. Heydər Əliyev daxili telefonla Rüstəm Səfərəliyevin şəxsi işinin tələb eləyir və Sadıq Nəbioğlunun yola salır…Təxminən bir saat sonra isə Rüstəm müəllim zəng vurdu ki, onu Göyçay rayonuna birinci katib göndərirlər.”
Düşünürəm ki, bircə bu məqam bəs edir ki, Sadıq Murtuzayev böyük dövlət xadimi Heydər Əliyevi daima xoş xatirələrlə ansın. Axı, ortalıqda kişilik, mərdlik, çörəyi itirməmək kimi məfhumlar var. Birdə ki, özünü ziyalı, ağsaqqal hesab edən kəslər, özlərindən sonraya örnək olmalı, dəyərli, milli mentalitetə uyğun miraslar buraxmağı bacarmalıdır.
Tarix bütün həqiqətləri üzə çıxarır.
S.Murtuzaayev sonradan rəğbət bəslədiyi maymaq Əbdürrəhman Vəzirovdan “inciyibmiş”. Nə etməliydi? Vəzirov artıq Azərbaycandan qaçıb və rəhbərliyə Ayaz Mütəllibov gəlib. Ə.Vəzirov Sadıq müəllimi Ağdamdan Abşeron rayonuna köçürübmüş… Və deyilənə görə “yoldaş” katib həmin yerdəyişmədən narazı qalıbmış. Guya S.Murtuzayev Ağdamdan getməsəydi, həmin rayonu erməni hücumlarından qoruya biləcəkmiş. Təəssüf ki, onun özü və barəsində esselər, oçerklərə imza atanlar böyük bir həqiqəti söyləməkdən çəkiniblər ki, Heydər Əliyev Moskvadakı vəzifəsindən kənarlaşdırılmasaydı, əzəli düşmənlərimiz və onların himayədarları Qarabağ adını çəkməyə belə cəsarət etməzdilər.
Özünü Azərbaycanın kommunist dönəminin ən böyük şəxsiyyəti kimi təqdim etməyə çalışan Sadıq müəllim Heydər Əliyevdən əvvəl respublikaya rəhbərlik etmiş Vəli Axundov və İmam Mustafayevi hörmətlə xatırlasa da, onu vəzifədən vəzifəyə yüksəltmiş, böyük etimad göstərmiş H.Əliyevə antipatiyasını gizləyə bilmir. “İnsanla, torpaqla üz-üzə” adlanan əsərində bunu açıq-aşkar biruzə verir: “…Bəs nə oldu? Həyat həmişə öz ölməz həqiqətləri ilə gözəldir. (“əsər”də rastlaşdığım yeganə epizod, məhz budur-L.R) … “Kimi kimə” prinsipini indi bizim təəssüf və peşmançılıqla xatırladığımız durğunluq dövrünün –bizim respublikamızda isə bunu “haylı-küylü durğunluq” dövrü adlandırsaq daha düz olar,-yeganə “aşkarlığı” idi. Bunu heç kəsdən gizlətmirdilər. Lakin bu cür “aşkarlığın” çox gülünc bir səbəbi də vardı; əslində bu prinsiplə-yəni kadrların yerliçilik, qohumbazlıq, dostluq münasibətlərinə görə seçib yerləşdirməyin səbəbi ürəklərdə yuva salan gizli qorxaqlıq duyğusu idi. Qohumbazlar öz şəxsi ləyaqətlərinə, daxili inamlarına, güclərinə arxayın olmadıqları üçün ümidlərini ancaq öz qohum-əqrəbalarına bağlayır, düşünürdülər ki, dar ayaqda yalnız yerliləri, dostları, qohumları onların harayına çatacaq, yad adamlardan imdad gözləmək düzgün deyil.
