Nazirlikdən şəhid ailələrinə veriləcək kompensasiya ilə bağlı açıqlama:”İlin sonuna qədər ödəmələrə başlanacaq”

0
6
“Bu günə olan məlumata əsasən, artıq şəhid hərbi qulluqçulardan 96 faizinin vərəsələri bu ödəməni almaq hüququna malik olduqlarını öyrənib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytındakı (http://www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində vətəndaşlar tərəfindən sorğu-axtarış prosesinin davam etdiyini nəzərə alsaq, bu göstərici qarşıdakı günlərdə daha da artacaq”.

Strateq.az bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbli deyib. O bildirib ki, şəhidlərimizin ruhu hər birimiz üçün müqəddəs, uca, əzizdir və ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin davamı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işlərinin də layiqli səviyyədə, tam şəffaf şəraitdə yerinə yetirilməsi üçün nazirlik bütün lazımi tədbirləri görüb və görməkdə davam edir: “Bu ilin sonuna qədər birdəfəlik ödəmələrin də verilməsinə başlanacaq və gələn il ərzində ödəniş prosesi tam yekunlaşacaq”.