Elmar Vəliyevin bazarı bağlandı –Sabiq başçı qaynanasının yas mərasiminə gəlib

0
9
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı bəzi yeni məlumatlar var.

Modern.az-ın əldə etdiyi məlumata görə, E.Vəliyev oktyabrın 31-də dünyasını dəyişən qayınanasının Yevlaxda keçirilən yas mərasimində iştirak etdikdən sonra Gəncəyə gedib. Məlumatda bildirilir ki, Elmar Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamlar aparır. Ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır.

Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində “mərkəzi kolxoz bazarı” kimi tanınan “Gəncə bazarı”nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.

Məqsəd E.Vəliyevin Gəncədəki “Grand Qafqaz” ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.

Daha bir yeniliyə görə, yeni başçı Niyazi Səfərov vətəndaş məmnunluğunu nəzərə alaraq, sələfi Elmar Vəliyevin ənənələrinin aradan qaldırılmasına, “Gəncə bazarı”nın normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb. Gəncə sakinlərinin bu yenilikləri böyük razılıqla qarşıladığı vurğulanır.

2018-ci il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi. Onları güllələyən Gəncə sakini Yunis Səfərov hazırda həbsdədir.

E.Vəliyev Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.