Necə bəsit, necə patriarxal mühakimə?! Belə məhdud fikir tərzinin nəticəsi necə olmalıydı? Bunu bilmək üçün “al bayraqlı” beşilliklərin acınacaqlı mənzərəsini xatırlamaq kifayətdir. O illərin bir yarısı səviyyəsiz haray-qışqırıqla, hay-küylə dolu idi, o biri yarısı şan-şöhrət etirazına, orden, ulduz parıltısına bürünmüşdü. Həyat öz real axarından çıxaraq karikaturaya çevrilmişdi. Həqiqətən şan-şöhrət mənbəyi və həyat mənbəyi olan əmək-öz ali mənasından uzaqlaşaraq, gülünc şöhrət manekeninə çevrilmişdi. Bu karikaturaçılıq məxsusi himayədarlıq sayəsində partiya və sovet orqanlarında rəhbər vəzifələrə keçən bəzi savadsız, səviyyəsiz adamların simasında, onların boynuna salınan şöhrət çələnglərində xüsusilə aydın üzə çıxırdı. Döşünə Qızıl Ulduz medalını taxıb qızıl dişlər arasından “qızıl kimi” söyüşlər yağdıran katiblər yetişmişdi. Nə qədər paradoksal görünsə də bu onların yeganə iş üsulu idi. Özgə neyləməliydilər? Hansı daxili mədəniyyəti və ya əxlaqi yetkinliyi ilə adamlara təsir edə bilərdilər?”
Burada sual doğur; Heydər Əliyevin vəzifədən vəzifəyə irəli çəkdiyi Sadıq müəllim və ya onun ulu öndərdən vəzifəyə təyin edilməsi barədə xahiş etdiyi Rüstəm Səfərəliyev H.Əliyevin qohumu, yaxud yerlilərimiydi? S.Murtuzayev özü açıq-aşkar etiraf edib ki, H.Əliyev onu eşidib, cəmi bir saat sonra R.Səfərəliyev Göyçaya birinci katib təyin etmişdi.
Bununla bitmir… S.Murtuzayev yaşına yaraşmayan cılızlığa vararaq iki dəfn mərasimi arasında paralellər aparmağa girişib: “Yerliçilik və qohumluq münasibətlərinin açıq-açığına çox geniş yayıldığı və ya “çiçəkləndiyi” illərdə şahidi olduğum iki dəfn mərasimi yadıma düşür. Birini Bakıda-Fəxri xiyabanda, o birisini Zaqtalada-uca Qafqazın geniş qoynunda görmüşəm. Rəhmətə gedənlərin ikisi qadın idi, hər ikisi Sosialist Əməyi Qəhrəmanı idi. Bakıda fəxri xiyabanda böyük təntənə ilə dəfn edilən qadın Şamama Əsgərova- el içində az tanınsa da, mən onun nəcib əməyini gözdən salmaq istəmirəm. O, yaxşı, namuslu bir həkim-ginekoloq idi. Vəzifə başında heç kəsə fərq qoymadan, öz istedad və qabiliyyətini heç kəsdən əsirgəmədən işləmişdi. Ancaq onun dəfn mərasimi Şamama xanımın bu insani idealının əleyhinə çevrildi. Onu hamıdan fərqlənən bir inasan kimi, xüsusilə dəbdəbəli, nümayişkaranə bir təntənə ilə dəfn etdilər. Bu dəfn mərasiminə gələnlər arasında onun peşəsi ilə bilavasitə bağlı olan, onun əli ilə şəfa tapan sadə əmək adamları çox az idi. Onların da əvəzində bütün şəhərin elitası-partiya və dövlət başçıları, nazirlər, komitə sədrləri, görkəmli elm və mədəniyyət xadimləri iştirak edirdilər.”
Sadıq müəllim nə yazdığının həqiqətən fərqində olmayıb. Adama sual verərlər ki, bu qədər insan çoxluğunda imkan tapıb sorğunu necə keçirmişdin? Necə müəyyən etmişdin ki, dəfnə toplaşanların sırasında Şamama xanımın peşəsiylə bağlı olan insanlar azlıq təşkil edib? Yenə qeyd edirəm, Sadıq müəllim zəmanənin nəbzini tutmağı bacarıb, ustalıqla manevr etməyi bacaranlardandır. Buna qətiyyən şübhə etməyin. “Əsər” Ə.Vəzirovun zamanında yazıldığından H.Əliyevi və onun dünyaya gəldiyi bölgəni aşağılamadan “tovariş” Vəzirovun etimadını qazanmaq mümkün olmazdı. Axı, belə vəziyyətdə də Sadıq müəllim dəfn araşdırmaçısı missiyasını yerinə yetirmək səviyyəsinə enib, özünü gülünc duruma salmamalıydı. Ardına diqqət yetirək və görək “əsər”in müəllifi daha nələrdən yazır: “Bu adamlar Şamama Ələskərovanın dəfninə yığışmamışdılar, hər vasitə ilə mərhumun qohumu Heydər Əliyevin gözünə görünməyə cəhd edirdilər, öz kədərli görkəmləri ilə, bəlkə də yalançı göz yaşları ilə onun diqqətini cəlb etməyə çalışırdılar. Onlar bura yas saxlamaqdan daha çox bir pillə də yuxarı vəzifə tutmaq üçün gəlmişdilər. Bu mərasim dəfn ayinləri pərdəsi dalında gülünc bir tamaşanı xatırladırdı. Qayəsi-daha çox göz yaşı hesabına daha yüksək vəzifə stoluna əyləşmək ehtiraslarını nümayiş etdirmək idi”.
Bəs, görəsən Sadıq müəllim həmin dəfn mərasiminə nə üçün qatılıbmış? Çox güman ki, “əsər”ində öz hisslərini, arzularını bölüşüb. Yəqin ki, vəzifəsinin bir pillə qalxmasını istəyib, həmin dəfn mərasiminə qatılmaqla. Və yaxud “yoldaş” katib yazdığı “əsəri” oxuyarkən, dəfn mərasimi barədə etdiyi yanlışlığı dərk edib “heç hənanın yeridir”-deyə, təəssüf hissi keçiribmi?
S.Murtuzayev Zaqatalada Mina Nəzirovanın dəfnini xatırlamaqla əslində özünü çətin duruma saldığını anlamayıb. Bəli, Sadıq müəllim Zaqatalada və yaxın digər rayonlarda bir çox işlər çevirməyə qadir insandır. Oralarda qurduğu səltənətini söylənilənə görə heç top da dağıda bilməz. Əgər Mina xanımın əməyinə, keçdiyi yola zərrə qədər hörmət bəsləmiş olsaydı, yəqin ki, onun təmtəraqlı dəfnini də təşkil edə bilərdi…
S.Murtuzayevin “əsər”ində Naxçıvanın aşağılanmasını heç bir vəchlə qəbul edə bilmədim
Bəlkə də məni qınayacaqsınız, bu mövzuya toxunduğuma görə. Əlbəttə, ulu öndərin mənim müdafiəmə ehtiyacı olmayıb. Onun saysız-hesabsız tərəfdarı, yaratdığı təşkilatın yüz minlərlə üzvü var. Ulu öndərin üstünə hücum çəkmiş, onu tənqid və bir çox məqamlarda təhqir etmiş şəxslərin səslərinin yüksək kürsülərdən gəldiyindən də xəbərdaram. Bu mövzuya toxunmaqla umacağım mükafat da yox…
Açıq söyləyim ki, S.Murtuzayevin “əsər”ində Naxçıvanın aşağılanmasını heç bir vəchlə qəbul edə bilmədim. Və bu mənada onun ağsaqqallığını inkar etməli oldum. Özünü ağsaqqal, ziyalı hesab edən kəs, kimlərəsə xoş gəlmək naminə düşmənlərimizin məkrli siyasəti nəticəsində ana Vətəndən ayrı salınmış, bu səbəbdən də ürəyi daima nisgilli olan Naxçıvana həqarətlə yanaşmazdı. Belə olmasaydı, yaşına hörmət bəsləyərək, aldığım tərbiyəyə rəğmən ona cavab verməyə qalxmazdım. İndi isə hörmətli oxucu, Sadıq müəllimin məlum “əsər”inə bir daha nəzər salıb, incə məqamları tutmağa çalışaq: “… Belə səfərlərdən biri və ən çox yadda qalanı Naxçıvan səfərimdir, bu barədə müfəssəl danışmaq istəyirəm… Mən də on gün müddətinə Muxtar Respublikanın bir sıra mühüm kənd təsərrüfatı obyektlərində olmalı, adamlarla görüşməli və nümunəvi bir iclasa hazırlıq görməli idim. Məşhur Nehrəm kəndinə xüsusi diqqət yetirmək barədə ayrıca göstəriş almışdım. Mən özüm də o kəndlə-böyük Mirzə Cəlilin ürəkağrısı ilə Danabaş kəndi adlandırdığı bir məkanla təbii ki, çox maraqlanırdım. Xəyalımda onun kitablarında gördüyüm mənzərəsi qalsa da, yol uzunu düşünürdüm ki, mən yeni Nehrəm kəndinə gedirəm, yəqin ki, orada Cəlil Məmmədquluzadənin Danabaş kəndindən əsər-əlamət qalmayıb.
Ancaq mən səhv edirdim. Naxçıvan torpağına qədəm basdığım ilk dəqiqələrdən hiss etdim ki, dərin ziddiyyətlərlə dolu bir aləmlə üz-üzə gəlmişəm. Mirzə Cəlilin qələmindən çıxan Danabaş kəndi ilə bugünkü real Nehrəm kəndi arasında elə böyük bir fərq yox idi. Həyat səviyyəsi olduqca aşağı idi, yaşamaq uğrunda mübarizənin ən bəsit və çirkin üsulları, bir-birindən donos yazmaq, imzasız məktublar, mənasız-məqsədsiz şikayətlər, ah-nalə bütün idarə və müəssisələri, kolxozları, məktəbləri başına götürmüşdü. Dərd budur ki, bu köhnəlik, gerilik vərdişləri əhalinin bütün təbəqələrinə, hətta bəzi rəhbər partiya və sovet işçilərinə də sirayət etmişdi. Hara getsəm, kiminlə söhbət eləsəm beyinləri kütləşdirən dini ehkamların daş divarına söykənirdim.”
“Əsər”ində demək olar ki, Azərbaycanın bütün bölgələrinə səyahət edib, xoş münasibət bildirən “şanlı” kommunist birdən-birə çərxi-fələk kimi fırlanaraq, Naxçıvan barəsində həqiqətə uymayan mülahizələr yürütməyə girişir.
Əvvəla, özünü hərşeyşünas kimi təqdim edən başabəla kommunist bilməliydi ki, Danabaş kəndinin Nehrəmlə heç bir əlaqəsi olmayıb. Bu, dahi Mirzə Cəlilin o dövr üçün tipik Azərbaycan kəndlərinə ümumiləşdirilmiş bir baxışıdır. İkincisi, Naxçıvanda həyat səviyyəsinin aşağı olması naxçıvanlıların deyil, əsərində tərifinə dastan qoşduğun, əslində isə terrorçu olduğu Sadıq müəllimdən savayı kimsədə şübhə doğurmayan Leninin qurduğu kommunist rejimi daha çox günahkar deyildi?
Naxçıvanın məğrur, döyüşkən, düşmən qarşısında geri çəkilməyən bir bölgə olduğunu xatırlatmaq istəməyən “ağsaqqal”, nədənsə bölgəyə iftiralar yağdırıb, buranı ancaq donosbazlar məkanı, savadsızlar yurdu kimi təqdim etməyə çalışır. Az qala Azərbaycana rəhbərlik etmək iddiasında bulunan S.Murtuzayev Nehrəm kəndindən onlarla məşhur alimin, yüzlərlə tanınmış həkimin, mühəndisin çıxdığı barədə elementar bilgisizliyini nümayiş etdirmir. Heç olmasa böyük adlandırdığı Mirzə Cəlilə hörmət edəydi… Etməzdi təbii ki… Çünki Naxçıvana nifrət bəslədiyini Vəzirov kimi maymaqlara sübut etmək üçün, içindəki kini, nifrəti ortaya qoymaq naminə bütün iyrəncliklərə əl atmalıydı. Sübut? Uzağa getmək lazım gəlmir, zamanın nəbzini tutmaq istəyilə yazılmış “əsər”ə bir daha diqqət yetirmək kifayət edər: ”Şüurlarda, fikirlərdə tərəqqi və həyat işığının nişanələrini görmək mümkün deyildi. Həsrətində olduğum Nehrəm kəndində isə qeyri-adi bir aləmlə-fanatik eybəcərliklə üz-üzə gəldim. (Sadıq müəllimə xatırlatmaq istərdim ki, Nehrəmdə və ümumən Naxçıvanda din-iman görmək mümkün olsa da, bəzi bölgələrdəki kimi islamı iyrənc formalarda nümayiş etdirmək isstəyən vəhabilik kimi təriqətlərə rast gəlmək olmaz-L.R). İkinci detal; hələ kəndə çatmamış əkin sahələrində işləyən bir neçə qadın görüb onların yanına getdim. Vilayət Partiya komitəsinin katibi S.Əliyeva da mənimlə idi. Sahədə qadınlar bizi çox mehribanlıqla və hətta nəzakətlə qarşıladılar. Ayaq üstə bir xeyli söhbət etdik…Birdən nə oldusa qadınlardan biri; “kişi gəlir!”-deyə, qıy çəkdi və hamı qırğı görən toyuq-cücə kimi kol-kosların arasına səpələndi. Mən doğrusu, heç nə anlamadım, təəccüblə Əliyevanın üzünə baxdım ki, bu nə işdir? Katib sahənin bu tərəfindən tələsik addımlarla bizə tərəf gələn bir kişini göstərərək; Briqadirdir gələn,-dedi. Ona görə də bu arvadlar gizlənirlər.
Məni gülmək tutdu: başa düşmürəm,-dedim-onlar niyə məhz briqadirlərdən gizlənirlər? Yoxsa məni kişi hesab eləmirlər? Bu yerin adəti belədir, yad kişidən gizlənməzlər, elə ki, öz kişilərini gördülər hərə bir kolun dibinə cumar”.
S.Murtuzayevin nəyə işarə vurduğunu, kinayəsini dərk etməmək üçün gərək ya özünü dəliliyə vurasan, yada ki, bilməzdən gəlib, üstünü açmayasan. Bu isə çox çətindir. Söhbət alimləri, şair və yazıçıları, bir sözlə dahiləri ilə məşhur olan bir bölgədən gedir axı… S.Murtuzayevin məntiqini qəbul etsək, onda dahi Hüseyn Cavidin, Mirzə Cəlilin, M.S.Ordubadinin, on illərlə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik etmiş görkəmli akademiklər Yusif Məmmədəliyev və Həsən Abdullayevin Naxçıvan torpağının yetirmələri olduğuna şübhə ilə yanaşaq.
Məqsədiniz nə olub, cənab Murtuzayev?
“Əsər”i oxuduqca Sadıq müəllimi bağışlamaq olmur. Düşünürəm ki, bəzi məqamları öz başına gələnlərə uyğunlaşdırıb yazıb. Yoxsa adam bir neçə gün qalmaqla Naxçıvanı, guya orada baş verənləri “təsvir” edə bilməzdi… İnsan olduğunu düşünən bəndə əlinə qələm almazdan öncə düşünüb-daşınmalı, bunları yazmaq olar, ya yox? –deyə öz-özlüyündə həmin suala cavab tapmalıdır. Axı, kitab qəzet deyil, bir-iki gün oxunsun, müzakirə edilsin, yeni sayındakı xəbər isə öndəki hər şeyi unutdursun.Kitab illərlə və yüz illərlə qalır. Əldən ələ keçir. Şübhə yoxdur ki, Sadıq müəllimin yazdığı “əsəri” oxuyub, uydurduğu cəfəngiyatlara inansalar, naxçıvanlılar barədə yanlış mövqedə olacaqlar.
S.Murtuzayevin “İnsanla, torpaqla üz-üzə” adlanan əsəri əslində ayır-buyur siyasətinə xidmət göstərir. Yəni çoxda böyük olmayan ölkəmizi bölmək, parçalamaq istəyən düşmənlərimizin arzularını ifadə edir. Həmin düşmənlərin ki, illərdir Naxçıvanı ələ keçirmək üçün planlar qurur, davamlı olaraq həmin planı həyata keçirmək istəyi ilə təbliğat aparmaqdadırlar. Planın tərkibinə ilkin olaraq naxçıvanlıların gözdən salınması, təklənməsi daxildir. Elə S.Murtuzayev də bunu edir. Kimin sifarişiylə? “Əsər”in bəzi məqamlarına diqqət yetirdikcə özünüzün həmin suala cavab tapacağınızı düşünürəm. Səbrli olsanız, Sadıq müəllimin ağsaqqal yaşında hansı iyrəncliklərə imza atdığıyla tanış olacaqsınız. Nə bilək, bəlkə qələmi onun əlinə düşmənlərimiz verib? Düşünürəm ki, belə olmasaydı, özünə hörmət bəsləyən kəs, Vətən saydığı ölkənin vətəndaşlarını bu ölçüdə aşağılamazdı. Burnu daima Naxçıvanda ovxalanmış əzəli düşmənlərimizi sevindirməyə çalışmazdı. Bunları yazmazdılar, Sadıq müəllim! Yazmısınızsa bizə də oxuyub, cavab yazmaq düşər.
S.Murtuzayev naxçıvanlıların geri qalmışlıqlarından yazdıqdan sonra, görün, daha nələrdən söhbət açır: “Naxçıvanda qaldığım günlərin hər biri belə gözlənilməz, xoşagəlməz əhvalatlarla, söz-söhbətlə başa çatırdı. Hər gün mənə MK-nın ünvanına yazılmış yüzlərlə, bəlkə də daha çox məktub, teleqram verirdilər. Oxuyub çatdıra bilmirdim. Şikayətçilərin çoxu iş, vəzifə istəyənlər idi. Hamının da bircə arqumenti vardı; ailəsini dolandıra bilmir. Bu cür ərizə və şikayətləri başa düşmək olardı. Lakin atanın oğuldan oğulun atadan, qardaşın qardaşdan şikayət etməsinə, dostun dosta xəyanətinə, qonşunun qonşuya paxıllğına nə ad verəsən?
Mən hətta insanlıq simasını itirmiş bir adamın namuslu və təmiz bir partiya işçisini ləkələmək üçün necə alçaq əməllərə əl atdığını eşidib sarsıldım.Bu olan əhvalatdır.
Naxçıvanda rəhbər işdə çalışan bir partiya işçisi öz yaxın adamlarından, bəlkə də köhnə dostlarından birinin xahişinə əməl edə bilmir. Bundan rəncidə olan “dostu” ondan intiqam almaq qərarına gəlir. Və düşünür ki, bu işdə onun ən yaxın köməkçisi öz arvadı ola bilər. Yəni arvadını da öz çirkin əməlinə qoşur. Günlərin bir günü şəhər partiya komitəsinə belə bir ərizə daxil olur: “Mən filankəs oğlu filankəs bu günlərdə üç-dörd günlüyə Bakıya ezamiyyətə getməli idim. Çamadanımı götürüb, arvadımla vidalaşıb evdən çıxandan xeyli sonra fikrimi dəyişdim. Axşam, qaş qaralanda evə qayıtdım. Gördüm evin qapısı daldan bağlıdır. Döydüm, açan olmadı, arvadımı səslədim, cavab vermədi. Əlacsız qalıb geri döndüm, bir dəli şeytan mənə dedi ki, keç evin dalına. Elə onda eşitdim ki, yataq otağının həyətə açılan pəncərəsi cırıldayır. Özümü ora yetirdim. Bu dəmdə kim isə özünü atdı üstümə. Kim olsa yaxşıdır? Sizin çox hörmətli işçiniz filankəs oğlu filankəs. Mənim köhnə dostum… Əxlaq və məişət pozğunu, qadın düşgünü… İndi siz mənim vəziyyətimi təsəvvür edirsinizmi? Arvadımı zorla, pulla yoldan çıxaran o vicdansız, mənim ailə həyatımı pozmaq istəyir…”
İndi gördünüzmü, nə üçün ağsaqqal sözü Sadıq müəllimə aid edildikdə, dırnaq işarəsi altına salmışdım. Başqa cür yazsaydım özümü ömürlük bağışlaya bilməzdim.
Onun özünün bağışlanması üçün mütləq tövbə etməsi lazım… Ömrünü “kommunist” kimi yaşayıb, “əsər”ində dinə-imana ironik yanaşsa da, Uca Tanrı tövbə qapısını hər kəsin üzünə açıq edib. Yaxşı olar ki, qoca Naxçıvana-Şərqin qapısına bir daha səyahət edib, Vüqarlı, alınmaz Əlincə qalasına tamaşa etdikdən sonra, müqəddəs Əshabi-Kəhf ocağında tövbə etsin.
Hələ gec deyil ha!..